Böyük Millət Məclisinin səlahiyyətləri artırılacaq

AKP ilə MHP arasında bu yöndə razılaşmalar var
Bu o deməkdir ki, Türkiyə təkcə bir şəxsin iradəsi ilə idarə olunan dövlət olmayacaq


Türkiyənin Baş naziri Binəli Yıldırım və Milliyətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalı
konstitusiyaya dəyişiklik və başqanlıq sistemi ilə bağlı müzakirələri bitirmək üzrədir. Demək olar ki,
tərəflər arasında razılaşdırılmamış məqam qalmayıb.

Ötən gün Türkiyə Böyük Millət Məclisində tərəflər yenidən bir araya gəlib və 15 dəqiqəlik söhbət
ediblər. MHP lideri Dövlət Baxçalı konstitusiya müzakirələrində hər hansı problemin olmadığını
bəyan edib. Prosesin tamamlanmaq üzrə olduğunu vurğulayan Binəli Yıldırım isə Rusiya səfərindən
sonra hazırlanmış layihənin parlamentdə təqdim ediləcəyini deyib. 

Türkiyənin mühüm qərar ərəfəsində olduğunu söyləyən politoloq Natiq Miri "Şərq”ə açıqlamasında konstitusiya layihəsinin parlamentdə qəbul ediləcəyini söyləyib: 

"Hakim AKP ilə müxalif MHP nəzərdə tutulan dəyişikliklə bağlı razılaşıblar. İki partiyanın deputat səsi layihənin qəbulu üçün yetərlidir. Təbii ki, qərarın parlamentdən keçməsi ilə iş bitmir. Layihə Məclisdən keçdikdən sonra xalq səsverməsinə çıxarılacaq. Fikrimcə, referendumda əhalinin böyük əksəriyyəti konstitusiyanın dəyişməsinə və başqanlıq sisteminin gəlməsinə "hə” cavabı verəcək. Çünki xalq ölkənin böyük imtahanlar qarşısında olduğunu bilir. Türkiyə strateji müttəfiqi olan Qərb dünyası ilə ciddi problemlər yaşamaqdadır. Qardaş ölkəni hərbi-siyasi təzyiqlərlə zəiflədə bilməyən güclər iqtisadi problemlərlə boğmağa çalışırlar. Türkiyə dövləti və ictimaiyyəti Qərbə qarşı böyük savaş verir”. 

Ekspertin fikrincə, ölkənin indiki çətin dönəmində başqanlıq sistemi Türkiyə dövlətinin möhkəmlənməsinə xidmət edəcək: "AKP ilə MHP arasında razılaşdırılan konstitusiya layihəsində parlamentin səlahiyyətlərinin artırılması yönündə razılaşdırılmış məqamlar var. Bu, birbaşa MHP-nin istəyi ilə ortaya qoyulub və AKP onu qəbul edib. Bu o deməkdir ki, Türkiyə dövləti təkcə bir şəxsin iradəsi ilə idarə olunan dövlət olmayacaq. Paralel olaraq, hakimiyyətin digər qolları da aktiv işləyəcək.
Yəni Türkiyə çoxlarının düşündüyü kimi avtoritar bir sistemə yuvarlanmayacaq. Əksinə, dövlət
sistemi, idarəetmə proses daha da güclənəcək, qərəzli xarici ünsürlər zərərsizləşdiriləcək. Təbii ki,
güclənmiş bir Türkiyə həm Azərbaycan, həm də ümumilikdə türk-müsəlman dünyası üçün faydalı
olacaq”.

İsmayıl