Sarkisyanın Azərbaycanın işğal olunmuş torpaqlarına səfəri vəziyyəti gərginləşdirəcək
Ermənistan prezidenti Serj Sarkisyan işğal etdikləri Azərbaycan torpaqlarına "işgüzar” səfər edib. Sarkisyan İrəvandan Xankəndi hava limanına hərbi vertolyotla gəlib. Hərbi formada olan prezidenti qondarma rejimin "rəhbəri” Bako Saakyan qarşılayıb. Xatırladaq ki, bundan əvvəl də Sarkisyan Dağlıq Qarabağa səfərlər edib.
Cəbhədə baş vermiş döyüşlərdən sonra isə bu, Sarkisyanın Dağlıq Qarabağa ilk səfəridir. Ermənistan rəhbərinin seperatçıları ziyarət etməsinə Xarici İşlər Nazirliyi münasibət bildirib. Qurumun mətbuat katibi Hikmət Hacıyev deyib ki, Ermənistan rəhbərliyinin işğal olunmuş Azərbaycan ərazilərinə səfəri və orada hərbi müşavirə keçirməsi ağır olan vəziyyətin daha da gərginləşməsinə xidmət edən növbəti təxribatçı addımdır. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi bu kimi təhrikçi əməlləri ilə beynəlxalq hüququn norma və prinsiplərinə zidd addım atdığını bir daha sübut etdi: "Bu, bir daha onu göstərir ki, 2 aprel tarixindən başlayaraq qoşunların təmas xəttində yaranmış gərginliyin və atəşkəs rejiminin intensiv şəkildə pozulmasının arxasında məhz rəsmi Yerevan dayanır. Ermənistan rəhbərliyinin təcavüzkar siyasətini davam etdirməsi, atəşkəsin pozulması və gərginliyin artmasına yönəlmiş addımları regional sülh və sabitlik üçün ciddi təhlükədir. Bir daha bildiririk ki, cəbhədə vəziyyətin gərginləşməsinə görə məsuliyyət işğalçı dövlət kimi tam şəkildə Ermənistanın üzərinə düşür”.
Millət vəkili Aydın Mirzəzadə isə bildirib ki, Sarkisyanın bu səfəri Ermənistan cəmiyyətinə mesaj xarakteri daşıyır: "Sarkisyanın Dağlıq Qarabağa səfəri heç nəyi dəyişmir. Azərbaycanın apardığı siyasət Ermənistanın işğalçılıq siyasətini darmadağın etdi. Artıq bütün dünya üçün hər şey gün kimi aydındır. Hazırda Ermənistan özünün apardığı siyasətin acı nəticələrini dadır. Sarkisyan əvvəllər də Dağlıq Qarabağa səfərlər edirdi. Bütün səfərlərdə özünü ordunun komandanı kimi qələmə verməyə çalışırdı. Amma indi məlum olur ki, o, siyasətdə və döyüş meydanında uduzmuş ordunun komandanıdır. Bu səfər də Ermənistan cəmiyyətinə Sarkisyanın nəyəsə nəzarət etdiyini, hansısa bir gücə malik olduğunu göstərməkdən ötrüdür. Ermənistan cəmiyyəti ona inanmır. Ermənilərin sosial şəbəkədəki yazılarından və rəylərindən görünür ki, Ermənistan artıq Azərbaycana məxsus olan torpaqlarda öz oğullarının ölməsini istəmir. Bu baxımdan Sarkisyanın bu səfərini Azərbaycan əsgəri tərəfindən dağıdılmış Ermənistan mövqelərinə ürək ağrısı ilə baxmaq səfəri də adlandırmaq olar”.
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Sarkisyanın səfəri və Qarabağın bu cür silahlandırılması yaxın günlərdə ermənilərin yenə aranı qarışdıra biləcəklərindən xəbər verir: "Sarkisyanın səfər məqsədi Dağlıq Qarabağdakı hərbi mövqeləri, hərbi təcrübənin səviyyəsini öyrənmək, Qarabağda yerləşdirdikləri qoşunların nə dərəcədə hazır olduqlarını nəzərdən keçirməkdir. Rusiya özünü sülhsevər dövlət kimi göstərməyə çalışır. Ancaq son günlər Kreml özü də Ermənistanı silahlandırır. Ermənistana çoxlu sayda tanklar, hərbi təyyarələr göndərir. Azərbaycan Prezidentinin Amerikaya rəsmi səfəri zamanı erməniləri Azərbaycanın üzərinə qısqırtdılar. Sarkisyanın səfəri və Qarabağın bu cür silahlandırılması ondan xəbər verir ki, yaxın günlərdə ermənilər yenə aranı qarışdıra bilərlər”.
İsmayıl