Britaniya XİN: Rusiya Krımı Ukraynaya qaytarmalıdır






Britaniyanın xarici işlər nazirliyinin yaydığı bəyanatda XİN başçısı Philip Hammond israr edib ki, Rusiya Krımı Ukraynaya qaytarsın.
"Bir il öncə Krımın Rusiya tərəfindən qanunsuz ilhaq olunması beynəlxalq qanunvericiliyin açıq-aşkar pozuntusu idi. Bu, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə tam saymazlıq göstərdi və mən [ilhaqı] sərt qınayıram", cənab Hammond deyib.
XİN başçısının sözlərinə görə, Birləşmiş Krallıq ötən il Krımda keçirilən "referendumu" tanımır, səsvermə isə "ayıbörtən" əməliyyat olaraq həyata keçirilib.
Philip Hammond qeyd edib ki, sərhədləri dəyişmək üçün gücün tətbiq olunması "tamamilə qəbuledilməzdir" və beynəlxalq təhlükəsizliyi təhlükə altına qoyur.
Krım ötən il martın 18-də formal olaraq Rusiyaya birləşdirilib, lakin bu addım beynəlxalq icma tərəfindən tanınmayıb.
Bundan əvvəlsə, kimliyi bilinməyən silahlılar yarımadanı ələ keçirib və cənab Putin də bildirib ki, o "Krımın özünümüdafiə qüvvələrinə" yardım üçün qoşun göndərib.
Baş verənlər ABŞ və Avropa İttifaqının Rusiyanın iqtisadi sektorlarına və müxtəlif şəxslərinə qarşı sanksiyalar tətbiq etməsilə bitib.