Azərbaycan prezidenti İlham Əliyevin Fransa səfərinə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Fransanın rolunun artırılması kontekstində qiymət vermək daha düzgün olardı”.
Bunu Sherg.az-a millət vəkili Elman Nəsirov deyib.
O bildirib ki, Fransa kimi Avropanın güclü bir dövlətinin prosesdə iştirak etməsi müəyyən taktiki yeniliklər üçün şərait yarada bilər:
"Azərbaycan prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi çoxvektorlu, balanslı və tarazlaşdırılmış xarici siyasət kursunu çox sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq davam etdirir. Hücum taktikasına söykənən bu siyasət kursuna çeviklik elementləri, dinamizm əlavə edilib. Bu nöqteyi-nəzərdən bizim xarici siyasətimizin prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır. Bu konteksdən Azərbaycanın ikitərəfli formatda ayrı-ayrı dövlətlərlə yüksək səviyyədə ikitərəfli münasibətləri beynəlxalq təşkilatlarda da mövqeyimizi gücləndirir. 2017-ci ilin başlanğıcından da intensiv xarici siyasət kursu həyata keçirilir. İl başlayan kimi ölkə prezidentinin Davos, Münhen, Qətər, Pakistan, İran hazırda isə Fransaya səfərləri baş tutdu.
Bir qədər sonra isə Rusiyaya səfəri gözlənilir. Bu səfərlərin xronikası bizə bir daha sübut edir ki, Azərbaycan davamlı xarici siyasət kursu həyata keçirir. Buna görə Prezidentin Fransa səfəri də əhəmiyyət kəsb edir. Bu ikitərəfli əlaqələrin, diplomatik münasibətlərin qurulmasına həsr olunan səfərdir. Təbii ki, Fransa bizim üçün Avropa dövlətinin lokomativ iki dövlətindən biri kimi də olduqca böyük əhəmiyyətlidir. Eyni zamanda Fransa Ermənistan -Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini üzərinə götürən təşkilatın, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Bu reallıq həmin ölkəni bizim üçün önəmli edən amillərdəndir. Təbii ki, Fransan Avropa və dünya siyasətində xüsusi çəkisi olan dövlətdir. Bu nöqteyi-nəzərdən cənab prezidentin səfərinə də həmin konteksdən qiymət vermək düzgün olardı".
Səfərdə ikitərəfli münasibətlərin geniş müzakirə olunduğunu deyən E. Nəsirovun sözlərinə görə, eyni zamanda iqtisadi, ticarət, siyasi dialoq, humanitar sahədə əlaqələr və digər məsələlər diqqətdə saxlanılır:
"Bu səfər çərçivəsində əsas müzakirə olunan məsələ heç şübhəsiz ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Fransanın rolunun daha da gücləndirilməsi olacaq. Nəzərə alsaq ki, bir müddət əvvəl Ermənistan prezidenti Serj Sarkisyanın da Fransaya səfəri baş tutdu. Buna görə, Fransa prezidentinin həm Ermənistan, həm də Azərbaycan prezidentləri ilə həyata keçirdiyi görüşlər münaqişənin tənzimlənməsinə, sülh prosesinə daha fəal qoşulmağa imkan verən məsələdir. Nəzərə almalıyıq ki, 2014-cü ildə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü də Fransa prezidenti Fransua Olland Parisdə həyata keçirmişdi. Düzdür, həmin görüşdən 2 həftə keçməmiş Ermənistan tərəfi təmas xəttində təxribata əl atdı və bununla Parisdə əldə edilmiş nəticələrin üzərindən xətt çəkilmiş oldu. Amma buna baxmayaraq hesab etmək olar ki, Fransa münaqişənin həllində fəallığını artırsa, daha məqsədli nəticələr əldə etmək mümkün olar”.
Qeyd edək ki, bu günlərdə Azərbaycan prezidenti İlham Əliyev Fransaya rəsmi səfər edib. Səfər çərçivəsində Azərbaycan prezidenti bu ölkə rəsmiləri ilə görüşüb.
Ayyət Əhməd