"Azərbaycan özünün müstəqillik və demokratiya tarixinin ən güclü dövürünü yaşayır. Geostrateji mövqeyini daima gücləndirir, mühüm qlobal iqtisadi layihələr həyata keçirir, vətəndaşların rifahını və yaşam keyfiyyətini yüksəldir, güclü ordu qurur. Bütün bunlar isə anti-azərbaycançı mərkəzləri olduqca narahat edir”.
Bunu "Sherg.az”a ölkəmizdə baş tutacaq prezident seçkiləri ərəfəsində xaricdə yaşayan soydaşlarımızın ölkəmizə qarşı başlatdıqları "qara piar" kampaniyasından danışarkən "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.
O vurğulayıb ki, ölkəmiz hazırda mühüm əhəmiyyətli ictimai-siyasi hadisə ərəfəsindədir:
"Aprel ayının 11-də prezident seçkiləri keçiriləcək. Seçkilərin demokratik əsaslarda baş tutması üçün bütün ictimai və institusional şərtlər təmin edilib. Ölkəmizə qarşı qarayaxmalarla məşğul olan anti-azərbaycançı qüvvələr əvvəllər müxtəlif islamafob və dırnaqarası hüquq müdafiəçiləri olan qeyri-hökumət təşkilatları vasitəsilə Azərbaycanın beynəlxalq imicinə zərər vermək istəyən qruplar şəklində idi. İndi bunu daha çox süni "mühacirlər” vasitəsilə qara piarı aparmağa çalışırlar. Onların vasitəsilə qarayaxma və ictimai rəylə manipulyasiya siyasəti həyata keçirmək istəyirlər. Eyni zamanda bu işə daxili marginal qrupları da cəlb etməklə süni mitinqlər təşkil etməyə çalışırlar.
Heç bir halda ciddi nəticə əldə edə bilmirlər. Çünki hazırda Azərbaycanda mitinqlərin keçirilməsi ictimai sifariş deyil. Mitinqi zəruri edən səbəblər yoxdur. Təbii sosial-siyasi proseslər mitinq məsələsini aktuallaşdırmayana qədər də süni şəkildə ictimai ovqatı mitinq əhval-ruhiyyəsinə kökləmək mümkün olmayacaq.
Təəssüf ki, öz fəaliyyətini ölkənin real ictimai münasibətləri ilə deyil, xarici qüvvələrin diktəsi ilə müəyyənləşdirən bir qrup siyasi macərapərəst mart ayının 10 mitinq keçirməklə bağlı uğursuz cəhd etdi və növbəti dəfə cəmiyyət qarşısında özünü ifşa etdi. Ancaq şübhəsiz ki, mitinq qərarının kortəbii verildiyin da söyləmək doğru olmazdı. Hazırda ictimai-siyasi həyatımızda mühüm siyasi fəallıq mərhələsidir və seçkilərə hazırlaşırıq".
H.Babaoğlu onu da əlavə edib ki, seçkilərin demokratik əsaslarda keçirilməsi üçün mühüm faktorlardan biri olan sabitlik mövcuddur və ölkənin müvafiq institusional qurumları, demokratik təsisatları bunu təmin edilməsi üçün effektiv fəaliyyət göstərir:
"Ancaq görünür, milli maraqlarımızın lehinə olan belə vəziyyət bəzi anti-azərbaycançı mərkəzləri qane etmir. Ona görə, daxilimizdəki marginal qruplar vasitəsilə xaos yaratmaqla demokratik proseslərə kölgə salmaq istəyirlər. Bunun üçün kifayət qədər maddi resursları da səfərbər edirlər. Ancaq göründüyü kimi mitinq adlandırdıqları məcburi toplantıya min-min beş yüzdən artıq insan cəlb edə bilmirlər. Ona görə ki, Azərbaycan cəmiyyəti siyasi hazırlıq baxımından kifayət qədər yetkin cəmiyyətdir və belə mitinqlərin ölkədaxili sabitliyi pozmağa və milli maraqlarımıza zərbə vurmağa hesablandığını yaxşı bilir. Düşünürəm ki, marginal qruplar da onların xaricdəki havadarları da bu həqiqəti başa düşüb Azərbaycanın ictimai rəyi ilə manipulyasiya etməyin mümkün olmadığını nə qədər tez dərk etsələr bir o qədər yaxşı olar”.
Aysel Aslan