Böyük bir boşluq var...
Yanlış təbliğat yanlış yerə aparır
Bakının mərkəzi küçəsində - "Fəvvarələr meydanı”nda polis bir qrup gənci saxlayıb. Səbəb həmin gənclərin üzərində kriminal avtoritet Rövşən Lənkəranskinin fotoşəkli olan, "VOR V ZAKONE”, "Talış” sözləri yazılan və səkkizguşəli ulduzlar olan köynək geyinmələri olub.
Belə hallar cəmiyyətdə ayrıseçkiliyə, gənclərin yanlış şəkildə formalaşmasına gətirib çıxarır. Eyni zamanda kriminal aləmə çağırış, kriminalizmin təbliğ olunması xarakteri daşıyır.
Son dövrlər gənclər arasında kriminal aləmə meyil artıb. Sosioloq Əhməd Qəşəmoğlu məsələ ilə bağlı "Şərq”ə danışarkən bildirib ki, bütün bunların səbəbi bu gün vətənpərvərlik hisslərinin arzuolunan şəkildə aşılanmaması, gənclərin düzgün formada yetişdirilməməsidir: "Bu sahədə çox böyük bir boşluq var. İstər valideynlər, istər ibtidai sinif, istərsə də yuxarı sinif müəllimləri nə evdə, nə məktəbdə vətənpərvərlik hisslərini güclü şəkildə təbliğ etmirlər. Bu məsələ bizdə başqa xalqlarda olduğu kimi əsas götürülmür. Nəticədə bu cür yeni nəsillər meydana çıxır. Onlar vətənpərvərlikdən əvvəl başqa "dəyərlərə” daha çox meyil göstərirlər”.
Sosioloq qeyd edib ki, gənclik və yeniyetməlik psixologiyasına görə, gənclər həmişə özlərini nədəsə fərqləndirmək istəyirlər. Lakin bu fərqləndirmə müəyyən boşluqlar səbəbindən yanlış istiqamətlərdə, yanlış davranışlarda özünü göstərir. Səbəb isə təhsil sisteminin zəif olmasıdır:
"Əgər təhsil sistemimiz yaxşı inkişaf etsəydi, gənclər daha çox təhsildə fərqlənməyə çalışardılar. Və burda da fərqli davranış forması üzə çıxardı. Təhsildə arzuolunan vəziyyət olmadığı üçün, gənc can atır ki, özünü nədəsə fərqləndirsin. Fərqləndirmək bir tərəfdən gənclik psixologiyası ilə bağlıdır. Digər bir tərəfdən isə cəmiyyətdə bəzi maraqlı qüvvələr həmin o gənclikdən və psixologiyadan istifadə edərək öz maraqları naminə onlardan faydalanmağa çalışırlar. Ona görə fərqlənməyə can atan gənci təhsillə yükləyəndə, o tamam başqa istiqamət alır”.
Yaponların tərbiyə proqramını misal gətirən sosioloq bildirib ki, bizim gənclik xaos içərisində necə gəldi böyüyür. Biri uşağın əlinə planşet verir, canının rahatlığı üçün cizgi filmlərini qabağına qoyur ki, baxsın, digəri uşağa söyüş öyrətməklə böyüdür, qonşunu söy, filankəsi söy və s. bütün bunlar sonrakı mərhələdə uşaqların yanlış formalaşmasına gətirib çıxarır: "Yapon tərbiyə proqramında göstərilir ki, 5 yaşa qədər uşaqlara nə aşılamaq lazımdır. Bir yaşına qədər uşaq gərək gözüqorxaq böyüməsin. Yəni 9-10 ayında uşaqları sakitləşdirmək üçün qorxutmaq üsulundan istifadə etmək olmaz. Uşaq bir yaşına qədər özünü sərbəst hiss etməlidir. İki yaşında quruculuq meyili inkişaf etməlidir. Nəyisə nəyinsə yanına qoyanda yeni bir şey əmələ gəlir düşüncəsi formalaşmalıdır. Üç yaşında yaxşı ilə pisi fərqləndirməyi öyrənməlidir. Dörd yaşında artıq xeyirlə şəri ayıra bilməlidir. Beş yaşında özündə liderlik hislərini formalaşdırmalıdır. Bizdə isə bu proseslər getmir”.
Ə.Qəşəmoğlunun sözlərinə görə, 50 il öncə bu cür hallara rast gəlinmirdi.
Çünki cəmiyyətdə vahid və müəyyənləşdirilmiş ideologiya var idi. Cəmiyyətin bütövlüyü və insanların vahid şəkildə birliyi məhz vahid ideologiyaya söykənir: "Müəyyən sistemlər qurulmuşdu. Məsələn, pionerlər necə olmalıdı, oktyabryatlar necə olmalıdı, komsomollar necə olmalıdır və s. Əgər bu gün o gənclərdə öz ölkəsinə məhəbbət, öz dövlətinə sevgi olsaydı, lazımi şəkildə sistem əsasında bu hisslər güclü şəkildə aşılansaydı, belə hallar yaşanmazdı. Biz münbit şərait yaratmışıq ki, hər hansı bir qüvvə istər xarici, istər ölkənin dağılmasında maraqlı olan qüvvələr, separatçılar və s. kim nə cür istəyir mövcud boşluqdan yararlanıb gənclərdən istifadə etsin. Çünki biz dövlətçilik prinsipləri əsasında, vətənpərvərlik ruhunda tərbiyə sistemi qura bilməmişik. Ona görə də başqa qüvvələr onlardan asanlıqla istifadə edə bilirlər”.
Ölkədə belə halların qarşısının alınmasının çətin olmadığını bildirən sosioloq, vurğulayıb ki, sadəcə bu barədə sosial sifariş olmalıdır. Fəlsəfə institutuna sifariş verilməlidir ki, bu sahədə elmə əsaslanmış fəaliyyət proqramları hazırlasın və dövlətə təqdim etsin ki, nə etmək lazımdır:
"Azərbaycan Respublikasında cəmi 10 milyon əhali var. Bir neçə milyonu xarici ölkələrdə yaşayır, bir neçə milyonu isə yaşlılar və uşaqlardan ibarətdir. Ortada fəal əhali gənclərdir. Onlar da 3-4 milyon təşkil edir. Sosial psixologiya əsasında 3-4 milyon əhalidə çox asanlıqla müəyyən vərdişlər, davranışlar yaratmaq və dəyərlər yönümünü dəyişmək mümkündür. Yetər ki, sifariş olunsun. Az bir vaxtda - 1-2 il müddətində bu məsələləri yoluna qoymaq, mühiti dəyişmək, gənclərdə kifayət qədər vətənpərvərlik ruhu yaratmaq olar”.
"Hər bir davranış üç mühüm komponentdən asılıdır: mühit, alınan informasiyanın tərkibi və üstünlük verilən dəyərlər. Biz elmə əsaslanmış elə bir fəaliyyət proqramı qurmalıyıq ki, gənclərimizi aldıqları informasiyaya cəlb edə bilək.
Dəyərlər yönümünün formalaşması istiqamətində kifayət qədər ciddi işlər aparılsın. Televiziyalar indiki kimi səviyyəsiz şou verilişlərindən əl çəkməli, onlar da bu istiqamətdə maarifləndirmə işləri aparmalıdırlar. Mühitin dəyişdirilməsi və düzgün formalaşdırılması istiqamətində də ciddi addımlar atılmalıdır. Bu məsələdə gənclər təşkilatlarının öz işi var, qanunvericilik orqanlarının öz işi var, hüquq-mühafizə orqanlarının öz işi var, yazıçıların və ədəbiyyatçıların da öz işi var. Sadəcə olaraq, bu sahədə elmi əsaslarla iş görmək lazımdır. Deyə-deyə qocaldım, bu gün sabah da ömrüm başa çatacaq, amma səsimə səs verən yoxdur… Elə hamı deyir ki, məsələnin həlli çətindir. Yanlış fikirdir. Heç bir çətinliyi yoxdur” - deyə sosioloq Əhməd Qəşəmoğlu bildirib.
Sevda Ulutau