Mübariz Tağıyev: “Efirdə ağlaşma qurub yas mahnısı səsləndirmək bizə heç nə verməz”
Bir neçə gün kanallarımızda demək olar ki, yalnız vətənpərvərlik mövzusunda olan musiqilər, müharibə əhval-ruhiyyəli verilişlər, filmlər təqdim olunur.
Elə son günlər cəbhədəki vəziyyətlə bağlı sənətçilər də fikirlərini, statuslarını paylaşırlar. Xalq artisti Mübariz Tağıyevlə də söhbət zamanı məhz bu gün təmas xəttində yaşananlardan, efirlərdə müharibə ruhunun nə dərəcədə təbliğ olunmasından danışdıq: "Təmas xəttində yaşananlardan danışanda bəzən nə demək lazım olduğunu söyləmək çətindi. Çünki təmas xəttində yaşananlar, şəhid itkilərimiz bizim ağımızdır, dərdimizdir. Digər tərəfdən uğurlarımız var. Biz o günlər nə qədər göz yaşı töksək də, həm də unutmaq lazım deyil ki, biz qələbə hissi yaşadıq. Qaldı sənət adamlarının cəbhə bölgələrinə üz tutmasına, əsgərlər qarşısında çıxışlarına, bu məsələyə də iki prizmadan yanaşmaq olar. Bəziləri deyə bilər ki, şəhid vermişik, oynamaq bizə yaraşmaz. Amma yenə deyirəm, unutmayaq ki, torpaq uğrunda şəhid olanlarla fəxr etmək lazımdı. Bu günlər biz düşmənə Azərbaycan ordusunun gücünü, qüdrətini göstərdik. Onlar Azərbaycan ordusunun nə qədər güclü, nizamlı bir ordu olduğunu sübut etdi. Bilirsiz, bu müharibə bir gün bitməlidir. Bu,
hər kəsə bəllidir. Hələki səbr edib, gözləyiriksə, bu o demək deyil ki, o torpaqlardan əl çəkmişik. Müharibə qaçılmazdır. Bu torpaq uğrunda ölənlər olubsa, bu torpaqlar müharibə ilə də geri alınacaq. Azərbaycan ordusu düşmənləri torpaqlarımızdan çıxarmağa da qadirdi. Bu günlərdə düşmənlərimiz də gördülər. Ona görə də cəbhədə olan əsgərlərimizə mənəvi dəstəyimizi əsirgəməməliyik. Onlarda ruh yüksəkliyi yaratmaq üçün əsgərlərin qarşısında sənətçilərin çıxışını da tənqid etmək məncə düzgün deyil. Demək bəlkə yaxşı çıxmır, amma deyib həm də digərlərinə örnək olsun deyə söyləmək istərəm ki, mən də tez-tez cəbhə bölgələrində əsgərlərin görüşündə oluram. Sadəcə, müharibə şəraitində olduğumuz üçün istənilən insan istədiyi məqamda təmas xəttinə gedə bilməz, getməməlidir. Bunun üçün lazımi orqanlardan icazə, razılıq alınmalıdır. Düşünürəm ki, əsgərlərimizə baş çəkməyə gedən sənətçilərimiz də çox güman ki, lazımi orqanlarla məsləhətləşərək ora yollanıblar. Amma onlar əsgərlə qol qaldırıb oynayırlarsa, bunu tənqid etmək düzgün deyil. Əksinə, Azərbaycan əsgərinə dəstək olublar. Bunu hər bir sənətçi etməyə borcludur. Biz də bir neçə sənətçi İctimai Televiziyanın və Azərbaycan Dövlət Televiziyasının xətti ilə cəbhə bölgələrinə bu günlərdə getməyə hazırlaşırıq. Şəhid versək də, başımız dik olmalıdır, biz ağlayaraq düşməni sevindirməməliyik. Efirdə də səhərdən axşama qədər ancaq vətənpərvərlik mahnıları, verilişləri səsləndirmək də düzgün deyil. Televiziya üzərinə düşən məlumatı da verir, lazımi qədər vətənpərvərlik mövzusuna da toxunulur. Efirdə ağlaşma qurub yas mahnısı səsləndirmək bizə heç nə verməz. Bu, çıxış yolu deyil. Biz qələbə ruhunda olmalıyıq. Gülməyi də, sevinməyi də bacarmalıyıq. Düşmən onu bilsin ki, biz qısa müddətdə torpaqlarımızı geri alacağıq. Buna əmin olsunlar. Qarabağda, Şuşada, Gəlbəcərdə, Laçında Azərbaycan bayrağı yenidən dalğalanacaq”.
Tahirə