“Bu, əlillərin təhsilə münasibətini stimullaşdıracaq” – Vacib qərar

Prezident İlham Əliyev I və II dərəcəli əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqlarından azad olunması barədə sərəncam imzalayıb.
Sözügedən sərəncamda 2 məqam diqqəti cəlb edir: təhsilin, elmin inkişafı və həssas kontingentin dövlət qayğısı ilə tam əhatə olunması. Cənab Prezidentin sərəncamı bir daha göstərdi ki, ölkəmizdə həyata keçirilən sosial siyasətin mərkəzində Azəbaycan vətəndaşı dayanır.
Sərəncamla bağlı "Sherg.az”a danışan tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov əlilliyi olan şəxslərin təhsil haqlarından azad edilməsini yüksək dəyərləndirir.
Ekspertin sözlərinə görə, ölkə başçısı 2019-cu ilin əvvəlində ali təhsil müəssisələrində ödənişsiz plan yerlərinin 50 faizə çatdırılması barədə sərəncam imzalayıb:
"Bundan sonra isə I və II qrup əlilliyi olan şəxslərin təhsil haqqından azad edilməsi ödənişsiz təhsil alanların sayına kəskin şəkildə təsir göstərəcək. Vacib bir məqamı qeyd edim ki, hazırda ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, eləcə də orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təqribən 2500 nəfər əlilliyi olan şəxs təhsil alır. Həmin tələbələrin illik təhsil haqqı xərclərinin ödənilməsi üçün orta hesabla 4 milyon manat vəsait tələb olunur. Bu kateqoriyaya malik olan şəxslər var idi ki, onlar maddi imkanları olmadığı üçün ali təhsil ala bilmirdilər. Amma bundan sonra fiziki çatışmazlığı olan şəxslər də ödənişsiz ali təhsil ala biləcəklər və onların cəmiyyətə adaptasiyası baxımından bu olduqca müsbət addımdır. 2010-cu ildən universitetlər özünü maliyələşdirməyə keçib və dövlət təkcə tələbə təqaüdlərini ödəmir, eyni zamanda 52 ali təhsil müəsisəsində təhsil alan 60 min tələbənin həmdə təhsil haqlarını ödəyir. Amma son illərdə maddi imkanı olmadığı üçün müəyən qədər şəxs ali təhsil almaqdan məhrum olurdu. "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinə görə, dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. Həmin qanuna əsasən dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir və dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququna malikdir”.
K.Əsədovun fikrincə, ölkədə təkcə orta təhsilin deyil, eyni zamanda ali təhsilin də ödənişsiz olduğunu demək mümkündür:
"Hətta İlham Əliyevin 2003-cü ildə imzaladığı sərəncamla bundan sonra pulsuz orta təhsil alanlara bütün kitablarda pulsuz olaraq verilib. Ölkə Prezidenti Cənab İlham Əliyevin 2013-cü ildə imzaladağı "Təhsilin inkişafı üzrə dövlət stategiyası”nın da əsas istiqamətlərindən biri təhsilin əhatə dairəsinin genişləndirilməsi və əlçatanlığın təmin olunması idi. Bu sərəncamla da qeyd olunan istiqamətlər yerinə yetirilmiş oldu. Çünki buna qədər də aşağıdakı kateqoriyaya aid olanlar azad edilirdisə, bundan sonra təhsil haqqından azad edilənlərin əhatə dairəsi daha da genişləndi.
Ölkə başçısı "2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nı təsdiq edilib. Dövlət Proqramının məqsədi sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməkdən və onların təhsili üçün maneəsiz mühit yaratmaqdan ibarətdir. I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi onların maddi rifah halını daha da yaxşılaşdıracaqdır. Ümumiyyətlə, I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında cənab prezidentin imzaladığı sərəncam çox önəmli bir qərardır. Bu sərəncam əlilliyi olan şəxslərə hər kəs üçün nəzərdə tutulan imkanlardan daha yaxşısını yaratmış olacaq. 
Eyni zamanda, qərar əlillərin təhsilə olan münasibətinin dəyişməsinə gətirib çıxarır və onlara təhsilin əlçatanlığını vəd edir. Mövcud sərəncam əlillər arasında təhsilə olan münasibəti stimullaşdıracaq. Bu sərəncam onların öz potensiallarını dəyərləndirmək və real imkanlara, fəaliyyətə çevirmək baxımından əsas resurs rolunu oynayır. 
Əlillərin sosial-ictimai həyatda tam iştirakını və bərabərliyini, cəmiyyətə inteqrasiya və adaptasiyasına töhvə verəcək bir qərar olduğunu düşünürəm. Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili ilə bağlı çox önəmli islahatlar aparılıb. Nəzərə alaq ki, keçən il Azərbaycanda inkluziv təhsilin inkişafı ilə bağlı dövlət proqramı da təsdiq olunub. Bu da onu göstərir ki, təhsilin bütün pillələrində əlilliyi olan, sağlamlıq imkanları məhdud olan şəxslərin təhsilə cəlb olunması ilə bağlı dövlətin önəmli diqqət və qayğısı var”.
Yeganə Bayramova