Müzakirə olunan qanun layihələri oktyabrın 20-də payız sessiyasının son iclasında səsə qoyulacaq
Büdcə müzakirələri başa çatdı
Milli Məclis hökumətə 5 gün vaxt verdi
Müzakirə olunan qanun layihələri oktyabrın 20-də payız sessiyasının son iclasında səsə qoyulacaq
Müzakirə olunan qanun layihələri oktyabrın 20-də payız sessiyasının son iclasında səsə qoyulacaq
Dünən Milli Məclisdə 2016-cı il üçün büdcə zərfinin müzakirəsi davam etdirilib. Büdcə layihəsi ilə bağlı millət vəkilləri fikirlərini və təkliflərini irəli sürüblər. Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, neqativ amillər dünya iqtisadiyyatına öz təsirini göstərməkdədir: "Azərbaycan iqtisadiyyatında önəmli rolu olan neftin qiymətinin aşağı düşməsi büdcəmizə təsirsiz ötüşə bilməzdi. Amma ölkəmiz Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində bütün neqativ halların qarşısını peşəkarlıqla alır və iqtisadiyyatımız davamlı inkişaf edir.
Azərbaycan hökuməti düzgün yol seçərək Dövlət Neft Fondundan asılılığı azaltdı, qeyri-neft sektoruna üstünlük verdi. Dövlət büdcəsində gəlirlər azalsa da, sosial sahələrə ayrılan maliyyə vəsaiti azalmayıb. Bu isə büdcə tərtib edilərkən əsas diqqətin xalqın rifah halının yaxşılaşdırılmasına yönəldiyini göstərir. Kənd təsərrüfatına ayrılan vəsait də azalmayıb və əksinə, artım olub. Ölkə başçısı kənd təsərrüfatının inkişafını prioritet istiqamət kimi qoyub və bu sahədə işlər uğurla aparılır”.
"Gələn il büdcəyə daxil olan 2 manatdan biri qeyri-neft sektorunun payına düşəcək”
Millət vəkili Azay Quliyev büdcənin qlobal iqtisadi böhran ərəfəsində, neftin qiymətinin kəskin düşməsi fonunda hazırlandığını söyləyib: "Hesab edirəm ki, bu, digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisə etməklə həyata keçirilməlidir. Sadə insanlar da büdcənin iqtisadi inkişafımıza hesablandığını və əhalinin sosial rifah halının nəzərə alındığını görməlidir. MDB üzrə orta göstəricidən Azərbaycanın iqtisadi artım tempi 6 dəfə çoxdur. Hətta bu artım tempi Avropanın bir sıra ölkələrini qabaqlayır. İkinci mühüm məsələ ondan ibarətdir ki, Azərbaycan büdcədə, nəhayət, qeyri-neft sektorunu tamamilə qabarıq göstərməyi bacarıb. Artıq Azərbaycan iqtisadiyyatı neftdən asılılığını kifayət qədər azaldır və gələn il büdcəyə daxil olan 2 manatdan biri qeyri-neft sektorunun payına düşəcək.
Üçüncü müqayisə ondan ibarətdir ki, büdcəyə daxilolmaların azalmasına baxmayaraq, əsas prioritet istiqamətlər üzrə artım müşahidə edilir”. A.Quliyev 30 min iş yerinin bağlanmasının ciddi mesaj olduğunu da qeyd edib: "67 min iş yeri açılıb, onun 30 mini bağlanılıb. Düşünürəm ki, bu, bizim büdcənin diqqət göstərəcəyi əsas məsələlərdən olmalıdır. İxracyönümlü iqtisadiyyatın dəstəklənməsi, vergi güzəştləri, yaxud vergi mexanizmləri vasitəsilə stimullaşdırılması da hesab edirəm ki, çox mühüm məsələlər sırasındadır”. Deputat təmsil etdiyi Şirvan şəhəri ilə bağlı iki məsələni də diqqətə çatdırıb: "Orada uşaq bağçası tikilməsinə ehtiyac var. Bu gün Şirvanda 7200 nəfər azyaşlı uşaq var və orada 560 yerlik uşaq bağçası fəaliyyət göstərir. "Kürmost” deyilən ərazidə qəzaya uğrayan məktəbin təmiri çox vacibdir. Nazirlər Kabinetinin bununla bağlı qərarı da var”.
"Peşəkarlar yetişməsə, iqtisadiyyatımızı inkişaf etdirə bilməyəcəyik”
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadənin fikrincə, Azərbaycanın peşə və ali təhsil istiqamətində ciddi islahatlar həyata keçirilməlidir.
Onun sözlərinə görə, bu istiqamətdə müəyyən nümunələr də yaranır: "Bu təcrübəni genişləndirərək peşə məktəblərində, ali təhsil müəssisələrində tətbiq edə bilərik. Peşəkarlar yetişməsə, Azərbaycan iqtisadiyyatını inkişaf etdirə bilməyəcəyik”. Deputat ölkəyə yatırılan investisiyalardan gəlirlərin gəlməməsi məsələsinə də toxunub: "Onlar Azərbaycan büdcəsinə öz bəhrəsini gətirməlidir. Biz bunu ciddi müşahidə etmirik. Turizm sektorunu inkişaf etdirməklə, mehmanxanalardan gəlirlərin gəlməsi üçün sistemli işlər aparılmalıdır. Kənd təsərrüfatına yeni texnologiyaları tətbiq etmək, dünya təcrübəsini gətirmək lazımdır”.
"Aztəminatlı ailələrə sosial evlərin tikilməsi, ipoteka şərtlərinin yündgülləşdirilməsi vacibdir”
Xanım millət vəkili Jalə Əliyeva gəlirlərin azalması fonunda büdcədə xərclərin ötən illərlə müqayisədə nisbətən artmasını müsbət tendensiya sayıb: "Xərclərin mümkün olduğu qədər azaldılmasını tələb edən bugünkü reallıqlar zəminində büdcədən əlavə vəsaitlərin istənilməsi düzgün olmazdı. Amma bəzi həlli vacib məsələlərə diqqət mütləq ayrılmalıdır. Aztəminatlı ailələrə sosial evlərin tikilməsi üçün əvvəlki illərdə nəzərdə tutulan layihələrin maliyyələşdirilməsi, ipoteka şərtlərinin yüngülləşdirilməsi, təhsil, səhiyyə işçilərinin ipoteka almasına yardımçı olmaq vacibdir. Çox vəsait tələb etməyən layihələr üçün dövlətimizin imkanı var. Ölkədə aparılan qazlaşdırma siyasətinin bir hissəsi olaraq təmsil olunduğum Zərdab rayonunun Sarıqaya kəndinə qaz çəkilir. Lakin həmin evlərin bir hissəsinin Kür çayının bəndinə yaxın yerləşməsi ora qaz xəttinin çəkilməsində problemlər yaradır və kənddə qaz çəkilişi yarımçıq qalıb. Kəndə qaz çəkilişi bir neçə aydır gecikir və heç bir halda həllini tapmır. Hökumət üzvlərindən həmin kəndin ərazisindən keçən qaz layihəsinin reallaşması üçün mümkün olanları əsirgəməmələrini xahiş edirəm”.
Deputat büdcə müzakirələrinin dayandırılmasını istədi
"Bir neçə gün öncə Prezident İlham Əliyevin doqquz ayın yekunları ilə bağlı geniş və əhatəli çıxışı 2016-cı ilin dövlət büdcə layihəsinin birbaşa səsə qoyularaq qəbul olunmasına kifayət edir”. Bu fikri isə hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Siyavuş Novruzov səsləndirib. O, Prezidentin həm dünyada, həm ölkədə gedən hadisələri, həm beynəlxalq, həm də ictimai-siyasi vəziyyəti əhatəli şəkildə şərh etdiyini, bu çıxışdan sonra müzakirələrə ehtiyac qalmadığını qeyd edib: "Prezident İlham Əliyev 2016-cı ilin büdcəsinin gələcəkdə necə formalaşması, hansı istiqamətlərə xərclənməsi, iqtisadiyyatımızın hansı sferalarına diqqət yetirilməsi, neftin qiyməti ilə bağlı, xüsusi olaraq ictimaiyyəti maraqlandıran bütün məsələlərə münasibətini bildirdi. Bundan sonra əlavə fikir söyləmək istəmirəm”. Deputat 2016-cı ilin dövlət büdcəsində müdafiə xərclərinin artırıldığını və bunun vacib məsələ olduğunu vurğulayıb: "Təhlükəsizlik və müdafiə məsələsi vacib şərtlərdəndir. Bu sahəyə diqqət bir az da artırılsa, daha məqsədəuyğun olar. Ətrafımızda baş verən hadisələr, təhdidlər, ayrı-ayrı terror qruplarının qarşısının alınması üçün Azərbaycan hüquq-mühafizə orqanları ciddi-cəhdlə çalışır və ölkəmizdə Prezidentimizin rəhbərliyi altında böyük bir ictimai-siyasi sabitlik hökm sürür. Azərbaycan bir sabitlik adasıdır. Onun qorunması və daha da möhkəmlənməsi üçün büdcədən bu sahələrə vəsaitlərin bir az daha çox ayrılmasına ehtiyac var”. Daha sonra deputat parlament seçkiləri ilə əlaqədar həmkarlarına qanunvericiliyə riayət etmələrini bildirib. O, müzakirələri dayandırmağın vacib olduğunu söyləyib. Deputat bildirib ki, bununla da hökumətə büdcəni nəzərdən keçirməyə imkan yaratmaq lazımdır.
"Milyonları sizin öhdənizə buraxırıq, ancaq orta təbəqə mövcud olmadan biz milyonları nə qazana, nə də qoruyub saxlaya bilərik”
Parlamentin sədr müavini Bahar Muradova sahibkarların müdafiəsinə və problemli kreditlər məsələsinə toxunub. Vitse-spiker üzünü Mərkəzi Bankın rəhbərliyinə və hökumət üzvlərinə tutaraq "Milyonları sizin öhdənizə buraxırıq, ancaq orta təbəqə mövcud olmadan biz milyonları nə qazana, nə də qoruyub saxlaya bilərik. Ona görə də orta və kiçik sahibkarlığın inkişafını, kreditləşmə prosesini sürətləndirmək lazımdır”- deyib. B.Muradova eyni zamanda yeni investisiya layihələrinin başlanılmasına ehtiyac olmadığını vurğulayıb: "Kiçik və orta sahibkarlıq mövcud olmadan Azərbaycan iqtisadiyyatını artıra bilmərik. Regionlarda çoxsaylı obyektlər açılıb və bir neçə aydan sonra biri-birinin ardınca bağlanır. Arqument kimi manatın məzənnəsi, neftin qiyməti, dünyada gedən proseslər göstərilir. Bu, ümumi səbəblərdir, amma burada başqa səbəblər də var. Biz necə edə bilərik ki, orta və kiçik sahibkarlıq subyektlərinin fəaliyyətinə yardımçı olaq? Bunların qeydiyyatı aparılmalıdır ki, zamanında yaranmış kadr potensialı olan subyektlərin fəaliyyətinin davam etdirilməsi üçün nələr etmək olduğunu müəyyənləşdirək. Ehtiyac yoxdur ki, yeni sahələr açılsın. Mövcud müəssisələrə yardımlar etməklə onların fəaliyyətini davam etdirmək olar. Buraxılmış səhvlər araşdırılar və etibarlı dövlət-biznes qurumları formalaşa bilər”.
"Oqtay müəllim, əgər bilsəm ki, bu işin öhdəsindən siz gəlirsiniz, gəlib sizə yalvarardıq”
"Milli Məclisdə səsləndirilən tənqidlərdən inciyən nazirlərdən bəziləri heç salamımızı da almırlar”. Bu sözləri isə deputat Yevda Abramov deyib. Onun fikrincə, buna görə incimək lazım deyil: "Mən şəxsən canımı, həyatımı partiyam üçün qurban verməyə hazıram. Oqtay müəllim, əgər bilsəm ki, bu işin öhdəsindən siz gəlirsiniz, gəlib sizə yalvarardıq. Yaşayış minimumu bu gün yaşamaq üçün əl vermir. Amma nə etmək olar, həyat belədir. Bu gün Azərbaycan nefti elə bir səviyyədədir ki, xalqın alın təri ilə çıxarılan neft başqa ölkənin bir kağız parçası ilə dəyişdirilir. Bu gün dünya hansı oyunlardan keçir, bunu hər bir deputat bilir. Kim cənab prezidentə kömək etmirsə, onun yanında olmursa, Azərbaycanın çörəyi ona haram olsun. Qarabağ məsələsində müxalifətçilik, iqtidarçılıq olmamalıdır”.
Deputat Azərbaycan-Rusiya sərhədində müəyyən miqdardan ağır yükün gətirilməsinə olan qadağa barədə də danışıb: "Rusiyadan istənilən qədər məhsul gətirməyə icazə verilir. Amma Azərbaycan sərhədindən 10 kilodan artıq nəsə keçirməyə qoymurlar. Niyə icazə verilmir? 10 kilodan çox olanda nə olar ki? Bu sənin insanındır. Sərhəddə balıqların başı kəsilir, kolbasalar kəsilir, artıq yüklər orada yerə atılır. Eyni zamanda, bu il "Kənd təsərrüfatı ili”dir. Rayonların çoxunun deputatı buna çıxışında toxunmadı, yəqin hiss etməyiblər. Şəmkirdən xiyarı aparıb Rusiyada satmaq istəyir, amma neçə gündür sərhəd məntəqəsindən keçə bilmir, nəticədə onu 2 qəpiyə verir. Bu il qara gavalının qiyməti 10 qəpikdən yuxarı qalxmadı. Mən də deyirəm ki, iş yerləri açılsın. SSRİ dövrünün tədarük məntəqələri bərpa edilsin”.
Spiker deputata cavab verdi: "Səndən hansı nazirin incidiyini bilmirəm, burada yoxdular”
Millət vəkili təklif edib ki, İqtisadiyyat və Sənaye Nazirliyi zonalar üzrə müşavirə keçirsin və onlar təkliflərini versinlər: "Biz seçkilərlə bağlı seçicilərlə zallarda görüş keçiririk. Onlar qeyd edirlər ki, heç olmasa, siz gələndə bura isidilsin. Sayğac olan yerdə niyə mavi yanacaq az verilir. Ver qazı, al pulunu. Bu gün biz başqa ölkələrə qaz satırıq. Amma özümüz qazsız qalmışıq. Bir dəfə bunu demişdim: "Aləmi bəzər, özü lüt gəzər”. Müxalifət saytları yazdı ki, iqtidarın deputatı müxalifətə keçdi. Bunun müxalifətçiliklə nə əlaqəsi?”.
Deputatın çıxışına cavab olaraq spiker Oqtay Əsədov bildirib ki, Rusiyaya gedən malların saxlanılmasının obyektiv səbəbləri var və bu, orada rublun aşağı düşməsi ilə əlaqəlidir: "10 kilodan artıq yükə qadağanın qoyulması məsələsini də səsləndirdiniz və bunu biz qaldırarıq. Səndən hansı nazirin incidiyini bilmirəm, burada yoxdular. Büdcənin müzakirəsini 3 gün yox, 5 gün də etmək olar. Amma Milli Məclisin deputatları seçki kampaniyasındadır və tələsirlər ki, öz təbliğatlarını aparsınlar. Artıq 7 gündən çoxdur büdcə layihəsi 3-4 saat komitələrdə müzakirə olunub və deputatların artıq deməyə sözü yoxdur. Təklif olundu ki, çıxışlar kəsilsin və gördüm təkrara gedilir”.
"Elə biləcəklər ki, Milli Məclis kefindən yeməkxana tikir...”
İclasda parlamentin 2016-cı il xərclər smetası layihəsi barədə Milli Məclisin işlər idarəsinin müdiri Firudin Hacıyev məlumat verib. F.Hacıyev bildirib ki, Milli Məclisə və onun aparatının saxlanması ilə bağlı 2016-cı ilin xərclər smetası layihəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun hazırlanıb və xərclər smetası, ştat cədvəlləri, inzibati binaların, mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanan müqavilələr və proqnozlar əsasında tərtib edilib. Onun sözlərinə görə, 2016-cı il dövlət büdcəsində Milli Məclis və onun aparatının saxlanması üçün 22 milyon 745 min 955 manat vəsait nəzərdə tutulub ki, bu da 2015-ci illə müqayisədə 1 milyon 61 min 139 manat azdır. Spiker O.Əsədov isə ona bildirib ki, çıxışında xərclərin nəyə sərf olunması ilə bağlı daha geniş izahat verməli idi: "Elə biləcəklər ki, Milli Məclis kefindən yeməkxana tikir, axır illərdə 50 kvadrat metrlik yerdə Milli Məclisin işçiləri üç növbədə nahar edirdilər. Çox sağ olsunlar, bunu nəzərə aldılar. Maşınlar Milli Məclisin həyətində sıxlıq yaradırdı. Bunun üçün də avtodayanacaq tikildi”.
Hökumət 5 gün ərzində 2016-cı ilin dövlət büdcə layihəsinə yenidən baxacaq
Daha sonra Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası haqqında qanun layihəsinə baxılıb. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qanun layihəsini təqdim edib. O bildirib ki, təklif edilən layihəyə əsasən 2016-cı ilin dövlət büdcəsində Hesablama Palatasının saxlanılması üçün 3 milyon 825,5 min manat vəsait ayrılması nəzərdə tutulur: "Bu da 2015-ci ilin proqnoz göstərici ilə müqayisədə 66,6 min manat azdır. Azalma əsasən cari əsaslı malları və xidmətləri əhatə edir. Palata üzrə xərclər smetasının ümumi məbləğinin 83.3 faizi əməyin ödənilməsinə sərf edilir. Hesablama Palatasının təqdim etdiyi xərclər smetası onun fəaliyyətini səmərəli təşkil etməyə və nəzarət tədbirlərinin keyfiyyətini yüksəltməyə imkan verəcək”.
Parlamentin sədri O.Əsədov sonda bildirib ki, müzakirə olunan qanun layihələri oktyabrın 20-də Milli Məclisin IV çağırış payız sessiyasının son iclasında səsə qoyulacaq. Bununla da büdcə müzakirələri başa çatıb.
Qeyd edək ki, hökumət 5 gün ərzində 2016-cı ilin dövlət büdcə layihəsinə yenidən baxacaq.
Anar Bayramoğlu