“Ermənistan hakimiyyətinin yürütdüyü hazırkı siyasət ağır nəticələrə gətirib çıxaracaq”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.
O hesab edir ki, Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük naminə Avrasiya İqtisadi Birliyindən (AİB) çıxması iqtisadi baxımdan itkilərə səbəb olacaq.
Volodin qeyd edib ki, Aİ vaxtilə Ukraynada olduğu kimi, Ermənistana da iqtisadi artım vəd edir. Amma onun sözlərinə görə, Ukrayna məhsulları rəqabətədavamlı olmadığı üçün heç vaxt Aİ bazarlarına buraxılmayıb:
“Makron gəldi, Paşinyanla qucaqlaşdı. Onda buyurun, müqavilə bağlayın, şərabınızı Fransaya ixrac edin. Yox, artıq onların konyakı da “brendi” adlanır, çünki fransızlar dedilər ki, bu, konyak yox, brendidir. Ukraynada olduğu kimi onlar da öz kimliklərini itirəcəklər. Bu, təəssüf doğurur. Ermənistanın liderləri ölkəni uçuruma aparırlar”.
Spiker iddia edib ki, Rusiya Ermənistanla dürüst, açıq münasibətlər və qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır.