Böyük sərkərdə...

Müasir Azərbaycan ordusunun qurucusu - Heydər Əliyev



Müasir Azərbaycan dövlətinin quruluş və inkişaf dövrü heç şübhəsiz, xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ulu öndər Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verib. Təkcə bu gün üçün deyil, qarşıdakı onilliklər, yüzilliklər üçün dövlətimizin inkişaf strategiyasını müəyyən edib. Ümummilli liderin Azərbaycanın təhlükəsiz gələcəyinə təminat verən çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birini ordu quruculuğu təşkil edir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin işğalından sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmışdı.

Sovet imperiyası uzun illər ərzində Azərbaycanda hərb sənətinin dirçəlməsinə qəsdən imkan verməmiş, xalqımızın döyüşkən və mübariz ruhunu sındırmağa çalışmışdı. Lakin ulu öndər Heydər Əliyevin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişindən sonra bu sahədə əsaslı dönüş yaradıldı. Ölkəmizdə milli hərbi kadrların hazırlanması prosesi yenidən vüsət aldı...

Naxçıvanski hərbi məktəbi ordu quruculuğunda əsas baza idi

Məhz ümummilli liderin cəsarətli addımları sayəsində 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb fəaliyyətə başladı. O zaman belə bir hərbi məktəbin yaradılması böyük cəsarət tələb edirdi. Çünki Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayan məktəbin varlığı SSRİ rəhbərliyinin qətiyyən arzulamadığı hadisə idi. Həmin dövrdə biri-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsa da, Heydər Əliyevin mahir diplomatiyası, qətiyyəti və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almağı bacardı. Naxçıvanski adına hərbi məktəbin fəaliyyətə başlaması Azərbaycanda hərb sənətinə marağın daha da güclənməsinə böyük təkan verdi. Hakimiyyəti dövründə Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də nail oldu. Təsadüfi deyil ki, müstəqillik illərində C.Naxçıvanski adına hərbi məktəb Azərbaycanın ordu quruculuğunda əsas bazalardan birinə çevrildi. Qarabağ müharibəsində Naxçıvanski hərbi məktəbinin 1500 nəfərdən çox məzunu erməni işğalçılarına qarşı vuruşlarda əsl qəhrəmanlıq nümunələri göstərdilər.

Ulu öndərin milli ordunu gücləndirməsi erməni işğalının önünü kəsdi...

1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkədə siyasi-ictimai vəziyyət olduqca gərgin idi. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması haqqında qərar qəbul olunsa da bu, sadəcə olaraq kağız üzərində qalmışdı. Ozamankı iqtidarın yaratdığı xaos və özbaşınalıq ordu quruculuğuna da öz mənfi təsirini göstərirdi. Düşmən torpaqlarımızın işğalını davam etdirdiyi halda silahlı birləşmələrimiz ayrı-ayrı insanların, separatçı qrupların maraqlarına xidmət edirdi. Əfsuslar olsun ki, ordumuzdakı bu acınacaqlı vəziyyət torpaqlarımızın 20 faizinin işğalı, bir milyona yaxın vətəndaşımızın didərgin düşməsi ilə nəticələndi. Lakin hər zaman çətin məqamlarda düzgün və qətiyyətli qərarlar qəbul etmiş xalqımız bu dəfə də öz iradəsini ortaya qoyaraq, ən bacarıqlı lideri hakimiyyətə gətirdi. Ümummilli liderin hakimiyyətə qayıdışı ilə dövlət və ordu quruculuğu istiqamətində yeni mərhələnin təməli qoyuldu. Ulu öndərin yüksək sərkərdəlik bacarığı və hərb işinin incəliklərinə peşəkar yanaşma qabiliyyəti ordumuzdakı mürəkkəb problemləri həll etdi. Dahi sərkərdə 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəsə nail olduqdan sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başladı. Qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər öz həllini tapdı. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri qanunlar qəbul edildi.

Ümummilli lider ordumuzu NATO səviyyəsinə qaldırdı

1994-ci ildən başlayaraq Azərbaycan və NATO arasında sıx və səmərəli əməkdaşlığın yaradılması ordu quruculuğu prosesinin sürətlə təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına gətirib çıxardı. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə "Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. 1997-ci ildən Azərbaycanın hərbi təhsil müəssisələri NATO standartlarına keçdi. Heydər Əliyevin tez-tez ön cəbhəyə getməsi, döyüşən əsgərlərlə səngərlərdə olması şəxsi heyətə yeni ruh verirdi. 2001-ci ildə milli ordunun yaradılmasının 83-cü ildönümünə həsr edilmiş təntənəli mərasimdə nitq söyləyən ümummilli lider deyirdi ki, ordu yaratmaq asan iş deyil, çünki sovet dövründə bunun əsası olmayıb. Ona görə də ordu quruculuğuna dövlətin və bütün hakimiyyət orqanlarının xüsusi qayğısı olmalıdır: "Ali Baş Komandan olaraq mən bu qayğını göstərəcəm. Ancaq bu məsələ təkcə məndən asılı deyil. Dövlət qurumları və hər bir vətəndaş ordunun güclənməsinə öz töhfəsini verməlidir. Çünki ordu xalqındır”.

Dahi sərkərdə gənclərə orudunu və hərbi xidməti sevdirdi...

Ümummilli liderin 95 illik yubileyi münasibətilə keçirilən konfransda çıxış edən Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini, general-leytenant Nizam Osmanov bir daha bəyan etdi ki, Heydər Əliyev qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. General bildirdi ki, Azərbaycan dövlətinin rifahının, təhlükəsizliyinin təmin olunması ulu öndərin ordu quruculuğu sahəsində uzaqgörən fəaliyyətinin bəhrəsidir: "Heydər Əliyev respublikamıza ilk dəfə rəhbərlik etdiyi illərdə tez-tez hərbi təhsil müəssisələrinə baş çəkir, zabit və kursantlar arasında azərbaycanlıların azlıq təşkil etməsi ilə barışmırdı. Bu baxımdan ümummilli liderin birbaşa təşəbbüsü ilə Bakıda ilk ibtidai hərbi məktəbin yaradılması respublikamızın həyatında olduqca mühüm hadisə oldu. Sonrakı illərin təcrübəsi də göstərdi ki, həmin təhsil müəssisəsi Azərbaycan gəncliyinin hərbi peşələrə marağının yüksəldilməsində müstəsna rol oynayıb”. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi, general-mayor Fizuli Salahov da ulu öndərin müasir mütəşəkkil ordumuzun yaranmasında müstəsna xidmətlərindən bəhs edib. Bildirib ki, Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətləri arasında Azərbaycan Ordusunun formalaşması və inkişafı xüsusi yer tutub.

Silahlı Qüvvələrimizin qüdrətli İlham Əliyev mərhələsi...

Bu gün regionun ən qüdrətli ordusu olan Azərbaycan Silahlı Qüvvələri dövlət sərhədlərimizi qorumaqla yanaşı, bir sıra ölkələrdə həyata keçirilən sülhməramlı əməliyyatlarda iştirak edir və böyük müvəffəqiyyətlər qazanır. Bunun əsas səbəbi ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu strategiyasının Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 2003-cü ildən etibarən ordumuz sürətli inkişaf yolu keçib. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycanın müdafiə xərcləri üçün ayrılan vəsait ardıcıl olaraq Ermənistanın ümumi büdcəsini ötüb. Prezidentin Fərmanı ilə yaradılan Müdafiə Sənayesi Nazirliyində istehsal olunan yüzlərlə yerli silah-sursat ölkəmizin hərbi qüdrətini artırıb. Yerli istehsal Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkan yaradıb. Düşməni lərzəyə gətirən "İstiqlal” snayper tüfəngi düşməni qorxutmağa kifayət edib. 2008-ci ildə Azərbaycan ordusunun yaranmasının 90 illik, 2013-cü ildə 95 illik yubileyləri münasibəti ilə təşkil edilmiş paradlarda Azərbaycan ordusunun qüdrəti bir daha dünyaya nümayiş etdirildi. Hərbi paradlarda sərgilənən silah-sursat işğalçı Ermənistanı ciddi təşvişə saldı. Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan "Gürzə” patrul maşını, "Matador” və "Marauder” tipli minaya qarşı nəqliyyat vasitələri böyük maraqla qarşılandı...

Ordumuza verilən beynəlxalq qiymət hər birimizi fərəhləndirir

İlham Əliyevin təşəbbüsü ilə ölkənin hərbi sənaye kompleksində irimiqyaslı layihələrin reallaşdırılması ordu quruculuğunda əsaslı dönüş yaratdı. Hazırda 1200-dən çox adda hərbi təyinatlı məhsulun istehsalı qaydaya salınıb. Buraya müxtəlif hərbi təyinatlı silah-sursat, o cümlədən, döyüş texnikası daxildir. Tez-tez sərhəd bölgələrinə səfərlər edən, cəbhədə əsgər və zabitlərlə görüşən, onların döyüş hazırlıqları ilə yaxından tanış olan Ali Baş Komandanın dəfələrlə bəyan etdiyi kimi, hazırda ölkəmizin hərbi potensialı yüksək səviyyədədir. Ordu quruculuğu prosesi uğurla gedir və bu reallıq dünya ictimaiyyəti tərəfindən təsdiq olunur. Son vaxtlar dünyanın bir sıra aparıcı kütləvi informasiya vasitələrində Azərbaycan ordusunun getdikcə güclənməsindən, bu sahəyə diqqətin artırılmasından bəhs edən məqalələrin dərc olunması ordu quruculuğunun inkişafının göstəricisidir. ABŞ-da nəşr olunan "U.S. News and World Report” nəşri Azərbaycan ordusunun ən güclülərdən olduğunu yazıb. Qeyd edib ki, Azərbaycan ordusu Macarıstan, Rumıniya, Çexiya, Malayziya kimi ölkələri geridə qoyub. Aparıcı reytinq agentlikləri də təsdiqləyiblər ki, bu gün Azərbaycan Ordusu 50 ən güclü ordu sırasındadır. Yerli istehsal silah-sursatları bir çox parametrlərinə görə dünyada ilk yerlərdən birini tutur.

Şanlı aprel qələbəsi Milli Ordumuzun gücünün göstəricisidir...

Bu gün qətiyyətlə deyə bilərik ki, tək silahlanma sahəsində deyil, mənəvi-psixoloji hazırlıq cəhətdən də fərqlənən ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Ötən ilin aprelində ordumuzun əks-hücum əməliyyatı zamanı düşmənə sarsıdıcı zərbələr vurması, tariximizə şanlı aprel qələbəsini yazması dediklərimizin təsdiqidir. Dörgünlük müharibədə Azərbaycan Ordusu 20 ildən artıq müddətdə düşmən işğalında olan ərazilərimizin 2 min hektarını azad etdi və erməni silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirdi. Ermənilərin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı. Silahlı Qüvvələrimiz tərəfindən Ağdərə-Cəbrayıl istiqamətindəki strateji yüksəkliklər nəzarətə alındı. Düşmənin hərbi-siyasi strategiyası iflasa uğradı. Ermənistanın hərbi strukturundakı problemlər və boşluqlar ortaya çıxdı. Məhz bu uğurlu döyüşün nəticəsi olaraq, işğal ərazisinə "Böyük Qayıdış”ın əsası qoyuldu. Hazırda Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinləri öz dədə-baba torpaqlarında hər cür infrastruktura malik evlərdə təhlükəsiz yaşayırlar. Artıq düşmən tərəfi tam əmindir ki, Azərbaycan bütün sahələrdə, o cümlədən hərbi sferada Ermənistanı dəfələrlə qabaqlayır. Aprel döyüşləri zamanı Silahlı Qüvvələrimizin fəaliyyətinə ən böyük qiyməti Ali Baş Komandan İlham Əliyev verdi. Dövlət başçısı bildirdi ki, aprel savaşı bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin və ordumuzun gücünü göstərən amildir: "Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun, bərpa edəcək”.

Hərbi qulluqçuların sosial-məişət şəraiti yüksək səviyyədədir

Son illər hərbi qulluqçuların sırf döyüş hazırlığı ilə məşğul olmaları üçün bütün imkanlar yaradılıb. Əsas döyüş təminatını müəyyən edən vəzifələrə ixtisaslı mütəxəssislərin və peşəkar hərbi qulluqçuların qəbul edilməsi ordumuzun döyüş hazırlığının yüksəlməsinə müsbət təsir göstərib. Şəxsi heyətin təsərrüfat işlərindən kənarlaşdırılması, yardımçı təminat sahələrinə mülki işçilərin qəbul edilməsi döyüş hazırlığının optimallaşdırılması istiqamətində atılan ən vacib addımlardan biridir. Prioritet istiqamətlərdən biri də hərbi qulluqçuların sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasıdır. Dövlətimizin diqqəti və qayğısı nəticəsində son illər Bakı, Gəncə və Naxçıvanda mindən çox hərbi qulluqçu daimi mənzillə, ölkənin müxtəlif bölgələrində isə iki mindən çox hərbi qulluqçu xidməti mənzillə təmin olunub. Silahlı Qüvvələrimizin şəxsi heyətinin əksər hissəsi yeni, müasir komplekslərdə, hərbi şəhərciklərə yerləşdirilib. Qısa müddətdə, xüsusən cəbhəboyu zonada 20-dən çox hərbi şəhərcik tikilərək istifadəyə verilib.

Ordumuzun öz sözünü deyəcəyi gün yaxındır...

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ordu quruculuğu bizim üçün ən başlıca və prioritet məsələ olaraq qalmaqdadır. Görülən bütün işlər də məhz bu prioritet məsələnin əhəmiyyəti nəzərə alınaraq həyata keçirilir. Müxtəlif xarici ölkələrə səfər edən müdafiə naziri, general-polkovnik Zakir Həsənovun dünyanın qabaqcıl silah istehsalçısı olan müəssisələrdə olması və əməkdaşlığa dair sazişlər imzalaması bunları deməyə tam əsas verir. Ali Baş Komandanın tapşırığına əsasən, 2018-ci ildə də ordu quruculuğu prioritet sahələrdən biridir. Əminliklə deyə bilərik ki, ən müasir silah-sursat və döyüş vasitələri ilə təchiz edilmiş, yüksək vətənpərvərlik ruhuna malik, mənəvi-psixoloji cəhətdən hazırlıqlı Azərbaycan Ordusu hər bir əmri dərhal və yüksək peşəkarlıqla yerinə yetirməyə hazırdır. Qarşıda duran ən mühüm vəzifə isə işğal altındakı torpaqlarımızı tezliklə azad edərək xalqımız və dövlətimiz tərəfindən Silahlı Qüvvələrə göstərilən etimadı doğrultmaqdır. Azərbaycan Ordusu gecə-gündüz əzmlə çalışmaqla bu hədəfə doğru inamla yaxınlaşır.

İsmayıl Qocayev

Yazı Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş "Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsinə təqdim edilir