Büdcəyə yenidən baxılır

“Çox güman ki, dövlət büdcəsində neftin qiyməti 30 dollardan götürüləcək”



Maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncama uyğun olaraq əmək haqlarının, sosial müavinətlərin, pensiyaların artırılması ilə bağlı əlavə xərclər üçün maliyyə təminatı yaradılacağını deyib.

Onun sözlərinə görə, bu məqsədlə dövlət büdcəsinə yenidən baxılacaq. Artıq layihə hazırdır, müvafiq düzəlişlər edilib, sənədə son baxış keçirilir.

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, büdcəyə yenidən baxılmasının ölkə iqtisadiyyatına həm müsbət, həm də mənfi təsirləri olacaq: "Müsbət tərəfi onun daha real büdcə olmasından ibarətdir. Səhv etmirəmsə, neftin qiymətinin indiki büdcədən daha aşağı qiymətə götürülməsi nəzərdə tutulur və 25-30 dollar həcmi ətrafında müzakirələr gedir. Çox güman ki, ortalama qiymət olaraq, dövlət büdcəsində neftin qiyməti 30 dollardan götürüləcək. Bu isə artıq təsdiq olunmuş büdcədən 20 dollar az deməkdir”.

N.Cəfərlinin sözlərinə görə, büdcəyə yenidən baxılmasının mənfi tərəfi isə ondan ibarətdir ki, əvvəlki parametrlər dəyişdiriləcək və büdcənin daha ciddi azaldılması nəzərdə tutulacaq: "Büdcə parametrlərində neftin qiymətinin 20 dollar azalması deməkdir. Bu isə birmənalı olaraq gəlirlərə və xərclərə təsir göstərəcək və hər ikisində kəskin şəkildə azalmalara şahid olacağıq”.

Ekspertin sözlərinə görə, büdcənin azalması daha çox investisiya xərclərinin daha da azalması ilə nəticələnəcək. Yeni layihələrin maliyyələşməsi dayandırılacaq və sadəcə köhnə layihələrin bitməsinə görə müəyyən vəsaitlər ayrılacaq. Eyni zamanda, bəzi nazirliklərin və digər dövlət idarələrinin ləğv olunması, birləşdirilməsi yönündə müəyyən addımların atılmasını istisna etmirəm.

Şəymən