Bu işin başında maliyyə durur

“Xruşşovka”ların sökülməsi iqtisadi aktivliyə səbəb olacaq


Bakı şəhərinin 1-ci mikrorayonunun yenidən qurulması ilə əlaqədar baş nazir Artur Rasi-zadə tədbirlər barədə qərar verib. Qərara əsasən, Bakı şəhərinin mikrorayonlarında əsasən Fransanın "Kamyu” şirkətinin istehsalı olan və sonralar "Xruşşovka” kimi tanınan müvəqqəti yaşayış üçün nəzərdə tutulan, öz istismar müddətini başa vurmuş iripanelli yaşayış binalarında yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin edilməsi üçün həmin binaların sökülərək yerində müasir tələblərə uyğun yeni çoxmərtəbəli binalar tikiləcək.

Məsələni dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərli layihənin həyata keçirilməsi üçün hələ ki maliyyə mənbələri haqqında qərar verilmədiyini söyləyib. 

Onun sözlərinə görə, mövcud qərar tikinti sektorunun canlanmasına və iqtisadi proseslərə müsbət təsir göstərəcək

"Texniki cəhətdən "Xruşşovka”ların sökülməsi doğru qərardır. Çünki onlar tikilərkən maksimum 50-60 il dövr üçün nəzərdə tutulub, amma əksəriyyəti öz zamanınını doldurub və söküntü işlərinin aparılması kifayət qədər böyük həcmli tikintinin canlanmasına səbəb olacaq. Tikinti də öz arxasıyca digər sahələri - həm tikinti materiallarının istehsalını, həm daşınmasının lakistikasını inkişaf etdirə biləcək bir sahədir. Bu nöqteyi-nəzərdən təbii ki, müəyyən iqtisadi canlanmaya, iş yerlərinin yaranmasına və iqtisadi aktivliyə təsir göstərə bilər. Sadəcə burda bir neçə məsələ var ki, bu çox önəmlidir. Hələlik bu layihələrin həyata keçirilməsi üçün maliyyə mənbələri aşkar edilməyib. Azərbaycanda çox güman ki, bu ya dövlət büdcəsi hesabına, ya neft fondundan ayrıca ayırmalar hesabına həyata keçirilə bilər. Başqa maliyyə mənbələri yoxdur. 

Ona görə də maliyyə mənbələri tapıldıqdan sonra hansı intensivliklə işlərin aparılacağını söyləmək asan olacaq. İşlərin intensivliyi nə qədər çox olsa təbii ki, bir o qədər də sürətlə iş yerlərinin yaranması prosesinin şahidi olacağıq. Yəni bu, ayrılacaq maliyyə mənbələrindən asılı olacaq. Hələlik maliyyə mənbələri haqqında və bu layihənin dəyəri haqqında təəssüf ki, rəsmi bir məlumat yoxdur. Ayrılıqda vəsaitin həcmi iş yerlərinin də hansı səviyyədə artmasına bir yol göstərəcək. 

Layihənin həyata keçirilməsi üçün maliyyə vəsaiti və nə qədər müddətə nəzərdə tutulması dəqiq deyil. Məsələn, bir neçə həftə bundan öncə Moskvada da buna bənzər plan qəbul olundu. 6 trilyon rubla yaxın vəsaitin ayrılması öncədən elan olundu və 10 illik bir müddət müəyyənləşdirildi. Təbii ki, 10 il ərzində Moskvada "xruşşovka”ların tamamının yenilənməsinə və minlərlə yeni iş yerlərinin yaranmasına səbəb olacağı öncədən hesablamaq mümkün oldu. Azərbaycanda isə hələlik layihənin müddəti və vəsaiti açıqlanmayıb. Müddət və vəsait açıqlandıqdan sonra iqtisadiyyata hansı təsirləri olacağı haqqında daha müfəssəl proqnoz vermək mümkün olacaq”.

Yeganə Bayramova