“Borçalıların siyasi fəallığını təqdir edirəm”

Kərəm Məmmədov: “Mandat qazanan soydaşlarımızın qələbəsi bizim üçün böyük bir uğurdur”


Gürcüstanda keçirilən parlament seçkilərində 4 nəfər azərbaycanlı deputat mandatı qazanıb. Hakim "Gürcü arzusu-demokratik Gürcüstan” Partiyasından proporsional siyahı üzrə namizədliyi irəli sürülmüş Mahir Dərziyev, hakim partiyanın majoritar siyahıdan namizədləri Savalan Mirzəyev seçicilərin 50,02 faizinin, Ruslan Hacıyev isə 56,13 faizinin səslərini toplayaraq deputat mandatı qazanıblar.

Ölkənin əsas ana müxalifəti sayılan "Vahid Milli Hərəkat” Partiyasının üzvü Azər Süleymanov isə proporsional siyahı üzrə mandat əldə edib.

Gürcüstan Mərkəzi Seçki Komissiyasından bildiriblər ki, artıq bülletenlərin 99 faizindən çoxu sayılıb və ilkin hesablamalara görə, proporsional siyahı üzrə cəmi 3 partiya parlamentə keçə bilib. Əksər majoritar dairələrdə namizədlər lazım olan səsi toplaya bilməyiblər. Ona görə də həmin dairələrdə ikinci tur keçiriləcək. İkinci turun noyabrın 2-də keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonu ərazisində təşkil olunmuş 36 saylı dairədə daha bir azərbaycanlı - Əhməd İmamquliyev qələbəyə daha yaxındır. Birinci turda o, seçicilərin 47,91 faizinin səsini qazanmaqla Tamaz Naverianini (43,41 faiz) üstələyib. Həmin dairədən daha az səs toplamış namizədlər ikinci tura buraxılmayacaqlar. Gürcüstan Seçki Məcəlləsinin tələbinə görə, ikinci tura birinci turda ən çox səs toplamış iki namizəd buraxılır. Beləliklə, Ə.İmamquliyev ikinci turda qələbə qazansa, Gürcüstan parlamentində təmsil olunacaq azərbaycanlı deputatların sayı müstəqillik dövründə ilk dəfə 5 nəfər olacaq.

Gürcüstan parlamentində mandat alan deputatlarla bağlı fikirlərini "Şərq”ə bölüşən əslən Borçalıdan olan tarix elmi üzrə fəlsəfə doktoru Kərəm Məmmədov deyib ki, Gürcüstan mətbuat orqanlarının yaydığı məlumatlara inansaq, parlament seçkiləri kifayət qədər demokratik və şəffaf keçib:

"Mandat qazanan soydaşlarımızın hər birini təbrik edirəm. Onların bu qələbəsi bizim üçün böyük bir uğurdur. Hesab edirəm ki, bu uğur Gürcüstandakı soydaşlarımızda ruh yüksəkliyi yaradacaq və onların problemləri ilə dərindən maraqlanacaqlar. Eyni zamanda, Azərbaycan həqiqətlərinin hökumət səviyyəsində qaldırılmasında böyük xidmətləri olacaq. Onların hər birinin Gürcüstandakı soydaşlarımızın bütün qayğılarının aradan qaldırılmasına dair əllərindən gələni əsirgəməyəcəklərinə inanıram”.

İkinci tura qalan soydaşlarımızın da qələbə qazanacağına ümid etdiyini vurğulayan K.Məmmədov deyib ki, hazırda Gürcüstan vətəndaşı olmasam da, ora mənim ata yurdumdu, "göbəyim ora basdırılıb”. Bir həmyerli olaraq soydaşlarımızın sərgilədiyi bu fəallığı təqdir edirəm: "Onu da deyim ki, əvvəlki illərə baxanda azərbaycanlıların Gürcüstan dövlətçiliyində iştirakı bir neçə dəfə artıb. Bu da öz növbəsində Gürcüstandakı digər soydaşlarımızın seçkilərə daha ciddi yanaşması üçün bir stimul olacaq”.

Şəymən