Nazirin proqnozları bədbindir, qeyri-neft sektorundan daxilolmalar azalıb
Büdcə Milli Məclisdə müzakirəyə çıxarıldı
2016-cı ilin dövlət büdcəsinin gəlir və xərclərində azalmalar var
Nazirin proqnozları bədbindir, qeyri-neft sektorundan daxilolmalar azalıb
Nazirin proqnozları bədbindir, qeyri-neft sektorundan daxilolmalar azalıb
Ötən gün Milli Məclisin iclasında 2016-cı il dövlət büdcə layihəsi müzakirəyə çıxarılıb. İclasda Baş nazir Artur Rasizadə də iştirak edib. Parlamentin sədri Oqtay Əsədov büdcə ilə bağlı danışarkən deyib ki, bütün problemlərə baxmayaraq Azərbaycan iqtisadiyyatı davamlılığını qoruyub saxlayıb: "Büdcə layihəsi göstərir ki, növbəti ildə də iqtisadiyyatın real artımı gözlənilir. Gələn ilin gəlir və xərclərində azalma baş verib, amma büdcənin sosial yönümü qorunub saxlanılıb.
Büdcə azaldılmasının əsas hissəsi Neft Fondundan transfertlərin azalmasında hiss olunub. Bu azalma 42 faiz təşkil edir. İnvestisiya layihələrinin müəyyən müddət təxirə salınması hesabına büdcə xərcləri azaldılıb. Büdcə zərfi komitə iclaslarında geniş müzakirə olunub və plenar iclasa verilib”.
"Neftdən gələn gəlirlər azaldıqca, iqtisadiyyata mənfi təsir edəcək”
Milli Məclisin İqtisadiyyat komitəsinin sədri Ziyad Səmədzadə büdcə haqqında fikirlərini səsləndirərkən vurğulayıb ki, qlobal dünya böhranı çərçivəsində dünya ölkələrində qarşıdurmalar artır: "Neftin qiymətinin sürətlə aşağı düşməsi neft istehsal və istehlak edən ölkələrdə problem yaradır. Ən başlıcası neftin qiyməti 2 dəfəyədək aşağı düşüb. Bu, büdcə gəlirlərini, neftdən transfertlərin azalmasına səbəb olub. Amma son illərdə Azərbaycan iqtisadiyyatında baş verən dəyişikliyin ana xətti qeyri-neft sektorunun inkişafının payına düşüb. Azərbaycanın müstəqilliyinin ilk illərində qeyd edilirdi ki, ölkəmizin iqtisadiyyatı neftdən asılıdır və neftdən gələn gəlirlər azaldıqca, iqtisadiyyata mənfi təsir edəcək. Amma bu gün qeyri-neft sektorunun inkişaf dinamikası onu deməyə imkan verir ki, qeyri-neft sektorundan gələn gəlirlər çoxalır. Büdcə gəlirlərinin azalması o demək deyil ki, Azərbaycanın gəlirləri azalıb. Qeyri-neft sektoru hesabına yeni iş yerləri açılıb, Azərbaycan öz məhsulunu istehsal edir. Qarşıdakı dövrdə də neft-qaz kompleksi sürətlə inkişaf edəcək. Təbii ki, bizim problemlərimiz var və problemlər haqqında hökumət üzvləri, deputatlar fikirlərini deyəcəklər”. Deputat qeyd edib ki, Azərbaycanda 30 min iş yerinin bağlanması çox ciddi məsələdir: "Eyni zamanda sistemli təhlil etməliyik ki, heç bir vaxt işsizliyin səviyyəsi əldə etdiyimiz hədlərdən aşağı olmasın. Artıq bu istiqamətdə işlər gedir. Fundamental müəssisələr, yeni iş yerləri açılmalıdır. Texnoparklar yaradılıb, amma problemlər var, onların ixrac potensialı artırılmalıdır. Onlar vergilərdən azad edildi. Bu qədər azaldılmanın həddi olmalıdır və buna yenidən baxılmalıdır. Z.Səmədzadə kənd təsərrüfatı məhsullarının bazara çıxarılmasındakı yaranan problemlərə də toxunub: "Biz hər kiloqram məhsulun bazara çıxmasına nail olmalıyıq. Burada əngəllər var. Anbarlar lazımi qədər istifadə edilmir. Kənd təsərrüfatı məhsullarının çıxarılmasında problem qalmaqdadır. Ümumilikdə hesab edirəm ki,
Azərbaycan dövlətinin 2016-cı il büdcəsi milli maraqlara cavab verir. Bu il Azərbaycan iqtisadiyyatına 18 milyard investisiya qoyulacaq. Bunun da yarısı daxili investisiya hesabına olacaq”.
Büdcəyə daxilolmalar azalıb
"2016-cı ilin dövlət büdcəsinin gəlirləri Ümumi Daxili Məhsulun 25,2 faizi olmaqla, mütləq ifadədə 14,566 milyard manat nəzərdə tutulub. Bu da 2015-ci ilin göstəricisindən 4,872 milyard manat azdır”.
Bunu isə Maliyyə naziri Samir Şərifov gələn il üçün dövlət büdcə zərfinin müzakirəsində deyib. Nazir qeyd edib ki, 2016-cı ilin dövlət büdcəsinin gəlirlərinin 6,773 milyard manatı qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək: "Ölkə iqtisadiyyatına xarici mənfi təsirlərin azaldılması üçün büdcə-fiskal tədbirləri görülüb. Azərbaycanın qonşu ölkələrində, xüsusilə Rusiyada baş verən tənəzzül Müstəqil Dövlətlər Birliyi ölkələrinə də təsir edib. Buna baxmayaraq Azərbaycan iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirib. Cari ildə Azərbaycan iqtisadiyyatı 3,7 faiz artıb. Həmin dövrdə qeyri-neft sektorunda 6,4 faiz qeydə alınıb. Ölkə iqtisadiyyatına xarici mənfi təsirlərin azaldılması üçün büdcə-fiskal tədbirləri görülüb. 2016-cı ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6,602 milyard manat daxilolma proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqayisədə 510 milyon manat azdır. 2016-cı il dövlət büdcəsinin xərcləri ÜDM-in 28,2 faizi səviyyəsində və yaxud 2015-ci illə müqayisədə 7,1 faiz azdır.
"Qarşıdakı 3 il ərzində neftin baza qiyməti 50 dollar götürülüb”
"2016-cı ildə Azərbaycan iqtisadiyyatında artımın 1,8 faiz olacağı, qarşıdakı 3 ildə isə 3,7 faizlik artım proqnozlaşdırılır”. Bu sözləri isə İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib. O qeyd edib ki, gələn il ölkədə inflyasiya 3,3 faiz səviyyəsində gözlənilir: "Makroiqtisadi proqnozlarda gələn il və qarşıdakı 3 il ərzində neftin baza qiyməti kimi 50 dollar götürülüb. Dünyada geosiyasi risklərin artması, qlobal enerji bazarında qeyri-sabitlik orta və uzunmüddətli dövrdə qabaqlayıcı tədbirləri zəruri edir. Dünya iqtisadiyyatında baş verən proseslər, xüsusilə valyuta ehtiyatlarından səmərəli istifadənin, sahibkarlığa dəstəyin, biznes və investisiya mühitinin yaxşılaşdırılması tədbirlərinin əhəmiyyətini artırır”.
Nazir əlavə edib ki, dünya iqtisadiyyatında mövcud risklər təhlil edilib və qarşıdakı 3 ildə makroiqtisadi proqnozlarla bağlı müxtəlif ssenarilər hazırlanıb.
Şahin Mustafayev onu da bildirib ki, dərman bazarında olan pozuntuları aradan qaldırmaq üçün yeni metodologiya əsasında dərman qiymətlərində dəyişiklik edilib.
"Qarşıdakı ildə neftin qiymətləri əhəmiyyətli dərəcədə aşağı olacaq”
Parlamentdə gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov ölkənin valyuta ehtiyatlarından, bankların durumundan danışıb. E.Rüstəmov deyib ki, dünya iqtisadiyyatında geosiyasi gərginliklər artıb, iqtisadi ticarət və iqtisadi aktivlik zəif olaraq qalır. Onun sözlərinə görə, dünyada ticarət, məzənnə və valyuta müharibələri kəskinləşib: "Qarşıdakı ildə neftin qiymətləri əhəmiyyətli dərəcədə aşağı olacaq. 2011-ci ildə tədiyyə balansı 17 milyard dollar idi. 2015-ci ilin sonunda tədiyyə balansının 2 milyard dollar olacağı gözlənilir. Başqa sözlə, tədiyyə balansı 2011-ci il ilə müqayisədə 8 dəfə az olacaq”. Baş bankir bildirib ki, yüksək dollarlaşma səbəbindən Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları azalıb: "2014-cü ildə Mərkəzi Bankın valyuta ehtiyatları 15 milyard dollar idi. Bu ehtiyatları biz daxili bazardan almışdıq. Devalvasiyadan sonra ilk dəfə may-iyun aylarında biz daxili bazardan dollar aldıq. İyul ayında isə dollarlaşma səviyyəsi yenidən yüksəldi. İndi dollarlaşma səviyyəsi 10 il əvvəlki səviyyədədir”. Hazırda Mərkəzi Bankın valyuta ehtiyatlarının 7 milyard dollar olduğunu deyən E.Rüstəmov bu göstəricinin beynəlxalq normalara uyğun olduğunu bildirib: "Çevik məzənnə siyasətinə keçidlə bağlı məsələlər ciddi araşdırılır. Bu siyasətə keçid texniki hazırlıq və soyuqqanlı yanaşma tələb edir. Bununla bağlı beynəlxalq təşkilatlarla müzakirələr aparırıq. Manatın məzənnəsi neftin qiyməti, tədiyyə balansının vəziyyəti və tərəfdaş ölkələrin valyuta siyasəti ilə müəyyənləşir. 2016-cı ildə də belə olacaq. Göründüyü kimi, məzənnəyə təsir edən başlıca amillər ölkədən, milli iqtisadiyyatdan kənarda formalaşır. Müxtəlif çevik məzənnə siyasəti çoxdandır ki, MB-nin gündəliyindədir. Bu məsələlər ciddi araşdırılır. Əlaqədar beynəlxalq təşkilatlarla geniş müzakirə edilir”.
"İlin sonuna kimi inflyasiya birrəqəmli səviyyədə qalacaq”
"Bu ilin sonuna kimi inflyasiya birrəqəmli səviyyədə qorunub” - deyən baş bankir vurğulayıb ki, 8 ayda orta illik inflyasiya 3,8 faiz təşkil edib ki, bu da tərəfdaş ölkələrdəki səviyyədən 8,3 faiz aşağıdır: "Hesabat dövründə əhalinin gəlirlərinin artımı inflyasiyanı üstələyərək 2,1 faiz artıb. İlin sonuna kimi orta illik inflyasiyanın birrəqəmli səviyyədə qalacağı gözlənilir. 2016-cı ildə MB-nin yürüdəcəyi pul siyasəti hökumətin inflyasiya üzrə proqnozunun reallaşmasına dəstək verəcək”.
"Azərbaycan Mərkəzi Bankı kreditlərin keyfiyyətinin qorunması, həm də borcalanların maliyyə yükünün tənzimlənməsi üçün səlahiyyətləri çərçivəsində tədbirlər görür”- söyləyən E.Rüstəmov bildirib ki, MB-nin tövsiyəsi ilə banklar ilin əvvəlindən ümumi məbləği 600 milyon manat həcmində 110 minə yaxın krediti yenidən strukturlaşdırıb: "Restrukturizasiya əhalinin borc yükünün yumşaldılmasına xidmət edir. Banklar uzanma müddətində faiz dərəcələrini azaldır. Hətta bəzi uzanma dövründə bəzi banklar faiz almırlar. E.Rüstəmov bankları bu prosesdə daha fəal olmağa çağırıb. AMB rəhbəri vurğulayıb ki, belə maliyyə konsensusu həm əhalinin, həm də bankların maraqları arasında optimal bir balansı tapmalıdır.
"30 min iş yerinin bağlanması ciddi siqnaldır”
"30 min iş yerinin bağlanması ciddi siqnaldır və bu, dövlətə əlavə yük deməkdir”. Bu sözləri parlamentin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.
Onun sözlərinə görə, həmin iş yerlərinin nə səbəbə bağlanması məsələsi ictimailəşməlidir: "İş yerlərinin bağlanması dövlətdən əlavə məşğulluğa görə müavinətlərin alınmasına səbəb olacaq. Dövlət vəsait ayırır, prezident rayonlara səfərlərində iş yerlərinin açılışında iştirak edir. İş yerlərinin bağlanması səbəbləri araşdırılmalı və subyektiv səbəbləri varsa, aradan qaldırılmalıdır”.
Səhiyyənin inkişafından danışan M.Quliyev bildirib ki, səhiyyəyə son illərdə büdcədən ayrılan vəsaitin həcmi artır: "Hesab edirəm ki, gələn ildən gec olmayaraq icbari tibbi sığortanın tətbiqinə başlanmalıdır. Pilot şəklində bunu tətbiq etməliyik ki, ondan sonrakı ildə keçidi həyata keçirək. Əgər yenə bunu ləngitsək, dövlətin büdcə yükünü artıracağıq”. Millət vəkili qeyd edib ki, səfirliklərdə çalışan işçilər, diplomatlar işlədikləri ölkələrdən gələrkən, orada əldə etdikləri daşınan əmlakı gətirərkən dövlət rüsumundan azaddırlar, amma Diplomat statusu olmayan, lakin beynəlxalq təşkilatlarda işləyənlər isə bununla bağlı problemlə üzləşir: "Dövlət göndərir və onlar orada əldə etdikləri daşınan əmlakı gətirərkən gömrük rüsumu ilə üzləşirlər. Hesab edirəm ki, diplomatlara edilən bu güzəşt onlara da edilməlidir”.
Anar Bayramoğlu