"Bütün mahnılarımı o xanım üçün yazmışam"

Əhməd Mustafayev: "Sevmədi. İllər sonra da onunla göz-gözə gəldik, o başa saldı ki...”




Əhməd Mustafayevə hansı xanım yox deyib, illərlə sevgisini qəlbində daşıyan müğənni-aparıcı niyə hələ də ondan başqasını sevə bilmir. Yəqin bunlar siz oxucular, Əhmədin fanatları üçün də maraqlıdır. Bunlardan isə Əhməd ilk dəfə "Şərq”də danışdı. Sevgisini etiraf etdi. Bu gənc ifaçı ilə müsahibəmizin maraqlı məqamlarını sizlərlə də bölüşürük:

- Gitara köməyinə gəlir? Efirdə söz atmaq lazım olanda gitara yerinə danışır...

- Şükür ki, söz bazam zəngindi. Amma təbii ki, gitara mənə dəstək olur. Çox zaman sözlərimi gitara vasitəsilə, musiqinin dili ilə çatdırmağa çalışıram. Atmaca atmağı sevməsəm də, amma musiqi ilə sözümü deyirəm.

-Deyirsən söz atmıram. Amma mən səni dinləməmişəm. Aparıcılığı izləmişəm. Sən də söz atırsan. Həm də qəşəngcə atırsan sözünü.

- Mən sözümü deyirəm. Sadəcə mən düşünürəm ki, özünə müğənni deyən insanın həm dünya musiqisindən xəbəri olmalıdı, həm aşıq havasından, muğamlarımızdan. Müğənnilər var ki, muğamdan zərrə qədər anlayışı yoxdu. Amma toy bazarında mənəm-mənəm deyir.

- Toya gedirsən?

- Gedirəm.

- Qonorarı kim danışır. Sirr deyilsə, neçəyə toya gedirsiz?

(Bu sualımıza Tural cavab verir)

Tural - Toy qiyməti adamına görə dəyişə bilir. Elə insan var onun toyuna 5 manata gedə bilərik, elə insan ola bilər 10 manata. Ya da kasıb insandı toyuna pulsuz gedirik.

- Əhmədi efirdən toya dəvət edən olub?

- Vallah olub. Efirə qoşulan dinləyici zəng vurub ki, kasıb ailənin övladıyıq. İstəyirəm oğlumun toyunda iştirak edəsiniz. Nömrəsini götürmüşəm, canla-başla gedib toyunda iştirak etmişəm.

- Efir məsuliyyət tələb edir. Və özlərindən mənəm-mənəm deyən müğənni efirinə qonaq gələndə hardasa səninlə razılaşmağa məcbur qalır. Amma onunla toy məclisində olanda artıq qısqanclığı özünü göstərsin, mikrafonun səsini alsın, ya sənə söz vermək məqamı gələndə çox yubatsın.

- Olub. Bir-iki dəfə olub. Başları da daşa dəyib. Peşman da olublar. Deyir dağ-dağa rast gəlməsə...

- Dağ-dağa rast gəlməsə, insan efirdə Əhmədə rast gələ bilər...

- (gülərək) Məsəl var ki, şahın da nökərə işi düşə bilər.

- Yəni efirə gələndə əvəzini çıxırsan.

- Qətiyyən. Efirdən silah kimi istifadə etmirəm. Amma sözümü deyirəm. Birdə ki, efirdən kənarda gəlir, işi düşür, misal üçün gəl mahnı lentə alanda gitarada müşayiət et. Mahnının aranjimanını et. Belə olub, bəzilərindən acığa düşüb pul da istəmişəm.

- Əhmədin dünyası nə rəngdədi?

- Mənim dünyam ağappaqdı. Ağ qar kimi.

- Bu qədər saf insansan?

- Bilmirəm. Amma dünyam çox ağdı.

- İnanmıram ki, həyat insanı bu qədər saf saxlaya bilə. İnanmıram da ki, Əhməd bu qədər saf, təmiz ola.

- Nə iş görsəm də insanlığımı itirməməyə çalışmışam.

- Ağ dünyan heç vaxt ləkələnməyib? Ya da onu ləkələyə bilməyiblər?

- Ləkələmək yox. Sadəcə, bəzən istəmədən həyatımızda nələrsə baş verir. Əsas insan öz vicdanı ilə üzləşəndə ona cavab verməyi bacarmalıdı. Bəzən ağ dünyama kirli nələrsə düşür, mən bilmədən də olsa, onu özüm təmizləməyə çalışıram.

- Qara ilə rəqabətə gücün yetir.

- Güclü xarakterli insanam. Gücüm yetir.

- O rəqabətdə Əhməd nə qədər təhlükəli ola bilər?

- Çox təhlükəli ola bilərəm əslində. Yəni intiqam deyilən bir hiss var ki, o insandan intiqam almaq istəsəm, onu ömrümün axırına qədər almaqdan çəkinmərəm.

- Yəni kinlisən?

- İstəsəm kinli oluram. Biri ilə kinli olmaq istəsəm ömrümün sonuna qədər o kin mənə bəs edər.

- Axı deyirlər kin ilk əvvəl insanın özünün həyatını dağıdır, sonra qarşındakının?

- Elədi. Ona görə də çalışıram çox kinli olmayım. Ancaq hiss etsəm ki, bu insanda mənə qarşı kin var onunla müharibəyə hazıram.

- Bağışlamağı bacarırsan? İlk addım səndən gələ bilər?

- Qətiyyən.

- Sevgidə də ilk addımı atmazsan?

- (Susur).

- Sevirsənmi?
- Sevmişəm. Vaxtilə.

- Həyatında xanım yoxdu?

- Hazırda yox.

(Tural başını tərpədərək sanki bizə nə isə işarə edir)

- Efirdəsən, tanınmışsan. Deyirsən sevgi etirafı olmur?

- Olur. Təbii ki, mesaj da yazılır, sevgisini bildirən də olur. Tanınmışlıq başımı gicəlləndirməyib. Bir dəfə başım gicəllənib. Pulum çox oldu, başım gicəlləndi.

- Başın gicəllənəndə nə etdin ki?

- Pis iş görmədim. Bədxərc oldum.

- Yəni pulunla özünü göstərdin.

- Elə də deməzdim. Amma başım gicəllənmişdi. Sonra peşman da oldum. Ondan sonra pulum yenə oldu. Amma ağlım yerindədi artıq. Bədxərclik etməməyi də öyrətdi həyat.

- Xarici ölkələrdə Azərbaycanı təmsil etmək xəyalların varmı? "Evrovizion” müsabiqəsi arzularının arasında yer alırmı?

- "Evrovizion” müsabiqəsində iştirak etmək istərdim. Türkiyədə də səhnə almaq, tanınmaq istəmirəm. Demirəm türk şou-biznesinə qatılacam. Belə niyyətim yoxdu. Çünki türk şou-biznesində kənardan gələni qəbul etmirlər. Mən özümə əminəm. Səhnədən də qorxmuram. Əvvəllər deyirdim ki, məni Azərbaycanda dinləsinlər, indi deyirəm dünya dinləsin. Burada reklamın, maliyyənin də rolu böyükdü. İstəklərim var. İddiam da böyükdü.

- Xanım fanatların çoxdumu?

- O qədər (gülərək) yığıb-yığışdıra bilmirəm.

- Maraqlı hədiyyələr gətirən olur?

- Çox. İnanın maaşallah hədiyyədən qıtlıq çəkmirəm. Maraqlısı odur ki, məni efirə gecikdirirlər. Bir dəqiqə selfi çəkək, şəkil çəkək. Deyirəm axı efirə gecikirəm.

- Fanatların arasında elə bir xanım olub ki, gözün üstündə qalıb amma efirə tələsmisən, tanışlığı qaçırtmısan? Gözün hər yerdə onu axtarır.

- Fanatlarımdan elə diqqətimi çəkən xanım olmayıb. Fanat olaraq hörmətimi qazananlar var. Amma siz sevgi, hiss mənasında deyirsizsə yox, eləsi olmayıb. O artıq ürəyin səsidi. Siz deyirsiz ki, sevmək. Sevməyin iyi yox, qoxusu yox, rəngi yox, məkanı, zamanı yox. Sevgi elə bir hissdir ki, onu dillə izah etmək mümkün deyil.

- Ən böyük çılğınlığın nə olub sevəndə?

- Sevgi elə çılğınlıqdı.

- Gitaradan istifadə etmisən sevərkən?

- Məni elə sevgi dilə gətirib mahnılar yazmışam. Elə vaxtilə sevdiyim, aşıq olduğumu xanımın sevgisi məni təbə gətirib mahnılarım yaranıb. Bəstələdiyim bütün mahnıları da məhz, o xanımı sevdiyim üçün yazmışam. O xanıma həsr olunub mahnılarım. Yadıma düşür, yenə yazıram.

- Demək ki, hələ də sevirsən.

- Hələ də sevirəm. Bu məqamda (amma hələ də, hələ də onu sevirəm) Deyə bir parça da mahnı oxudu). Yəni bəlkə də əvvəlki kimi coşub daşan, sevgisi ilə yaşayan Əhməd yoxdu. O nöqtəni silə bilmirəm də.

- Səncə, efirdən səni dinləyir?

- Dinləyir. Buna əminəm.

- Nəyə görə sevginə sahib ola bilmədin? Sən ayrıldın, ya o? 

- O yox dedi. (Yenə mahnı ilə "O dedi yox, yox, yox, yox”)

- Yox sözünü eşitmək çox çətindi?

- Sevgidə hə. Çox ağırdı.

- Depressiyaya düşmüsən?

- Depressiyanın ağırını yaşadım desəm, yalan olmaz. Universiteti bitirənə qədər o depressiyadan çıxmadım. Məktəb illərimin sevgisi olsa da, hələ də unuda bilmirəm.

- Səncə xanım bilsəydi ki, bir gün Əhməd tanınmış olacaq, radio aparıcısı olaraq "Əhməd haradadır? deyib hər gün milyonları salamlayacaq, yenə yox deyərdi?

- Yenə yox deyərdi. Sevmədi sadəcə. Dedi ürəyimdə sənə hissim yoxdu.

- Sevmədi, ya sevdirə bilmədin özünü?

- Sevmədi. İllər sonra da onunla göz-gözə gəldik, o başa saldı ki, sənin sevgini illər sonra başa düşdüm, amma sənə qarşı hissim olmayıb. Mən məktəb illərində onu sevəndə üz-üzə danışmağa imkanım da olmayıb.

- Bəs sevgini necə çatdırmısan ona?

- Məktublarla, mesajlarla. Telefonla zəng etmişəm. Saf sevgim olub.

- Bəlkə mücadilə aparmamısan sevgini qazanmaq üçün?

- Bəlkə də mənim qədər sevgisi üçün mücadilə aparan olmadı. O sevmədi. Elə məqamlar oldu ki, onlar qarşımda sədd oldu, qarşımı kəsdi. O qızın əmisi oğlu ilə çox yaxın dost idim. Mənim qarşımı o kəsdi. Ortada yanlış anlaşılmazlıq yarandı. Mən səhv anlaşıldım. Aradan qalxdı sonra bu yanlışlıq. Amma sevgimi qazana bilmədim. Bu gün o xanım nişanlıdı. Allah onu xoşbəxt etsin. O qızın əmisi oğlu da sonralar başa düşdü ki, mən o qızı saf sevgiylə sevmişəm. Bir vaxtlar sevənlərə gülən Əhməd, sevəndə özü-özünü tanıya bilmədi. Sevgini gülərək qəbul edirdim, sonra həmin sevgi məni ağlada bildi. O qızı görən gündən mənim üçün hər şey dəyişdi. O xanım məni dəyişdi. O, mənimlə danışmayıb amma sevgisi məni dəyişdi. O sevgi məni böyütdü.

- O xanıma ithaf etdiyin xüsusi bir mahnı necə, varmı?

- Var... "Yandım hər gecə” mahnısını o xanıma həsr etmişəm. Əslində yazdığım bütün mahnılar onun üçün yazılıb. Bilmirəm, o bunu bilir, ya yox. Amma o sevgi məni dilə gətirib. Nişanlandığını biləndə də o sevgini ürəyimdə basdırdım.

- Əhməd hara getmək istəyir?

- Düzü, hərdən çox uzaqlara getmək istəyirəm. İnsan bəzən çox uzaqları arzulayır. Mən də arzulayıram. Çox uzaqlara gedim.

Tahirə Məmmədqızı