“Bu, Azərbaycan üçün böyük qazancdır”

İlham Şaban: “TANAP Xəzər qazının dünya bazarlarına çıxarılması üçün ən yaxşı infrastruktur layihəsidir”


Türkiyə Orta Şərq və Xəzər hövzəsi başda olmaqla, dünyanın enerji resurslarının 1/3-nin olduğu coğrafiyada yerləşdiyini vurğulayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Bakı-Tbilisi-Ərzurum və İran-Türkiyə qaz kəmərləri Türkiyənin bu sahədə qazandığı uğurlar sırasındadır.

İstanbulda 23-cü Dünya Enerji Konqresinin açılış mərasimində çıxış edən zaman Türkiyə Prezidenti eyni zamanda Cənub Qaz Dəhlizinin onurğasını təşkil edən TANAP layihəsindən danışıb: "TANAP-ın davamı olacaq TAP-la Azərbaycan qazı Avropa bazarlarına çatacaq. Türkmənistan qazının da Cənub Qaz Dəhlizi ilə ixracı üçün böyük səy göstəririk. Rusiya qazının ixracı ilə bağlı "Türk axını” layihəsi üzərində işimizi də davam etdiririk. Bu ilin sonunda, 2017-ci ildə böyük addımlar atacağıq. Beləliklə, qaz ticarətində bölgəmizdə etibarlı tərəfdaş kimi çəkimiz artacaq”. Türkiyənin enerji resursları baxımından xaricdən asılı olduğunu söyləyən Ərdoğan bildirib ki, TANAP layihəsinin həyata keçirilməsi ilə Avropa üçün yeni alternativ ortaya çıxacaq. Sözügedən Konqresdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev öz növbəsində TANAP-ın tarixi bir anlaşma olduğunu deyib. TANAP-ın Cənub Qaz Dəhlizinin tərkib hissəsi olduğunu vurğulayan İlham Əliyev deyib ki, bu digər önəmli layihələrə təkan verir: Cənub Qaz Dəhlizi bu gün dünya miqyasında ən böyük enerji layihələrindən biridir. Cənub Qaz Dəhlizinin sərmayə tutumu 45 milyard dollardır və dörd önəmli layihədən ibarətdir. Birincisi, TANAP-dır ki, bizim qazı Gürcüstan-Türkiyə-Yunanıstan sərhədinə çatdırır. Digəri Cənubi Qafqaz qaz kəməridir ki, Azərbaycan qazını Türkiyə sərhədinə gətirir. Üçüncüsü, Trans-Adriatik kəməridir və nəhayət, dördüncüsü, "Şahdəniz” qaz yatağının ikinci fazasının işlənməsidir”.

İstanbulda 23-cü Dünya Enerji Konqresinin açılış mərasimində söylənən fikirləri şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban da "Şərq”ə açıqlamasında TANAP-ın Azərbaycan qazının satılması üçün bir vasitə olduğunu deyib: "Xəzər qapalı hövzə olduğu üçün Azərbaycan qazının dünya bazarına çıxışı məhduddur. Bu layihə isə birbaşa Azərbaycan qazının dünya bazarlarına çıxarılması üçün tikilir. TANAP Xəzər qazının dünya bazarlarına çıxarılması üçün ən yaxşı infrastruktur layihəsidir. Nəzərə alaq ki, 21-ci əsr başlayandan bu məsələ müzakirə olunurdu. Amma heç kəs bu infrastrukturu reallaşdırmağı öz üzərinə götürmürdü. Nəhayət ki, iki onillik başa çatandan sonra Türkiyə və Azərbaycan birləşərək bu layihəni realizə etdilər. Daha doğrusu, edirlər. Belə ki, 2011-ci ildə sözügedən layihə Azərbaycanın təşəbbüsü ilə gündəmə gəldi və 2012-ci ildə hökumətlərarası saziş imzalandı. Nəhayət, Azərbaycan 2018-ci ildə 16 milyard kubmetr qazını bu layihə vasitəsi ilə Avropa bazarlarına çıxaracaq. Və növbəti onilliklər boyu Azərbaycanın öz qazını Avropa bazarında satmaq imkanı olacaq. Bu, kifayət qədər böyük qazancdır. Yuxarıda da qeyd etdiyim kimi, Azərbaycan qazını Avropaya infrastruktur olmadığına görə çıxara bilmirdi. Amma TANAP-ın reallaşması ilə bu məsələ öz həllini tapacaq”.

Şəymən