Bütün dünya Qarabağ münaqişəsinin həllində maraqlı olmalıdır

“Bölgədə münaqişə ocağını yaradan da, sinəsini kənara çəkən də Rusiyadır. Çünki bunun gələcəkdə cavabdehliyi var”
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb. O bildirib ki, münaqişənin həlli beynəlxalq vasitəçilər tərəfindən deyil, yalnız onun iştirakçıları tərəfindən tapıla bilər. Bununla yanaşı, Rusiya münaqişənin həllinə yardım etmək üçün beynəlxalq formatlarda ardıcıl işlər görür:
"Problemin tənzimlənməsi hansısa birdəfəlik səy deyil, bu, ardıcıl xətdir. Lakin münaqişə ilə bağlı yekun qərar yalnız münaqişənin iştirakçıları tərəfindən verilə bilər. Nə beynəlxalq vasitəçilər, nə də Rusiya Ermənistan və Azərbaycanın əvəzinə münaqişəni nizamlaya bilməz”. D.Peskovun açıqlaması yerli ekspertlər tərəfindən birmənalı qarşılanmayıb. Bəzi siyasilər onun "münaqişənin həlli yalnız iştirakçılar tərəfindən tapıla bilər” iddiasının tamamilə yanlış olduğunu və bu cür yanaşmalarla Moskvanın yaxasını kənara çəkmək istədiyini bildiriblər. Maraqlıdır, doğrudanmı Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız tərəflərin - Azərbaycan və Ermənistanın əlindədir və Rusiya yaxasını niyə kənara çəkir?
Suallarımızı cavablandıran tanınmış analitik Arzu Nağıyev "Şərq”ə söyləyib ki, onlar yalnız iki tərəf kimi Azərbaycan və Ermənistanı qəbul edirsə, bunun özü müsbət haldır. Yəni Dağlıq Qarabağ kimi qondarma qurumu yox hesab edirlər: "Bunu müsbət hal kimi dəyərləndirmək olar.
Lakin münaqişənin həlli Minsk Qrupunun həmsədr ölkələrinə həvalə olunubsa, supergücləri necə kənara qoymaq olar? Məlumdur ki, Böyük Britaniya və Çinlə yanaşı, həmsədr ölkələr - ABŞ, Rusiya və Fransa da BMT Təhlükəsizlik Şurasının üzvləridirlər. Bu, bütün dünya tərəfindən həll olunmalı olan münaqişədir. Necə olur ki, digər qarşıdurmalar konkret olaraq Ukrayna-Rusiya münaqişəsinin tənzimlənməsi yalnız tərəflərin üzərinə qoyulmur, ancaq Dağlıq Qarabağ münaqişəsi Azərbaycan və Ermənistanın üzərinə buraxılır? Əslində isə bütün dünya bu münaqişənin həllində maraqlı olmalıdır. Çünki bir çox ölkələrin bölgədə həyata keçirmək istədiyi böyük layihələr mövcuddur. Fikir verin, Ermənistan Rusiyanın forpostudur. Deməli, Azərbaycanın qarşısında 95 faiz Moskva tərəfindən idarə olunan və iqtisadiyyatı tənəzzülə uğramış Ermənistan var. Şimal qonşumuzda "münaqişəni tərəflərin özü həll etməlidir " deyib, digər güclərin bu işə müdaxiləsinin qarşısını almaq və sonra meydanda tək qalmış Azərbaycanla özü üz-üzə gəlmək istəyir. Moskva buna çalışır. Birinci sualınızın cavabı budur”.
"Rusiya yaxasını niyə kənara çəkir” sualına gəlincə, ekspert diqqətə çatdırıb ki, Moskva Rusiya-Türkiyə qarşıdurması adı altında Ermənistanı silahlandırır: "Məsələn, şimal qonşumuz Ermənistandakı 102 saylı briqadasını və bütün aerodromlarındakı qırıcı təyyarələrinin və canlı qüvvələrinin sayını artırıb. Onlar sabah birbaşa olmasa da, dolayı yolla Dağlıq Qarabağ ərazilərində peyda olacaq. Moskva o qoşundan istifadə edərək Gürcüstanın ərazilərini işğal edib. Bu gün də o işğalı davam etdirir. Həmçinin Dağlıq Qarabağ münaqişəsi vasitəsilə Azərbaycanı təhdid edir. Bölgədə münaqişə ocağını yaradan da, sinəsini kənara çəkən də Rusiyadır. Çünki bunun gələcəkdə cavabdehliyi var. Rusiya Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə dair heç bir addım atmayıb. Əksinə, ölkəmizə qarşı böyük ittihamlar irəli sürüb”.
Ayyət Əhməd