Buraxılış imtahanları ilə birbaşa ali məktəbə qəbul mümkün olacaq

Ekspert hesab edir ki, niyyət pis deyil, amma təhsilimizə müsbət töhfə verməyəcək




"Azərbaycanda gələcəkdə qəbul imtahanı yalnız yüksək müsabiqə vəziyyəti yaranan ixtisaslara qəbul olmaq üçün keçirilə bilər”.

Bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. Komissiya sədri qeyd edib ki, gələcəkdə tələbə qəbulunun buraxılış imtahanlarının nəticələri əsasında aparılmasını istəyirlər: "Ola bilsin ki, dövlət sifarişli yerlərə və müsabiqə vəziyyəti çox yüksək olan hansısa xüsusi ixtisaslara qəbul olmaq üçün qəbul imtahanı keçiriləcək. Amma yüksək müsabiqə vəziyyəti yaranmayan ixtisaslara qəbul buraxılış imtahanının nəticələri əsasında aparıla bilər”.

Təhsil eksperti Nabatəli Qulamoğlu isə "Şərq”ə söyləyib ki, bu addım heç bir müsbət effekt verməyəcək: "Ümumiyyətlə, qəbul imtahanları ilə buraxılış imtahanlarının nəticələri yaxınlaşmalıdır. Baxın, buraxılış imtahanında yüksək göstərici qazanan şagirdlər, qəbul imtahanlarında aşağı nəticə göstərir. Buradan da belə bir nəticə çıxarıla bilər ki, ya imtahan düzgün aparılmayıb, ya da imtahanda tətbiq olunan suallar adekvat olmayıb. Hesab edirəm ki,

TQDK-nın addımı qənaətçiliyə hesablanıb. Çünki buraxılış və qəbul imtahanlarının keçirilməsi artıq maliyyə vəsaiti tələb edir. Məhz, bu vəsaitə qənaət etmək istəyirlər. Bütün hallarda qeyd edim ki, pis niyyət deyil. Amma bu, təhsilimizə müsbət töhfə verməyəcək”.

Ayyət Əhməd