"Bu, Türkiyəni supergüclərin oyununun bir parçasına çevirdi" - ŞƏRH




Türkiyə regionun aparıcı dövlətləri olduğu üçün Suriya probleminə daha sakit formada yanaşmalı idi.

Bunu Sherg.az-a politoloq Tofiq Abbasov söyləyib.

 Ekspertin sözlərinə görə, rəsmi Ankara  region və qlobal proseslərdə aparıcı rolunu göstərməyə başlayıb:" 
Türkiyə əvvəldən də məsələyə fərqli şəkildə yanaşdı. Suriya Türkiyənin qonşusudur və istənilən halda qardaş ölkə orada törədilən hadisələrə sakitləşdirici tərəf kimi yaxınlaşmalı idi. Əksinə, Türkiyə  Suriyaya "odun üzərinə benzin tökən" formada müdaxilə etdi. Bu Türkiyəni fövqəl qüvvələrin oyununun bir parçasına çevirdi. 

Daxilində sabitliyin pozulması, kürd məsələsinin gündəmə gətirilməsi kimi təhdidləri  Türkiyə öz əli artırmış oldu. Buna qədər xarici siyasətdə yanlışlar, boşluqlar özünü göstərsə də, yeni üçlünün fəaliyyəti ilə Türkiyənin xarici siyasətində dəyişiklik yaranacaq. Türkiyənin Suriyadakı problemə birbaşa və qabardıcı şəkildə yanaşması onun buradan xeyri güdməsindən, pay əldə etmək istəyindən irəli gəlirdi. Lakin Suriyanın taleyinin həll edilməsi Türkiyəyə heç bir pay verilməsinə zəmanət vermirdi. Qərb dövlətləri tarixdən də məlum olduğu kimi, Suriya kimi ölkələrin mandatını öz əlində saxlayıb, xalqları istismar etdiyindən indiki dövrdə Türkiyənin bu məsələdən xeyirli çıxması mümkün deyildi".

T. Abbasov əlavə  edib ki,  Suriya probleminin həllində Türkiyənin Qərb cəbhəsində deyil, Rusiya müttəfiqləri sırasında olması daha səmərəlidir: 

"Bu, Türkiyənin özünün daxili sabitliyi probleminin həllinə də şərait yaradacaq. Türkiyə rəhbərliyi və xalqı həmrəy olub, terrora qarşı mübarizə aparmalıdır. Türkiyə bu şəkildə daxili məsələlərini həll etsə və digər ölkələrin işlərinə qarışmasa terrora qarşı özünü sığortalaya bilər".

Aysel Aslan