Biz susduqca güclənmişik...

Son hadisələr həmsədrləri qəflət yuxusundan oyada bilər



ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik, İqor Popov və Pyer Andryun regiona növbəti səfərlərini həyata keçirirlər. Aprelin 6-da Azərbaycanda görüşlər keçirən həmsədrlər ayın 9-da Ermənistanda səfərdə olacaqlar. Bir sıra ekspertlərin fikrincə, cəbhədə yaşanan qısamüddətli müharibədən və Azərbaycan Ordusunun uğurlarından sonra vasitəçilərin budəfəki gəlişi əvvəlkilərdən nisbətən fərqli olacaq.

Təbii ki, bunun əksini düşünən ictimaiyyət nümayəndələri də var. Onlar isə hesab edirlər ki, baş verən olaylara baxmayaraq, həmsədrlərin mövqeyində hansısa müsbət dəyişiklik gözlənilmir. Yəni vasitəçilərin bölgəyə səfəri ilə bağlı münasibətlər birmənalı deyil. Millət vəkili Çingiz Qənizadə həmsədrlərin regiona səfərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə təsiri ilə bağlı fikirlərini bildirərkən deyib ki, biz həmsədrləri qəflət yuxusundan oyada bilərik: "Azərbaycan ordusu öz gücünü nümayiş etdirməklə onlara başa saldı ki, siz susduqca, biz güclənmişik. Aprelin 1-dən ötən günə qədər cəbhədə baş verənlərdə Ermənistanla yanaşı, ATƏT-in Minsk Qrupunun da günahı var. 20 ildən artıqdır ki, ATƏT-in Minsk Qrupunun yarıtmaz fəaliyyəti nəticəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi uzanır. Onlar status-kvonu saxlamaqla işğalçı tərəfə yardım etmiş olurlar. Bu baxımdan hesab edirəm ki, istər Azərbaycan, istərsə də düşmən ölkə tərəfindən həlak olan əsgər analarının ah-naləsinin bir hissəsi ATƏT-in Minsk Qrupunun həmsədrlərinə yönəlib”. Ç.Qənizadə söyləyib ki, həmsədrlərin budəfəki səfəri digərlərindən fərqli olmalıdır: "Hazırda həmsədrlər dünya ictimaiyyəti tərəfindən baş verən hadisələrə münasibətin təsiri altındadır. Fransa, Almaniya, Böyük Britaniyadan olan diplomatlar, konqresmenlər, bir neçə beynəlxalq təşkilat, eləcə də AŞ PA prezidenti tərəfindən kəskin bəyanatlar verilib. Bu baxımdan düşünürəm ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan torpaqlarının işğaldan azad olunması və Qarabağ ətrafı rayonların qaytarılması prosesini sürətləndirməlidir. Ondan sonra Azərbaycan Prezidentinin də söylədiyi kimi, Dağlıq Qarabağda ermənilərə veriləcək statusla bağlı danışıqların aparılmasına yönələn addımlar atılacaq. Belə olmasa, müharibə qaçılmazdır”. YAP Siyasi Şurasının üzvü, deputat Məlahət İbrahimqızı da düşünür ki, həmsədrlər regiona turist səfərləri etməyə son qoymalıdır: "Ermənilər tarix boyu xalqımıza qarşı məkrli məqsədlər, təxribatlar həyata keçirib. Onlar bu təxribatlarını yenə də davam etdirirlər. Amma belə təxribatların heç bir nəticəsi olmayacaq, çünki onun adekvat cavabı veriləcək. Son günlər cəbhə xəttində baş verən hadisələr ordumuzun rəşadətini nümayiş etdirdi. Prezident İlham Əliyevin siyasəti nəticəsində formalaşan güclü ordumuzun qarşısında düşmən aciz qaldı. Bu, erməni tərəfinə dərs olmalıdır. Ermənistan hakimiyyəti başa düşməlidir ki, təxribatlar yolu ilə status-kvonu uzatmamalıdır. Eyni zamanda, ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona turist səfərləri etməyə son qoymalı, münaqişənin ədalətli həlli üçün əməli addımlar atmalıdır. Onlar çox yaxşı bilirlər ki, Azərbaycanın torpaqları işğal olunub, bir milyondan çox insan öz torpağından didərgin düşüb. Beynəlxalq hüquq bizim tərəfimizdədir və bu münaqişə də beynəlxalq hüquq əsasında həll olunmalıdır. Əks halda, ordumuz, qəhrəman əsgərlərimiz torpaqlarımızı işğaldan azad edəcək”.

İsmayıl