"Bu qərəz Qərbin müsəlman birliyindən narahatlığının ifadəsidir"




"Xarici mətbuatda ölkəmizlə bağlı yazıların dərc olunmasında çox zaman Azərbaycana qarşı qeyri-obyektiv mövqe tutulur”.

Bunu Sherg.az-a Soros fondu tərəfindən maliyyələşdirilən "eurasianet.org” portalında 15 may tarixində dərc olunan məqalədə ölkəmizə qarşı qərəzli məlumatların yer almasına münasibət bildirərkən ilahiyyatçı hacı Şahin Həsənli deyib. 

O bildirib ki, Azərbaycanda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi dövlətimizin islam həmrəyliyinə verdiyi önəmin göstəricisidir:

"Təbii, müsəlmanlar arasındakı birlik bəzi dövlətlərin, Qərb ölkələrindəki müxtəlif dairələrin maraqlarına zidd olduğu üçün belə qarayaxma kompaniyasına başlayırlar. Bu, qeyri-obyektivdir və ancaq Azərbaycanın keçirdiyi beynəlxalq tədbirə kölgə salmaq məqsədi daşıyır. Qərəzli mövqe Qərbdə müsəlman birliyinə atılmış addımdan narahatlığın ifadəsidir”.

Qeyd edək ki, Soros fondu tərəfindən maliyyələşdirilən "eurasianet.org” portalında 15 may tarixində Joşua Kuçeranın müəllifi olduğu "İslam Oyunlarının açılışı oldu, Azərbaycan müsəlman kimliyi ilə mübarizədə” adlı məqalə dərc edilib. Məqalədə Azərbaycanda mövcud olan dini vəziyyət, ölkəmizin dünyəvilik ənənələri və İslam Oyunları ilə əlaqədar məsələlər təhrif olunub və müəllif guya ölkəmizdə məscidlərin dağıdıldığını iddia edib.

Bununla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 17 may tarixində "eurasianet.org” portalında cavab məqaləsi ilə çıxış edib.

O, Joşua Kuçeranın məqaləsində ölkəmizdə dini vəziyyətin düzgün əks olunmadığını bildirib və müəllifin yanlış olaraq müsəlman mənsubiyyəti və dünyəvilik anlayışlarını, ölkəmizdəki dini azadlıq və radikalizmə qarşı mübarizəni bir-birinə zidd kontekstdə təqdim etdiyini qeyd edib.

Ayyət Əhməd