Bu ölkə Minsk qrupundan çıxarılmalı olacaq - DEPUTAT





Moskva ilə İrəvan arasındakı müqavilə Qarabağın müdafiəsinə aid edilsə, Rusiya Minsk qrupunun həmsədrliyindən çıxmalıdır.

Bunu Sherg.az-a millət vəkili Araz Əlizadə söyləyib.

Deputatın qənaətincə, hazırda Rusiya və Azərbaycan arasında münasibətlər normaldır, gələcəkdə necə olacağı isə prezidentlərdən asılıdır: 

"Rəsmi Moskva və Bakı arasındakı münasibətləri şərh edən Leonid Slutski Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədridir. Rusiyanın xarici siyasətini isə birmənalı olaraq prezident V.Putin müəyyən edir. Rusiya və Ermənistan arasında ordu birləşdirilməsi haqqında verilən qərar ətrafında danışıqlar aparılır. Burada Dağlıq Qarabağ məsələsi də razılaşmaya daxil edilsə, onda Rusiya münaqişə tərəflərindən birinə çevrildiyindən Minsk qrupunun həmsədrliyindən çıxarılmalı olacaq”.

A.Əlizadə bəyan edib ki, Avrasiya İqtisadi Birliyinə daxil olanda Ermənistanın önünə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etməsi şərti qoyulub. Bu səbəbdən Rusiya ilə işağlçı dövlətin birləşmiş ordusu yaradılsa, bu ordunun Qarabağın işğal altında saxlanılmasına aidiyyatı olmayacaq: 

"Dünya ictimaiyyəti bilir ki, Bakının İrəvanla işi yoxdur. Azərbaycan yalnız öz torpaqlarını işğaldan azad etməyi düşünür. Hesab edirəm ki, belə vəziyyət davam edərsə, Azərbaycan ancaq müharibə yolu ilə öz torpaqlarını işğaldan azad edəcək. Onda da Rusiyanın bu seçimə qarışmağa hüquqi və mənəvi haqqı olmayacaq".

Parlamentarinin fikrincə, Ermənistanın yalnız ordusu qalmışdı, o da Rusiyaya birləşdirilir: "Üstəgəl, Ermənistan iqtisadiyyatının 96 faizi Moskvadan asılıdır. Ermənistanda yalnız Serj Sarkisyan qalıb, onu da Rusiyaya satsalar yaxşı olar”.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Rusiya prezidenti Vladimir Putinin Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplaşmasının yaradılması haqqında sazişi təsdiqləməsinin doğru addım olmadığını bildirib. Azərbaycan prezidenti İlham Əliyevlə görüşən Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski isə Rusiya və Azərbaycan münasibətlərinə heç bir qüvvənin xələl gətirə bilməyəcəyi haqqında fakir səsləndirib.

Aysel Aslan