“Ümid edək ki, bizə verilən sözləri, vədləri Mərkəzi orqanlar qarşısında qaldırmaq kimi cəsarətli addımlar atılsın”
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsinə yeni qubernator təyin edilib. Gürcüstan Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Gürcüstanın Baş naziri Qriqol Nemsadzenin Kvemo Kartli bölgəsinin qubernatoru vəzifəsinə təyinatı barədə sərəncam imzalayıb.
Qriqol Nemsadze ixtisasca iqtisadçıdır və özəl sektorda, bank sektorunda çalışıb. Gürcüstanın regional inkişaf və infrastruktur naziri Zurab Alavidze onu bölgə qubernatorluq kollektivinə təqdim edib. Məlumata görə, keçmiş qubernator Paata Xizanaşvili Dövlət təhlükəsizlik xidmətinin xüsusi mühafizə idarəsində vəzifəyə təyin olunub.
Kvemo Kartli bölgəsinin yeni qubernatoru Qriqol Nemsadzenin fəaliyyətindən gözləntiləri ilə bağlı "Şərq”ə açıqlama verən əslən Borçalıdan olan ziyalı, ictimai-siyasi xadim Zəlimxan Məmmədli deyib ki, qubernatorlar icra nümayəndələridir, onlar rəhbərliyin əmrlərini yerinə yetirirlər:
"Qubernatorların əsas vəzifəsi Mərkəzi orqanların verdiyi qərarların icrasına nəzarət funksiyasını həyata keçirməkdən ibarətdir. Siyasi hakimiyyət hansı düşüncədədirsə, yeni qubernator ona uyğun hərəkət edir. Ola bilər, fərdi qaydada şəxsiyyətin öz müsbət xüsusiyyətləri olsun. Amma bütün hallarda tezislər yuxarıdan verilir. Verilən qərarları icra etmək isə qubernatorların vəzifə borcudur. Onların işinə birbaşa müdaxilə eləmək və yönəltmək imkanları qanunla məhduddur. Qubernatorlar sadəcə quberniyalara daxil olan əyalətlərin fəaliyyətini əlaqələndirir. Fərd olaraq onların rolu bir sıra layihələrin daha çevik və şəffaf keçirilməsindən ibarət ola bilər. Müstəqil bir fəaliyyət ortaya qoymaq iqtidarlarında olmadığı üçün qubernatorlardan daha əhəmiyyətli bir addım gözləmək düzgün deyil.
Keçmiş qubernator Paata Xizanaşvilinin zahirən xoşgörülü biri olduğunu vurğulayan Z.Məmmədlinin sözlərinə görə, azərbaycanlılara qarşı münasibətdə səmimi biri idi:
"Biz də zaman-zaman onunla görüşüb və müəyyən müzakirələr aparmışıq. Düzdür, indiki hakimiyyətin təlimatı ilə mənim Gürcüstana girişimin yasaqlanması Paata Xizanaşvilinin qubernatorluğu dönəmində olub. Ancaq mən bunlara görə onu qınamıram. Bilirəm ki, o, qərar vermək və verilən qərarlara qarşı çıxmaq səlahiyyətində deyil. O cümlədən də Dumanisi rayonun icra hakimiyyətində günah görmürəm. Gürcüstanın indiki hökuməti hakimiyyətə gəlmədən əvvəl söz verdilər ki, Gürcüstandakı azərbaycanlıların torpaqları, toponimləri qaytaracaqlar, lakin heç birinə əməl etmədilər”.
Ümumilikdə Gürcüstanda gedən demokratik proseslərin təqdirəlayiq olduğunu vurğulayan Z.Məmmədli hesab edir ki, bu islahatlar soydaşlarımızın həyat şəraitinə də müsbət anlamda təsir etməlidir:
"Konkret olaraq siyasi hakimiyyətin qərarlarında yanlışlıqlar var və onların düzəldilməsi vacibdir. Avropaya inteqrasiya edən Gürcüstan milli azlıqlarla bağlı utanc gətirən addımlardan çəkinməlidir. Gürcüstan sosial və liberal yönümlü islahatlara üstünlük verməlidir. Əlbəttə, biz Azərbaycan-Gürcüstan əlaqələrinin yüksələn xətt üzrə getməsində maraqlıyıq. Ümid edirik, yeni qubernator inqilabi dəyişikliklər edərək hamımızı təəccübləndirəcək. İndiki halda isə bizim yeni qubernatordan gözləntilərimiz o ola bilər ki, öz fəaliyyətini daha obyektiv və ədalətli siyasət üzərində qursun. Elat Bayramının yasaqlanmasına qarşı olan təşəbbüslərin aradan qaldırılmasına səy göstərsin. Bizə verilən sözləri, vədləri Mərkəzi orqanlar qarşısında qaldırmaq kimi cəsarətli addımlar atsın. Milli məktəblərin inkişafı ilə bağlı daha rasional bir yanaşma ortaya qoysun. Bu zaman onun fəaliyyəti tarixə düşər, tərəfimizdən də təqdir olunar. Simvolik olaraq builki konfransımızı 26 may, Gürcüstanın dövlət müstəqilliyi gününə təyin etmişik. Ümid edirəm, bu xoşməramlı addımımız bizə etimad məsələsini qaldırmaq üçün yeni qubernatora əlavə stimul verə bilər”.
Şəymən