"Bu, ABŞ və Türkiyə arasında böyük narazılığın başlanğıcıdır"




"Rusiyanın Türkiyə-Suriya sərhədinə qoşun yeritməsi və öz bayrağını asması ABŞ-la paralel şəkildə baş verdi”.

Bunu Sherg.az-a Rusiya PKK-nın Suriya qolu olan YPG/PYD terror qruplaşmasını Türkiyənin zərbələrindən qorumaq üçün gözlənilməz şəkildə Türkiyə-Suriya sərhədinə öz bayrağını yeritməsi ilə bağlı danışarkən konfliktoloq Elxan Mehdiyev deyib. 

O bildirib ki, Türkiyənin həmin ərazidəki YPG/PYD qüvvələrini bombalamasından sonra Amerika və Rusiya eyni anda öz hərbi qüvvələrini həmin əraziyə yeridib:

"Bu proses Türkiyə ilə Rusiya arasında deyil, daha çox ABŞ və Türkiyə arasında böyük narazılığın başlanğıcıdır. Çünki Türkiyə həmin ərazidəki kürd-PKK qüvvələrinin hərbi bazalarını hava zərbəsinə məruz qoyduqdan sonra amerikan və rus qüvvələri buna etiraz olaraq Türkiyə ilə sərhəddə, YPG/PYD-nin nəzarətində olan bölgələrə öz hərbi qüvvələrini yeritdi. Beləliklə Türkiyəyə bu ərazilərə müdaxilə etməmək barədə mesaj göndərildi. Bu məsələ nə qədər paradoksal olsa da həm Rusiyanın, həm də Amerikanın maraqları YPG/PYD kürd qüvvələri ilə bağlı üst-üstə düşür. Onlar YPG/PYD birləşmələrindən Suriyanın yerli əhalisi və yerli qüvvələri olaraq İŞİD-ə qarşı mübarizədə istifadə etmək niyyətindədirlər. Bu baxımdan Türkiyə ilə onlar terror hissəsindədir və PKK-nın bir qanadı sayılır. İndi bu mərhələdə məsələ gələcək narazılıqların, qarşıdurmaların başlanğıcı da ola bilər. Hər şey ayın 16-sı Ərdoğan və Trampın görüşündən sonra aydınlaşacaq. Vəziyyət hələ ki, gözləmə halındadır”.

Qeyd edək ki, Rusiyanın bu addımından sonra Türkiyə radikal addım ataraq, sərhədə əlavə hərbi qüvvələr yeridib. Ankara bununa yanaşı, Rusiyaya dipomatik kanallara öz etirazını çatdırıb. Ancaq bayraq hələ ki götürülməyib.

Aysel Aslan