Bob Dilan rokçudu axı?!

Ədəbiyyat üzrə Nobel mükafatı musiqiçi yazara verildi


Əsəd Cahangir: "Axı indi hər şey şoulaşıb. Artıq ədəbiyyat özünün tənəzzül dövrünü yaşayır”

Aqşin Yenisey: "Bob daha çox anderqraudun nümayəndəsi kimi tanınan rok musiqiçidir.”

Həmid Herisçi: "Onun çox gözəl şeirləri və mahnıları var”


2016-cı il ədəbiyyat üzrə Nobel mükafatının sahibi açıqlanıb. Mükafata amerikalı yazıçı, musiqiçi Bob Dilan layiq görülüb. Qeyd edək ki, daha çox rokçu kimi tanınan Bob Dilan 1941-ci ildə Amerikanın Minnesota ştatında anadan olub. Qeyd edək ki, Nobel mükafatı ilə bağlı fikirlər çoxdandır birmənalı deyil və xüsusən də son illər bu mükafatın siyasi rənglərə bulaşdığı daha tez-tez eşidilməyə başlayıb. Görəsən, yazarlarımız İsveç Nobel Akademiyasının budəfəki seçimini necə dəyərləndirir? Bob Dilanın daha çox müğənni, rok ifaçısı, gitarist kimi tanındığını vurğulayan tənqidçi Əsəd Cahangirin sözlərinə görə, onun yazdığı mahnı mətnləri amerikan xalq musiqisi ənənələrini inkişaf etdirir. Yəni ki, Dilanın yaradıcılığı müasir dünyanın ruhuna uyğundur: "Axı indi hər şey şoulaşıb. Ona görə də, ədəbiyyat üzrə Nobel ödülünü də yaradıcılığı şou xarakterində olan yazarlara verirlər. Artıq ədəbiyyat özünün tənəzzül dövrünü yaşayır. Son 10 ilin Nobelçilərinin siyahısına baxanda da bu tənəzzülü aydın görürük. Dünya ədəbiyyatına öz töhfəsini verən, gözəl əsərlər yaradan insanları bir kənarda qoyub, rok ifaçılarına Nobel verirlərsə, bu artıq tənəzzülün sübutudur”.

B.Dilanın əslən Odessa yəhudisi olduğunu vurğulayan tənqidçinin sözlərinə görə, hətta onun tərəfinin türkiyəli olduğu da güman edilir: "Sözün açığı, Bobun Nobelə layiq görülməsində yəhudi amilinin olduğunu güman edirəm. Yəni estetikadan əlavə siyasi tərəfi də var. Budəfəki seçim bir daha sübut elədi ki, Nobel mükafatı artıq əvvəlki kimi ciddi bir qiymətləndirmə vasitəsi deyil”.

Ə.Cahangirin sözlərinə görə, B.Dilanın Nobelə layiq görülməsi heç də ədalətli seçim deyil: "Bu mükafata layiq o qədər ədəbiyyat adamı vardı ki. Sadəcə yuxarıda sadaladığım səbəblərdən Nobel ona verilib. Reallıqda isə Nobel mükafatını almağa bizim yazıçıların Bob Dilandan daha layiqli olduğunu düşünürəm”.

Şair Aqşin Yenisey bu il Nobelə namizədlər arasında amerikalı favoritlərin daha şanslı olduğunu deyib. Onun sözlərinə görə, Filip Rot, Coys Kerol Qats, indi mükafatı qazanan Bob Dilan ən şanslı namizədlər arasında ön sıralarda idilər: "Bob daha çox anderqraudun nümayəndəsi kimi tanınan rok musiqiçidir. Bu müəlliflər Amerikada çox məşhur olsalar da, dünyada elə də tanınmırlar, məsələn, onlarla eyni siyahını bölüşən Murakamiyə uduzurlar. Mən bu müəlliflərin yaradıcılığı ilə səthi tanışam, bilirəm ki, Qats daha çox feminizasiya meyilli yazıçıdır, Rotu isə daha çox Amerika əxlaqının problemləri maraqlandırır, məsələn o, Klintonla katibəsi Levinskinin məşhur məhəbbət macərasına roman həsr edib bildirmişdi ki, bu hadisə sıravi amerikalıların əxlaqına ciddi zədə vurdu. Amma bu bilgilər onların yaradıcılığını qiymətləndirmək üçün mənə danışmaq haqqı vermir. Hər halda, son bir ildə ABŞ ədəbiyyatına maraq yenidən güclənəcək”.

Yazıçı-konspiroloq Həmid Herisçi isə əksinə, Amerika yazıçısının Nobel mükafatı almasının son dərəcə uğurlu bir seçim olduğunu düşünür: "O, əks mədəniyyətin ən bariz nümunəsidir. Etirazçı bir yazardır. 60-70-ci illər inqilablarında öz aktivliyi ilə seçilən biridir. Onun çox gözəl şeirləri və mahnıları var”.

Nobel mükafatına namizədi olmadığını vurğulayan yazar belə şeylərlə maraqlanmadığını deyib.

Şəymən