“Bu yazı qərəzlidir”

Mətbuat katibi “Şərq”in əməkdaşını “Nəbatat bağı”na çağırdı



"Yeni Müsavat” qəzetinin ötən sayında "Bakının "Nəbatat bağı” müəmmalı şəkildə məhv edilir” başlıqlı məqalə dərc olunub. Yazıda göstərilir ki, onillərlə yaşı olan ağaclar susuzluqdan quruyub.
Torpağın üzündə yaranan çatlar buranın aylardır ki, suvarılmadığından xəbər verir. Bitkilərə normal qulluq edilmədiyindən qiymətli kol bitkiləri alaqların arasında itib, batıb. Bəzi bəzəkli lövhələrin üzərində bitkinin sadəcə, adı qalıb, özü isə çoxdan quruyaraq, məhv olub. Bağın hər tərəfində saralmış otlar, kəsilmiş ağaclar gözə dəyir. Bundan başqa, müəllif qeyd edir ki, quruyan ağaclar arasında xaricdən gətirilən nadir ağac növləri də var: "Müşahidə apardığımız bir neçə saat ərzində bağda ağaclara qulluq edən bir nəfərə belə, rast gəlmədik. Addımbaşı ziyarətçilərin giriş çekinin olub-olmamasını yoxlayan onlarla mühafizəçinin olması isə buranın kommersiya baxımından rəhbərlik üçün daha önəmli olduğunu sübut edirdi. Ancaq təəssüflə söyləmək olar ki, vəziyyət bu cür davam etsə, bir neçə ilə "Nəbatat bağı”ndan əsər-əlamət qalmayacaq”. Eyni zamanda qəzet bildirir ki, bağa giriş 1 manat, orada fotosessiyanın edilməsi 20 manat, videoçəkilişin aparılması isə 50 manatdır. Mərkəzi "Nəbatat bağı” Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun nəzdində fəaliyyət göstərdiyindən bu qurumun mətbuat xidməti ilə əlaqə saxladıq. İddialara aydınlıq gətirən AMEA sözçüsü Baba Yaşaroğlu "Şərq”ə açıqlamasında "Yeni Müsavat”dakı faktları təkzib etdi: "Bu, qərəzli şəkildə yazılıb. Oradakı mənzərə heç də qeyd olunan kimi deyil. Sizi də həmin bağa dəvət edirəm. Gəlin, siz də baş çəkin. Onda vəziyyətin deyildiyi kimi olmadağının şahidi olacaqsınız. Sadəcə, qərəzli və əsassız məlumatlardı”.

Kəsilmiş ağaclara dair fikirlərə diqqət çəkən müsahibimiz vurğuladı ki, bunlar bağın təmizlənməsi və ağacların budanması ilə əlaqədardır: "Müntəzəm olaraq orada təmizlik işləri aparılır. Sadəcə jurnalistin məqamına düşüb və həmin şəkilləri çəkib, "ağaclar kəsilir” adı ilə tirajlayıb. Orada heç bir ağac kəsilməyib. Ağac kolları təmizlənib”. Bağa giriş, bağda fotosessiya və fotoçəkilişin ödənişinə gəlincə, B.Yaşaroğlu bunu xidmət personalı və maliyyə məsələləri ilə izah etdi: "Bu barədə sakinlərə bağın girişində məlumat verilir. Kiminsə aldadılmasından söhbət belə gedə bilməz”.

Ayyət Əhməd