Bizim evimizi ayaqüstü yeməklər yıxır

Bakı kimi tozlu, küləkli şəhərdə küçə ticarəti qadağan olunmalıdır



Yol kənarlarında, küçələrdə pirojki, smit, bulka və sair bu qəbildən olan məhsulların satışı ilə bağlı qadağaların olmasına rəğmən belə məhsulları küçədə gigiyenik tələblərə cavab verməyən şəkildə satanlara rast gəlmək mümkündür. Küçə tacirləri paytaxtın müxtəlif küçə və meydanlarında, bazarların ətrafında, avtobus dayanacaqlarında hələ də bu məhsulların satışını həyata keçirməyə çalışırlar.

Halbuki, küçələrdə pirojki, bulka, smit və sair satılması həm də onu alan insanların səhhətinə ciddi təhdid yaradır. Bu, başdan-ayağa mikrob mənbəyidir. Qeyd edək ki, zaman-zaman köşklərdə, dayanacaqlarda şəkərbura, paxlava kimi şirniyyatların satışına da rast gəlmək olur. Xüsusən də, bayram ərəfəsində. Ekspertlər yay-qış fərqi olmadan vətəndaşları bu cür qidalardan uzaq durmağa səsləsə də, nə fayda, vətəndaşlar acığa düşmüş kimi "gözlərinə təpirlər”.

Küçə ticarətinin çox ciddi şəkildə məhdudlaşdırılmalı olduğunu vurğulayan tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, Bakı kimi tozlu, küləkli bir şəhərdə küçə ticarəti işini aparmaq qətiyyən məqsədəuyğun deyil. Nəzərə alaq ki, Bakı tozlu olması ilə yanaşı, həm də günəşli şəhərdir. Tozla bərabər günəş şüaları altında ərzaq məhsulları öz keyfiyyətlərini tamamilə itirir. Xüsusilə də plastik qablarda satılan ərzaqlar müəyyən müddət saxlandıqdan sonra onlar dioksin adlanan toksik maddə ifraz edirlər. Bu da orqanizmin zəhərlənməsinə gətirib çıxarır. Bundan başqa, küçədə satılan ərzaqların keyfiyyət parametrləri məlum deyil. Onların saxlanma qaydaları da ciddi şəkildə pozulmuş olur. Ona görə də həmin ərzaq məhsullarının istifadəsi və satışı yolverilməzdir. Çünki qəbul olunan qida mütləq xüsusi yerlərdə - iaşə obyektlərində satılmalıdır. Bundan başqa, küçədəki stəkanlardan istifadə etmək heç də məqsədəuyğun deyil. Çünki iaşə müəssisələrində stəkanların təkrar istifadəsi üçün onlar axar su altında müəyyən dezinfeksiyaedici maddələrlə yuyulduğu halda, küçə şəraitində bunları həyata keçirmək mümkün deyil. Bu da sonradan ağız suyu vasitəsi ilə müəyyən ağır infeksion, yoluxucu xəstəliklərə yol aça bilər”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, alıcıların bu cür qidalara olan tələbatı satıcıları küçə ticarətinə təhrik edir: "Tələb olmasa, təhrik də olmaz. Hesab edirəm ki, ərzaqların açıq havada satılmasında alıcıların günahı çox böyükdür. Çünki köşklərdə, dayanacaqlarda satılan qidalar əhali üçün əlçatandır. Dərsdən çıxan tələbə, fasiləyə çıxan işçi qidalanmağın rahat yolunu bu cür qidaları yeməkdə görür. Fikirləşir ki, həm ucuzdur, cibimə uyğundur, həm də yaxınlıqdadır, uzağa getməyə ehtiyac yoxdur, qarnımı da doyururam. Təəssüf ki, 21-ci əsrdə Azərbaycan insanı hələ də qidanın görkəminə, dadına aldanır və özünü bədbəxt edir. Əslində, açıq havada satılan qidalara bu qədər tələbatın olmasında Azad İstehlakçılar Birliyi olaraq, bizim də müəyyən qədər rolumuz var. Görünür, əhalini düzgün maarifləndirə, onlara açıq havada satılan ərzaqların necə təhlükəli olduğunu izah edə bilməmişik. Bilmirəm, insanlar niyə nəfslərinə hakim ola bilmirlər? Adam gərək keyfiyyətli, xeyirli məhsullarla qidalansın. Ancaq təzə meyvə-tərəvəz, adi saf su içsinlər. Küçədə, parkda ayaqüstü qidalanmaqdan əl çəksinlər. Bizim evimizi bu ayaqüstü yemək yıxır. Nazirlər Kabinetinin 94 saylı qərarına görə, satılan bütün qida məhsullarının paketlənməli və üzərində istehsal və son istifadə tarixi qeyd olunmalıdır. Amma bu gün böyük supermarketlərdə belə açıq konfetlər satılır. Bunun hamısı NK-nin müvafiq qərarına ziddir”.

Şəymən