Bundan sonra hər kəs avtobus sürə bilməyəcək

“Avtobus idarə edən sürücü üçün təkcə yaş kateqoriyası deyil, o cümlədən təcrübə və bacarıqlar da çox vacibdir”
Avtobus sürücüləri üçün minimum yaş həddi artırılıb. Azərbaycan Nazirlər Kabineti "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na dəyişiklik edib. Dəyişikliyə əsasən, avtobuslarla sərnişin daşımalarına "D” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 23-dən az və 65-dən çox olmayan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan), "DE” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 26-dan az və 65-dən çox olmayan və "D” kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan) sürücülər buraxılırlar.
Qeyd edək ki, bundan əvvəl "D” kateqoriyası ən aşağı yaş həddi 21, "DE” kateqoriyası üzrə isə yaş həddi 24 idi.
Görəsən, yaxşı sürücü olmaq üçün təkcə yaş məhdudiyyəti kifayət edirmi? İnsanların həyatına cavabdehlik daşıyan şəxslərin daha hansı xüsusiyyətlərinə önəm verilməlidir?
Nəqliyyat üzrə ekspert İlqar Hüseynlinin sözlərinə görə, avtobus idarə edən sürücü üçün təkcə yaş kateqoriyası deyil, o cümlədən təcrübə və bacarıqlar da çox vacibdir: "Yaş həddinin konkret göstərilməsində məqsəd həm də sürücülərin kateqoriyalara uyğun təcrübəsinin nəzərə alınmasından gedir. Hansısa bir gənc istədiyi bir kateqoriya üzrə sürücülük vəsiqəsi əldə etmək üçün məktəb oxuyur və müvafiq imtahandan keçərək yol-hərəkəti qaydaları, nişan tələbləri, yükdaşıma qaydalarına uyğun düşən sualları cavablandırmaqla nəqliyyatı idarə etmək hüququ qazanmış olur. Amma onun praktiki cəhətdən aldığı kateqoriya üzrə nəqliyyatı idarə etmə qabiliyyəti yoxlanılmırdı. Aldığı kateqoriya ona hüquqi cəhətdən istədiyi nəqliyyat vəsiqəsini idarə etmək haqqı verir. Yeni dəyişikliklər isə sürücülərin peşəkarlıq imkanlarının, əmək fəaliyyətinin yoxlanılmasına bir töhfə verəcək. Sürücünün "D” kateqoriyasının olmasına baxmayaraq, onun xüsusi hazırlığı yoxdursa, avtobus idarə etməsi düzgün deyil. Bu baxımdan sürücülərin sağlamlıqları, texniki bacarıqları da mütləq nəzərə alınmalıdır ki, mənfi halların sayı azalsın.
Əslində bu sahədə monitorinqlərin aparılmasına ehtiyac olduğunu düşünürəm. Sərnişin və yükdaşıma ilə məşğul olan sürücülərin hər birinin data-bazasının hazırlanması daha məqsədəuyğun olardı. Dövlət Yol Polisi İdarəsi və ya sərnişindaşımaya məsul qurum bu təcrübəni həyata keçirə bilər. Çox yaxşı olardı ki, onların avtomobil idarə etdiyi dönəmlərdə yol verdikləri bütün yol-nəqliyyat hadisələri, qanun pozuntuları ilə bağlı statistik məlumatlar da həmin bazada əks olunsun. Belə olan halda sərnişindaşımaya ən təcrübəli və nöqsansız sürücülərin qəbul edilməsinə nail ola bilərik. Hansı ki, Nazirlər Kabinetinin müvafiq qərarı da "D” və "DE” kateqoriyası üzrə sürücülük vəsiqəsi əldə etmiş bütün sürücülərin sərnişindaşımada fəaliyyət göstərməsini məhdudlaşdırır. Amma yalnız yaş məhdudiyyətinin tətbiqi zamanı həmin kateqoriyalara sahib bütün sürücülər sərnişindaşımaya alınmadıqları halda hüquqlarının pozulduqlarını iddia edə bilərlər. Ancaq data-baza sistemi tətbiq olunsa, ortada belə bir iddiaya gərək qalmayacaq. Bundan sonrakı mərhələdə isə sürücülər data-bazalarında nöqsanlar qeyd olunmasın deyə yol-hərəkəti qaydalarına daha məsuliyyətlə yanaşacaqlar”.
Sürücülərin sərnişinlərlə davranış mədəniyyəti sahəsindəki problemlərin həlli yollarına gəldikdə isə ekspert 2009-cu ildə ictimai nəqliyyatdan təhlükəsiz istifadə ilə bağlı Amerikada internatura keçdiklərini deyib: "Həmin müddətdə ABŞ-dakı marşrut sürücüləri ilə sərnişinləri arasındakı münasibətləri çox diqqətli şəkildə izlədik və həm sürücü, həm də vətəndaş məsuliyyətinin şahidi olduq. Azərbaycanda sürücülərlə sərnişinlər arasındakı münasibətlərin xoşagəlməz xarakter almasında heç də birmənalı olaraq sürücüləri qınamaq doğru deyil. Bəzi məqamlarda sürücülərin haqlı mövqeyindən də çıxış etmək lazımdır. Düzdür, sürücülər arasında qeyri-insani rəftarlara yol verənlər, kobud davranış sərgiləyənlərə, idarə etdiyi marşrut avtobusu şəxsi avtomobiliymiş kimi sükan arxasında siqaret çəkən, yemək yeyən, telefonla danışanlara rast gəlinir. Bunu inkar etmirik. Amma sürücülər arasında da analoji addım atanları olur. Avtobusdan enərkən ödəniş etməkdən yayınanlar, ictimai nəqliyyatda tum qabığını yerə atanları da olur və bu səbəbdən sürücülərlə mübahisəli məqamlar yaranır. Hansı ki, bütün bu məsələlər qanunla tənzimlənir. Amerika təcrübəsindən deyə bilərəm ki, ictimai nəqliyyat vasitələri mərkəzi sistemə qoşulub. Hansı ki, artıq Azərbaycanda da bu sistemin tətbiqi ilə bağlı təşəbbüslər var. Yaxın zamanlarda "Baku-Bus” marşrutu üzrə hərəkət edən avtobuslarda mərkəzləşmiş kamera sistemi quraşdırılacaq. Bu zaman sərnişinlər də, sürücülər də öz səlahiyyətləri çərçivəsində davranış nümayiş etdirməli olacaqlar. Amma ümumi anlamda bütün bu problemlərin həlli maarifləndirmədən keçir. Vətəndaş nəzarəti mexanizmi özünü doğrultmalıdır. Yol hərəkəti qaydalarını pozan, qəza şəraiti yaradan, sərnişinlərə qarşı kobud davranan sürücülərə qarşı hər bir sərnişin vətəndaş mövqeyi sərgiləməli, gedəcəyi ünvana yaxın və ya uzaq olmasına fərq qoymadan avtobusu dayandırıb, düşməklə öz etirazlarını bildirməlidirlər. Artıq növbəti dəfə həmin sürücü bu cür qanun pozuntularına yol verməyəcək. Bu, eyni zamanda həmin xətt üzrə hərəkət edən digər marşrut sürücülərinə də görk olacaq və artıq vətəndaşların sürücülərin özbaşınalıqlarına göz yummadıqlarını görəcəklər. Hər problemin həllini dövlətin üzərinə atmaq və inzibati qaydalar tətbiq edilməsini gözləmək doğru deyil. Unutmayaq ki, ictimai nəqliyyatın mülkiyyət hüququ müvafiq şirkətlərə aid olsa da, istifadə hüququ isə vətəndaşlara məxsusdur. Biz də bu hüquqlarımızdan yararlanaraq istifadə etdiyimiz ictimai nəqliyyat vasitəsində ictimai nəzarət funksiyasını yerinə yetirməliyik”.
Şəymən