"Rusiya Hərbi-Dəniz Donanmasının baş komandanlığının nümayəndəsinin Azərbaycana davamlı səfərlərində hər hansı siyasi məqsəd yoxdur”.
Bu barədə Sherg.az-a Rusiya Hərbi-Dəniz Donanmasının (HDD) baş komandanlığının nümayəndə heyətinin Azərbaycana səfərinin səbəblərindən danışarkən hərbi ekspert Üzeyir Cəfərov deyib.
O, ötən ilə aid statistikanı diqqətə çatdıraraq qeyd edib ki, Rusiya Hərbi-Dəniz Donanmasının nümayəndələri Azərbaycana çoxsaylı dostluq səfərləri edib:
"Azərbaycan Müdafiə Nazirliyin Hərbi-Dəniz Qüvvələrinin nümayəndə heyətinin də Rusiyaya səfərləri baş tutdu. Bu dənizçilər arasında ənənəvi görüşlərdir. Bir-biri ilə əlaqə saxlamaq, ölkələrinə qonaq getmək ənənədir. Dənizçilər başqa ölkələrə dost xarakterli səfərlər, görüşlər edirlər, həmin ölkələrin tarixi ilə maraqlanırlar. Bu dəfə əsas məqsəd "Dəniz Kuboku – 2017” beynəlxalq müsabiqəyə hazırlıq prosesidir. Onlar prosesi müzakirə etməklə yanaşı həm də müsabiqənin keçirildiyi ərazi ilə tanış olmaq niyyəti ilə Bakıya gəlirlər. Rusiya donanması yay aylarında keçiriləcək kubokda zəif yer tutmamaq üçün müsabiqə haqqında indidən hazırlıq işlərinə başlayıb. Rusiya müdafiə naziri bu məsələyə xüsusi önəm verir. Azərbaycan müdafiə naziri ötən ilki görüşlərdə "Dəniz kuboku-2017” müsabiqəsinin ölkəmizdə keçirilməsi barədə razılıq əldə etmişdi. Ruslar Azərbaycan Hərbi-Dəniz komandanlığı ilə görüşlərində həm də dəniz qüvvələrimizin hazırlıq prosesi ilə də maraqlanacaqlar.
Bildiyim qədərilə, "Dəniz Kuboku -2017” müsabiqəsində beynəlxalq çərçivədə başqa ölkələr də iştirak edəcək. Iranın, Türkiyənin, Qazaxıstanın hətta ilk dəfə olaraq, Türkmənistanın da komandası iştirak edə bilər. Burada dəniz təhlükəsizliyinin təmin edilməsinin təkmilləşdirilməsi əsas məqsəd olaraq götürülüb. Birgə fəaliyyəti koordinasiya etmək, Xəzər dənizində və başqa dənizlərdə sırf dənizçilərin, donanma üzvlərinin dostluq münasibətlərini inkişaf etdirmək ön plandadır. Hərbi-dəniz qüvvələrinin müzakirə mövzuları arasında qaçaqmalçılığa, qeyri-qanuni fəaliyyətə qarşı birgə təlimlər, tədbirlər də nəzərdə tutulur. Burada başqa siyasi aspekt yoxdur, çünki çox rahat şəkildə ruslar Azərbaycanın belə tədbirlərdə aktiv iştirakına normal baxır. Azərbaycan Müdafiə Nazirliyi razılıq əsasında görüşlərdə və yarışlarda aktiv iştirak edəcək”.
Qeyd edək ki, Rusiya Hərbi-Dəniz Donanmasının (HDD) baş komandanlığının nümayəndə heyəti Azərbaycana səfər edib. Məlumata görə, səfərin məqsədi "Dəniz Kuboku-2017” beynəlxalq müsabiqəyə hazırlıq prosesini müzakirə etməkdir.
Aysel Aslan