"15 ildən çoxdur ki, leş ətlərlə bağlı mübarizə aparırıq"
Sosiska və kolbasaların tərkibi hər zaman cəmiyyətdə müzakirə predmeti olub. Şübhələrə səbəb isə onların ətdən və toyuqdan ucuz qiymətə satılmasıdır. Mütəxəssislər də hər zaman iddia edirlər ki, sosiska və kolbasalar hazırlanarkən onun tərkibinə təmiz ətdən başqa nə desən vurulur. Ölmüş heyvan əti, karton, quş peyini, qığırdaq, toyuq dərisi və s.-dən hazırlanan kolbasa və sosiskalar isə bazarda "bişmiş toyuq sosiskası”, "təmiz mal əti” və s. adlarla satılır.
Qeyd edək ki, son bir neçə gündə problem yenidən aktuallaşıb. Bakının bazar və dükanlarında leş ətlərin satılması və onlardan hazırlanan kolbasa məhsullarının əhaliyə satılması ilə bağlı məsələ diqqət mərkəzindədir.
Leş ətlərdən istifadə edən şirkətlərdən biri olaraq isə "1000 bərəkət, halal nemət” adı ilə satılan məhsulları istehsal edən "Səhliyalı” şirkətinin adı daha çox hallanır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə "Səhliyalı” şirkətinin leş ətdən istifadəsinin inandırıcı olmadığını deyib: "Beynəlxalq təşkilatların dəstəyilə Azad İstehlakçılar Birliyi həmin şirkətdə müəyyən iş aparıb və qida təhlükəsizliyi sistemi yaradıb. Onlar əti Hindistandan alırlar, ona görə kolbasaların qiyməti Azərbaycan bazarında ətdən ucuz başa gəlir”.
Leş ətlərlə bağlı 15 ildən yuxarıdır ki, mübarizə aparıldığını bildirən E.Hüseynov deyib ki, kolbasalarda leş ətlərdən istifadə edənlərin bizdə əlaqə telefonları və leşi hara gətirdikləri ilə bağlı ünvan var: "Biz bununla bağlı dövlət orqanlarına məlumat vermişik. Məsələyə ilk münasibət Daxili İşlər Nazirliyindən gəlib. Deyiblər ki, biz yalnız təhlükəsizliyi qoruya bilərik. Mən istəyirəm ki, dövlət orqanları bu cinayəti ifşa etsinlər. Lakin bu vaxta kimi mümkün olmayıb. Son zamanlar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bu məsələ ilə bağlı yaxşı işlər görür. Təəccüblüdür ki, dövlət orqanlarının nümayəndələri rayonlarda bu işi görür, lakin bələdiyyələr və yerli icra nümayəndələri leş alverinə göz yumur. Hamı bilir ki, leş alveri insanların gözü qarşısında baş verir”.
Ekspert leş ətlərin insan orqanizmi üçün ciddi təhlükə yarada biləcəyini vurğulayıb: "Leş ət ölmüş heyvan ətidir. Özü də həmin heyvanlar çox vaxt xəstəlikdən ölürlər. Onlar xəstəlik, mikrob daşıyıcılarıdır. İnsan ən təhlükəli xəstəliklərə o leş ətlərdən yoluxa bilər. Mədə-bağırsaq, sağalmaz və əlacı olmayan viruslar o ətlərdən yoluxur. "Sağlam yaşamaq istəyirsinizsə, mənşəyi bilinməyən məhsullardan uzaq olun”.
E.Hüseynov leş əti alveri ilə məşğul olanlara qarşı dəfələrlə cinayət işinin qaldırıldığını deyib: "Lakin onun sifarişçisi müəyyən olunmayıb. Məqsədimiz onları ifşa etməkdir. Deməli tələb var ki, sifariş olunur da”.
Şəymən