Paşinyan erməni cəmiyyətini Qarabağ həqiqətlərinə hazırlayır - ŞƏRH

"Baş nazir revanşist qüvvələrin hakimiyyətə gələcəyi halda ölkənin yenidən müharibə riski ilə üz-üzə qala biləcəyini qabardır"

Ermənistanın Baş naziri Nikol Paşinyan Geqarkunik bölgəsinin Tsovak icmasında çıxışı zamanı keçmişdə səsləndirdiyi “Qarabağ Ermənistanındır və nöqtə” bəyanatına münasibət bildirib.

Paşinyan bildirib ki, bu fikri əvvəlki dövrlərdə müəyyən ideoloji təsirlər və uzun illər formalaşmış yanaşmalar fonunda səsləndirib: “Ermənistanın gələcək nəsillərə müharibə deyil, sülh ötürməsi əsas prioritet olmalıdır. Əgər Qarabağ münaqişəsi əvvəlki kimi davam etsəydi, bu, ölkəni ardıcıl müharibələrə və itkilərə aparacaqdı, nəticədə isə dövlətçiliyə ciddi təhlükə yarana bilərdi. Hazırkı siyasət Ermənistanı davamlı münaqişə riskindən uzaqlaşdırıb və bu addımı ölkənin gələcəyi üçün mühüm dönüş nöqtəsidir”.

Siyasi şərhçi Azad Məsiyev Sherg.az-a açıqlamasında bildirib ki, Nikol Paşinyanın ritorikasında baş verən dəyişiklik təsadüfi deyil və bu, regionda yaranmış yeni reallıqlarla birbaşa bağlıdır. Onun sözlərinə görə, Paşinyan hakimiyyətə ilk gəldiyi dövrdə erməni cəmiyyətinə “Qarabağ Ermənistandır və nöqtə” mesajı verir, Şuşada nümayişkaranə şəkildə çıxış edir, yallı gedirdi: “Ermənistanın hərbi-siyasi elitası isə müharibə olacağı təqdirdə yeni ərazilər əldə edəcəklərini, hətta bir az da irəli gedərək Bakıda çay içəcəklərini iddia edirdi. Lakin 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsi fonunda regionda formalaşan yeni siyasi-hərbi vəziyyət və dəmir yumruq Paşinyan hakimiyyətini reallığı qəbul etməyə məcbur etdi. Bundan sonra Ermənistan rəhbərliyi əvvəlki sərt və revanşist ritorikadan tədricən uzaqlaşmağa başladı”.

A,Məsiyev qeyd edib ki, Paşinyanın əsas siyasi xətti Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq və Qərbə inteqrasiya etdirməkdir. Onun fikrincə, Paşinyanı hakimiyyətə gətirən Qərb dairələrinin onun qarşısına qoyduğu əsas vəzifələrdən biri də məhz Rusiyanın Ermənistandakı təsir imkanlarını zəiflətmək olub. Bu səbəbdən İrəvan paralel şəkildə həm Moskvanın təsirindən uzaqlaşmağa, həm də qonşularla münasibətləri normallaşdırmağa çalışır:

“Ermənistan Avropa ilə yaxınlaşmaq, iqtisadi və siyasi inteqrasiyanı dərinləşdirmək istəyirsə, Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa etmədən bunu həyata keçirə bilməz. Xüsusilə Türkiyə sərhədlərinin açılması və Azərbaycanla sülh sazişinin imzalanması Ermənistan üçün strateji əhəmiyyət daşıyır. Lakin hələ də Ermənistan cəmiyyətində böyük əksəriyyət Azərbaycanı düşmən gözündə görür. Türkiyə və Azərbaycanı təhlükə mənbəyi hesab edir. Paşinyan da cəmiyyəti bu istiqamətdə hazırlamağa çalışır və revanşist qüvvələrin hakimiyyətə gələcəyi halda ölkənin yenidən müharibə riski ilə üz-üzə qala biləcəyini qabardır. Bilirsiniz ki, Ermənistanın Azərbaycanla tam sülhə getməsi üçün əsas maneələrdən biri də ölkə Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalmasıdır. Bu məsələnin həlli üçün referendum keçirilməli, Müstəqillik Bəyannaməsinə istinad edən müddəalar dəyişdirilməlidir. Paşinyan hakimiyyəti daxilində və cəmiyyətdə ciddi müqavimətlə üzləşsə də, sülhə yönəlik açıqlamalar verməklə ictimai rəyi tədricən dəyişməyə və öz siyasi kursuna dəstək formalaşdırmağa çalışır”.

Qalereya