“Kiçik banklar vahid bankomat sisteminin yaradılmasında maraqlı deyillər”
Azərbaycanda bütün bankların bankomatları vahid şəbəkədə birləşə bilər. Təbii ki, bu, bankların razılığı nəticəsində mümkün olacaq. Yeniliyin tətbiqi vətəndaşlara yeni imkanlar yaradacaq.
Məlumat üçün xatırladaq ki, vətəndaşların bir banka məxsus kartla digər bankın xidmətlərindən istifadəsi zamanı tutulan komisyon xərclərinin çoxluğu vahid bankomat şəbəkəsinin yaradılmasını zəruri edib. Vahid bankomat şəbəkəsinin yaradılması ilə bağlı konkret nəticələr olmasa da, mütəxəssislər yeni sistemdə komisyon haqlara vahid və aşağı tarif tətbiq ediləcəyi fikrindədir. Yeni bankomat şəbəkəsinin yaradılması vətəndaşlarla yanaşı, bankların da faydasına olacaq. Ekspertlər yeni sistemin yaradılmasının kiçik və orta bankların inkişafına təkan verəcəyini, rəqabət mühitini gücləndirəcəyini düşünürlər. Əgər banklar arasında qısa zamanda razılıq əldə olunarsa, vahid bankomat şəbəkəsinin tətbiqində hansısa texniki çatışmazlıq yoxdur.
Məsələni "Şərq”ə dəyərləndirən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, vahid bankomat şəbəkəsinin formalaşması məqsədəuyğundur və bank sektorunun inkişafı üçün zəruridir. Amma bunun qısa zamanda reallaşacağı imkansızdır: "Bu məsələ Azərbaycan Banklar Assosiasiyası
(ABA) tərəfindən irəli sürülüb. Əsas məqsəd bankların satışa çıxardığı məhsulların sayını artırmaq və müştərilərin həmin məhsullara çıxış imkanlarını genişləndirməkdir. Eyni zamanda bank xidmətlərində maya dəyərinin aşağı salınmasına nail olmaqdır. Ümumiyyətlə, vahid bankomat sisteminin formalaşması müştəriyə imkan verəcək ki, vətəndaş eyni kartla digər bankomatlardan istifadə edə bilsin və bu zaman əlavə haqq ödəməsin. Təbii ki, bu, müştəri üçün uyğundur. Çünki bu halda vətəndaş müştərisi olduğu bankı və bankomatı axtarmaq məcburiyyətində qalmayacaq”. Ekspertin sözlərinə görə, bankomatların mərkəzləşməsi bank xidmətlərinin maya dəyərinə təsir edəcək: "Müştərinin bankomatlardan pul çıxarması vahid bazada formalaşan fondun həcmi ilə müəyyən ediləcək ki, bu da zaman alan prosesdir. Bankların məsələyə münasibəti də çox önəmlidir. Kiçik banklar vahid bankomat sisteminin yaradılmasında maraqlı deyillər. Çünki bu, əlavə xərc deməkdir və kiçik bankların plastik karta sahib olan müştərilərinin sayı azdır. Ona görə də məsələnin həlli uzanacaq”.
İsmayıl