"Bolton hər şeyi çox gözəl anladığı üçün müsbət qənaətə gəlib" - Şərh

Bu günlərdə ABŞ prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Cənubi Qafqaz ölkələrinə səfər etdi, müxtəlif bəyanatlar səsləndirdi. Maraqlı məqam ondan ibarətdir ki, səfərin yekunları ilə bağlı açıqlamalarında Bolton daha çox Azərbaycanın adını çəkdi, öz Tvitter hesabında da Azərbaycana və Azərbaycan preizdenti İlham Əliyevə xüsusi təşəkkür etdi.
Keçirdiyi mətbuat konfranslarında, müsahibələrində Con Bolton Azərbaycanla əlaqələrin ABŞ üçün yüksək prioritet təşkil etdiyini vurğuladı. Xüsusən də Amerika rəsmisi Azərbaycanı ABŞ-ın bölgədə əsas tərəfdaşı adlandırdı.
Bolton Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, terrorizmə qarşşı mübarizədə, regional sülhün qorunmasında, siyasi, iqtisadi əməkdaşlıq sahəsində əhəmiyyətli ölkə kimi xarakterizə etdi. O, Azərbaycanın beynəlxalq enerji məsələlərində aparıcı rolu nəzərə alınaraq, ABŞ hökumətinin Azərbaycanla enerji, beynəlxalq terrorizmə, insan alverinə qarşı mübarizə və digər sahələrdə əməkdaşlığı daha da genişləndirmək əzmində olduğunu dedi.
C.Boltonun Bakı səfərini dəyərləndirən politoloq İlqar Vəlizadə "Sherg.az"a söyləyib ki, Azərbaycan- Amerika münasibətləri MDB-də yerləşən digər ölkələrlə müqayisədə ona görə fərqlidir ki, Amerika Azərbaycana kifayət qədər vəsait yatırıb. İllər ərzində bu yatırımlardan xeyli gəlirlər əldə edib və edir:
"ABŞ-ın Qafqazda ən böyük iqtisadi maraqları məhz Azərbaycanla bağlıdır. Bu maraqlar uzunmüddətli bir dövrə hesablanıb. Həmin maraqlar Amerikanın Azərbaycanda, Xəzər dənizi regionunda və Mərkəzi Asiyadakı mövcudluğunun əsasını təşkil edir. Bolton hər şeyi çox gözəl anlayır və ona görə də, Azərbaycanla bağlı müsbət qənaətə gəlib".
Ekspertin sözlərinə görə, son illər ABŞ-ın bir nömrəli geosiyasi marağı Əfqanıstanla bağlıdır: 
"Burada da Azərbaycan çox böyük rol oynayır. Əfqanıstan tranzitinin çox böyük bir hissəsi Azərbaycandan keçir. Azərbaycan vasitəsilə Əfqanıstana ötürülən humanitar, hərbi və s. yüklər Amerikanın prioritetlərindən biridir. Amerika Əfqanıstandakı qoşunlarının hərbi- texniki təchizatını və digər lazımi təminatlarını Azərbaycan vasitəsilə həyata keçirir. Buna görə də, Azərbaycan ABŞ-ın geosiyasi tərəfdaşına çevrilib"
C.Boltonun "907-ci düzəliş"ə diqqət çəkdiyini vurğulayan ekspert diqqətə çatdırıb ki, müşavir bu düzəlişdə nəzərdə tutulan məhdudiyyətin aradan qaldırılacağını istisna etməyib: "C.Bolton söylədi ki, Tramp administrasiyası yaxın zamanlarda məlum istiqamətdə addım ata bilər".
Politoloq sonda əlavə edib ki, C.Bolton da Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli üzərində dayandı:
 "Bu planda Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması, qaçqın və məcburi köçkünlərin bu ərazilərə qaytarılması və Dağlıq Qarabağın statusunun müəyyən olunması məsələləri yer alır. Çox maraqlıdır ki, Amerikanın Ermənistandakı keçmiş səfiri də bununla bağlı bəyanat verdi. Bu da işğalçı Ermənistanı məyus etdi. İrəvan Boltonun səfərindən istədiyi nəticəni ala bilməyib. Amma iş orasındadır ki, Qarabağ münaqişəsinin tənzimlənməsində digər tərəflər də iştirak edir. 
Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə Amerikadan asılı deyil. ABŞ və digər həmsədr ölkələr Ermənistana təzyiq göstərməlidir. Separatçı ölkənin qarşısına tələb qoyulmalıdır. Təəssüflər olsun ki, biz bu tələbləri hələ də görmürük. Məhz ona görə də Ermənistan işğalçı siyasətini davam etdirir. Bolton Bakıda bununla bağlı da narahatlığını bildirib. Düşünürəm ki, Bolton keçirdiyi görüşlərdən bir nəticə çıxaracq".
Ayyət Əhməd