"Bolton Azərbaycanı ABŞ-ın müttəfiqi adlandırmaqla Ermənistana mesaj verdi"

ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Cənubi Qafqaz ölkələrinə səfərinin yekunları ilə bağlı açıqlamalarında daha çox Azərbaycanın adını çəkmiş, öz Tvitter hesabında da Azərbaycana və Azərbaycan Preizdentinə xüsusi təşəkkür edib.
Keçirdiyi mətbuat konfranslarında, müsahibələrində Con Bolton Azərbaycanla əlaqələrin ABŞ üçün yüksək prioritet təşkil etdiyini vurğulayaraq, Azərbaycanı ABŞ-ın bölgədə əsas tərəfdaşı adlandırıb.
O, Azərbaycanın beynəlxalq enerji məsələlərində aparıcı rolu nəzərə alınaraq, ABŞ hökumətinin Azərbaycanla enerji, beynəlxalq terrorizmə, insan alverinə qarşı mübarizə və digər sahələrdə əməkdaşlığı daha da genişləndirmək əzmində olduğunu deyib.
Con Bolton Ermənistanda olan zaman da çox cəsarətli bir çıxış edib. O bildirib ki, yalnız Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi ilə Ermənistanın dayanıqlı və suveren dövlət kimi inkişafı mümkündür. Azərbaycan da dəfələrlə bu mövqeni ifadə edib ki, Ermənistanın normal dövlət kimi inkişafı yalnız münaqişənin həllindən sonra mümkündür.
Con Boltonun səfərinin və Dağlıq Qarabağla bağlı mövqeyinini Azərbaycan və ABŞ arasında ikitərəfli əlaqələrin inkişafı üçün əlverişli imkanlar yaratdığını vurğulayan politoloq Qabil Hüseynli Con Boltonun səfər çərçivəsində həqiqətləri söylədiyini deyib: 
"Cırtdan bir dövlət olan Ermənistanın böyük və absurd ambisiyalarla yaşaması gec- tez onlara baha başa oturacaq. Bu ölkə yarandığı gündən gah qonşu dövlətlərin torpağına göz dikib, gah da regionda separatçılıq və intriqaların yaranmasına zəmin yaradıb. Bölgədə həyata keçirilən bütün irimiqyaslı layihələrdən kənarda qalan Ermənistanın vətəndaşları məhz bu səbəbdən səfalət içərisində yaşayır”.
Politoloqun sözlərinə görə, öz millətini bu yaşayış şəraitindən xilas etmək istəyən dövlət rəhbərliyi başını aşağı salıb qonşu dövlətlərlə xoş münasibət qurub, normal xarici siyasət yeritmək əvəzinə işğalçılıq siyasətini davam etdirir:
 " Ermənistanın blokada şəraitində qalması, onun Azərbaycana qarşı təcavüzkar müharibə və onun doğurduğu nəticələrdən imtina edənə qədər davam edəcək, iki dövlət arasında münasibətlər normallaşmayacaq. Çünki düşmən ölkənin bütün layihələrdən kənarda qalmasının əsas səbəbi onun işğalçılıq siyasəti, ölkəmizə qarşı həyata keçirmək niyyətində olduğu fitnəkar planları ilə bağlıdır. Ermənistan başa düşməlidir ki, regionda həyata keçirilən enerji layihələrinə qoşulmaq üçün Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv mövqe nümayiş etdirməlidir. Çünki, bütün layihələr Azərbaycanın təşəbbüsü ilə gerçəkləşir və onların həyata keçməsində açar rolunu da ölkəmiz oynayır. Azərbaycanın razılığı olmadan Cənubi Qafqaz ölkələrinin heç biri bu layihələrə cəlb edilə bilməz”.
C. Boltonun Dağlıq Qarabağ və Azərbaycanın beynəlxalq enerji məsələlərində aparıcı rolu ilə bağlı açıqlamasının təəccüb doğurmadığını vurğulayan politoloq Amerikanın xüsusi xidmət orqanlarının bölgədəki prosesləri ciddi izlədiyini deyib:
"Amerika rəhbərliyi də bilir ki, Ermənistan ondan- bundan diləndiyi 3-5 qəpiyi də ordusunun silahlanmasına xərcləyir. Ermənistan rəhbərliyi münaqişə ilə bağlı min cür əsassız fikir səsləndirə bilər. Amma fakt ondan ibarətdir ki, Ermənistanın özü işğalçıdır. Onun işğalçı olduğunu sübut edən BMT-nin dörd qətnaməsi var. Ermənistan elə bilir ki, beynəlxalq hüquq normalarını ayaq altına almaqla bölgədə meydan sulaya biləcək. Bolton da mıəhz bunun mesajını verib ki, gec- tez sizin qulaqlarınızdan tutub, haqq hesab tələb edən tapılacaq. 
O zaman da Ermənistan bir dövlət olaraq nə dövlətçiliyini, nə də suverenliyini qoruya biləcək. Ermənistanın qulağının dibində ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Azərbaycanı ABŞ-ın strateji müttəfiqi adlandırmaqla Ermənistana yetərli mesajı vermiş oldu. Məncə, erməni rəhbərliyi bu səfərdən nəticə çıxarmalı və yeritdikləri işğalçılıq siyasəti barədə bir daha düşünməlidirlər. İnanmaq istərdim ki, Ermənistanda keçirilən parlament seçkiləri yekunlaşan kimi Paşinyan bölgədə baş verən proseslərə sağlam düşüncə ilə yanaşacaq və münaqişənin nizama salınması istiqamətində konstruktiv addımlar atacaq. Ən azından C. Boltonun səfəri və Dağlıq Qarabağla mövqeyi bunu tələb edir”.
Şəymən