“Buzovun ölümü vurulan iynə ilə bağlı olmayıb”

Baytarlıq Xidməti Ucar sakininin ittihamlarını qəbul etmir



Ucar rayonunda heyvan tələfatı qeydə alınıb. Rayon sakini Cəbrayılov Abbas Malik oğlu bildirib ki, Ucar rayon Baytarlıq İdarəsinin əməkdaşlarının vurduğu peyvənd vasitələrinin keyfiyyətsiz olması ucbatından heyvanı tələf olub.

"Ucar rayon Baytarlıq İdarəsinin rəisi Xaləddin Əsgərovun səriştəsizliyi və yarıtmazlığı nəticəsində rayonda mal-qara qırılır. Bu hadisə mənim də başıma gəldi. Belə ki, 7 mart 2017-ci il tarixində Ucar rayon Baytarlıq İdarəsinin işçiləri fərdi təsərrüfatda iribuynuzlu heyvanlara dabaq xəstəliyinə qarşı peyvənd vurub. Onlar evimizə gəlib boğaz inəyimizə iynə vurdular. İynə vurmamışdan əvvəl biz onlara dedik ki, boğaz mala iynə vurmaq olmaz. Onlar təkidlə dedilər ki, heç bir təhlükə yoxdur, dabaq xəstəliyi əleyhinə peyvəndi etdirmək lazımdır. Belə də oldu, iynəni vurdular, səhəri günü inəyimiz ölü bala doğdu. Heyvanda inəyə görə zəhərlənmə getdi.

Hətta həmin günü bizə məxsus 3 baş mala dabaq əleyhinə peyvənd vurulsa da, akt tərtib edib heyvanların sayını 6 baş qeyd ediblər. Bununla da dövlətin ayırdığı vəsaiti talayıblar. Tanıdığım bir neçə şəxsə məxsus mal-qara bu peyvənddən sonra zəhərlənib, ayağı tutulub, ölü bala doğub” - deyə Abbas Cəbrayılov bildirib.

Şikayətçinin sözlərinə görə, Ucar Rayon Baytarlıq İdarəsinin rəisi Xaləddin Əsgərov ölmüş balanın Ucar rayonunda laboratoriyada analiz edilməsini istəsə də, o buna razı olmayıb: "Ona görə ki, laboratoriya saxta analiz edib, əməlin üstünü ört-basdır edəcəkdi. Mən ölmüş balanın Bakı şəhərində laborator analiz edilməsini tələb etdim. Amma müraciətimə baxılmadı”.

A.Cəbrayılovun söylədiklərinin əsassız olduğunu deyən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli doğuş zamanı buzovun tərs gəldiyini bildirib. Onun sözlərinə görə, rayon sakini baytarlıq işçilərini doğuşa vaxtında çağırmayıb:
"Məsələdə mürəkkəbləşmə o vaxt ola bilər ki, heyvanın ağzından selik axması müşahidə olunsun. Belə hal qeydə alınmayıb. Vətəndaşın söylədiyi fikirlər yanlışdır. Doğuş baş verəndən sonra buzov ölü formada doğulub. Mal sahibinə müraciət olunub ki, əgər narahatçılığı varsa, həmin buzovdan pataloji material götürülsün, həm Ucar Baytarlıq Laboratoriyasına, həm də Respublika Baytarlıq Laboratoriyasına göndərilsin. 

Təəssüf ki, vətəndaş buna imkan verməyib. Qeyd edib ki, guya kənddə başqa adamların da heyvanlarında belə hal müşahidə olunub. Bizim rayondakı mütəxəssislərlə qonşu sahəyə baxan baytar həkimi birgə həmin kənddə baxış keçiriblər. Belə bir halın olmadığı bildirilib. Özü də buzovun doğuşu zamanı orda qonşu baytarlıq sahəyə baxan mütəxəssislər olub. Onlar da bildiriblər ki, buzov tərs gəlmişdi və artıq inək onu ölü vəziyyətdə doğmuşdu. Yəni buzovun ölümü vurulan iynə ilə əlaqədar deyil”.

Yeganə Bayramova