“Böhrandan çıxmaq üçün Qazaxıstan yolunu getməliyik”
Sərdar Cəlaloğlu: “Azərbaycan məmurları, o qədər demoralizasiya olub, qanunlar o qədər mürtəcedir ki, bunları dəyişmədən böhrandan çıxmaq mümkün deyil”
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Şərq”ə indiki böhranlı durumun yaranma səbəbindən və vəziyyətdən çıxış yolları barədə danışıb. Bir qrup müxalif qurumların formalaşdırdığı Antiböhran Koalisiyasının üzvü olduqlarını deyən təşkilat sədri qeyd edib ki, məlum böhrana dair antiböhran masası təşkil ediblər: "Ümumi şəkildə təkliflərimizi və konsepsiyamızı hazırlamışıq. Böhran ölkədə sistemin dəyişməsini tələb etdiyinə görə, tələblərimiz odur ki, ölkədə sosial böhrana yol vermədən şüurlu şəkildə tələb olunan siyasi islahatlar aparılsın”.
Bundan başqa, S.Cəlaloğlu diqqətə çatdırıb ki, böhranı yaradan səbəblər aradan qaldırılmasa, heç bir model ölkəni düşdüyü vəziyyətdən çıxara bilməyəcək: "Azərbaycanda böhranın əsas səbəbi hökumət üzvləridir, bir sıra qanunlardır. Öncə bunlar dəyişməlidir. Polşanı, SSRİ zamanında digər sosialist ölkələrindən fərqləndirən bir sıra özəlliklər var idi. Sovet hökumətində xüsusi mülkiyyətin heç bir növünə icazə verilmədiyi halda, Polşada müəyyən xüsusi mülkiyyətə icazə verilmişdi və orada çoxpartiyalı sistem mövcud idi. Polşanın özəlliklərindən biri burada həmkarlar ittifaqı hərəkatının çox güclü olması idi. Təsadüfi deyil ki, Lex Valensia da həmkarlar ittifaqının yetirməsi kimi meydana çıxmışdı. Üçüncü xüsusiyyət ondan ibarət idi ki, Polşa katolik dövləti idi, Roma papası da milliyyətcə polyak idi. Polşalılar mənəvi cəhətdən Allaha yaxın xalqdır. Bütün bunlara görə də Roma papasının bütün çıxışları Allahın mesajı kimi qəbul edilirdi. Təsadüfi deyil ki, Polşada xalq hərəkatının başlanması Roma papası İohan Pavelin Polşadakı çıxışından sonra baş vermişdi. Papa bəyan etmişdi ki, sizin sosializmə qarşı apardığınız mübarizədə Allah yanınızda olacaq. Sosialist rejiminin dağılmasında, məhz Polşa çox önəmli rol oynadı. Polşada sosializmdən kapitalizmə keçid zamanı bir böhran yaranmışdı. Bu, transformasiya böhranı idi. Böhrandan çıxmaq üçün Polşada "şok terapiyası” siyasəti həyata keçirildi. "Şok terapiyası” siyasətini həyata keçirməzdən öncə, hökumətin əlində islahatlar paketi var idi və həmin sənədə əsaslanıb çox radikal iqtisadi, siyasi islahatlar həyata keçirməyə başlamışdılar. Xalq həmin "şok terapiyası” siyasəti tətbiq edilməyə başlayanda artıq qarşılarında yeni bir hökumət, yeni parlament, yeni bir idarəçilik gördü. Ona görə də tətbiq edilən "şok terapiyası” siyasəti Polşanın böyük sürətlə sosializmdən kapitalizmə uğurlu keçidin, inkişafın başlanğıcını təmin etdi. Polşanın iqtisadi, siyasi inkişafının təməlləri bu cür qoyuldu”.
Bununla yanaşı, qurum rəhbəri söyləyib ki, Azərbaycan 25 ilə yaxındır sovet rejimindən çıxıb, lakin hələ də normal kapitalizmə və bazar iqtisadiyyatına keçə bilməyib: "Ümumiyyətlə, Polşa ilə Azərbaycan arasında hər hansı bir oxşarlıq yoxdur. Hakimiyyət hətta Polşa modelini tətbiq etmək istəyirsə belə, hökumətin qurulması qaydaları, hazırkı parlament qala-qala heç bir uğur əldə etmək mümkün deyil. Hökumətin əlində hazırda heç bir radikal islahat paketi yoxdur”.
S.Cəlaloğlunun sözlərinə görə, Azərbaycanı böhrandan çıxarmaq istəyiriksə, gedib Sinqapurdan, ordan-burdan adam gətirmək lazım deyil: "Biz sinqapurlulardan çox ağıllıyıq. Şəxsən mən özümü deyirəm, Sinqapurun ən yaxşı iqtisadçısını gətirin, onu başa salım ki, Azərbaycanda böhrandan necə çıxmaq olar. Praktikada biz nə görürük? Dünyanın müxtəlif ölkələrində zaman-zaman eynilə böhran yaranıb. Böhrandan çıxmaq üçün birinci addım böhrana səbəb olan siyasi, iqtisadi institutların dəyişdirilməsi olmalıdır. Yəni Nazirlər Kabinetinin, parlamentin və qanunların dəyişdirilməsi ilk addım olmalıdır. Azərbaycan iqtidarı bunu etmədən on il də keçsə, böhrandan çıxmağa nail ola bilməz. Bu addımları atmadan istəyir gedib lap Amerikadan, Yaponiyadan, başqa planetdən ekspertlər gətirsinlər, nəticə olmayacaq”.
ADP sədrinin fikrincə, Azərbaycan böhrandan çıxmaq üçün Qazaxıstan modelini tətbiq etməlidir: "Qazaxıstan bizə yaxın ölkədir. Qazaxıstan Prezidenti Nazarbayevin böhrandan çıxmaqla bağlı addımlarının nədən ibarət olduğuna diqqət edək. Böhrandan üç ay öncə Nazarbayev bütün banklara göstəriş verdi ki, vətəndaşların banklarda olan depozitləri dollar hesabına keçirilsin. Deməli, hələ milli valyuta ölməmişdən qabaq Qazaxıstan vətəndaşlarının banklarda olan vəsaiti dövlət tərəfindən qarantiya altına alındı. Göstəriş verildi ki, kimin əlində milli valyuta var, təcili onu dollara dəyişsin. Üçüncü addım parlamenti buraxmaq oldu. Güman ki, növbəti addım kimi Nazarbayev hökumətin tərkibini və bəzi qanunları dəyişəcək. Azərbaycan, ən azı Qazaxıstanın getdiyi yolu, böhrandan çıxmaq üçün Qazaxıstan modelini təkrarlamalıdır. Azərbaycan məmurları, hökuməti o qədər demoralizasiya olub, qanunlar o qədər mürtəcedir ki, bunları dəyişmədən böhrandan çıxmaq mümkün deyil. Ölkədə birinci böhranı yaradan səbəblər aradan qaldırılmalıdır. Hökumətin təşkili qaydası dəyişməlidir”.
Ayyət Əhməd