CHP-dəki daxili qarşıdurma yeni mərhələyə keçib. Partiyanın Qrup sədri Özgür Özəl ilk dəfə açıqlayıb ki, keçmiş CHP sədri Kamal Kılıçdaroğlu həbsdə olan Ekrəm İmamoğlu ilə görüşündə ona partiya rəhbərliyi təklif edib.
Sherg.az xəbər verir ki, TBMM-də jurnalistlərlə görüşən Özgür Özəl bildirib ki, İmamoğluna dəfələrlə “birlikdə hərəkət etmək”, onu isə kənarda saxlamaq təklif olunub:
“Ekrəm bəyə dəfələrlə deyiblər ki, birlikdə olaq, Özgür bəyi kənarlaşdıraq. Hətta həbsdə olduğu vaxt ona CHP sədrliyi təklif edilib”.
Özəl həmçinin CHP-də fövqəladə qurultay tələbi ilə bağlı artıq 804 imzanın toplandığını, bu sayın 900-1000-ə çatdığını bildirib. Onun sözlərinə görə, partiyada dəyişiklik tələbi güclənməkdə davam edir.
Yeni partiya yaradılması ilə bağlı iddialara da münasibət bildirən CHP rəsmisi qeyd edib ki, belə bir ssenari ən pis ehtimal kimi nəzərdən keçirilsə də, əsas məqsəd CHP-ni tərk etmək deyil:
“Biz CHP-ni qoyub başqa partiyaya keçmək niyyətində deyilik. Mübarizəmizi partiyanın daxilində aparacağıq”.
Özgür Özəl həmçinin CHP daxilindəki narazılığın daha da artdığını vurğulayaraq, cəmiyyətdə və partiya elektoratında əvvəlki dövrlə müqayisədə “on dəfə artıq qəzəb” müşahidə etdiyini bildirib.
Açıqlamalar CHP-də liderlik uğrunda mübarizənin daha da sərtləşdiyini və partiya daxilində siyasi böhranın dərinləşdiyini göstərir. Bu iddialar Türkiyə siyasətində yaxın günlərdə yeni müzakirələrin başlanmasına səbəb ola bilər.