Təlxək təxribatçı özünü gündəmdə saxlamaq istəyir
Sterliqovun xəstə olması öz ölkəsində sənədlərlə təsdiq olunub
Rusiyalı iş adamı, politoloq German Sterliqov Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaranmış gərginliklə əlaqədar təxribat xarakterli çağırış edib. Bu barədə Ümumrusiya Azərbaycan Konqresinin Moskva şöbəsinin icraçı direktoru Şamil Tağıyev məlumat verib. O bildirib ki, ermənipərəst mövqeyi ilə seçilən biznesmen mətbuatda və sosial şəbəkələrdə yaydığı elanda "Azərbaycan-Ermənistan sülh masası” keçirmək niyyətində olduğunu deyib.
Müzakirələri öz malikanəsində və hər iki tərəfin iştirakı ilə həyata keçirəcəyini elan edən Sterliqov Dağlıq Qarabağı "Artsax” adlandırıb və Ermənistan tərəfini özünün təmsil edəcəyini deyib. Sterliqov müzakirələrə iki ölkəni təmsil edən diaspor təşkilatlarının və səfirliklərin nümayəndələrini dəvət etdiyini bildirib.
Xatırladaq ki, Azərbaycan Sterliqovu ötən il İnterpol xətti ilə axtarışa verib. Daha sonra Rusiya hüquq-mühafizə orqanları ilə əməkdaşlıq sayəsində onun ifadəsi alınıb. Lakin Azərbaycanın onun istintaqa təhvil verilməsi tələbinə baxmayaraq, rus biznesmen ölkəmizə təhvil verilməyib. Ekspertlər Sterliqovun açıqlamasını növbəti təxribat kimi dəyərləndiriblər. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı "Şərq”ə açıqlamasında deyib ki, Sterliqovun təxribatı Rusiya hökuməti ilə bağlı deyil. Çünki Azərbaycan və Rusiya rəhbərliyi cəbhədə baş verən gərginliyi geniş şəkildə müzakirə ediblər. Rəsmi Moskva da hadisələrlə bağlı öz niyyətini bəyan edib: "Sadəcə olaraq təlxək və təxribatçı Sterliqov özünü gündəmdə saxlamaq üçün bu cür "təşəbbüslərlə” çıxış edir. O, anormal, ruhi xəstəliyi olan bir şəxsdir. İstəyir ki, hamı onu müzakirə etsin. Onun xəstə olması öz ölkəsində sənədlərlə təsdiq olunub. Təbii ki, elə bir adamın görüş təşəbbüsünə heç kim ciddi yanaşmayacaq. Çağırışları özünə qalacaq”. A.Nağının sözlərinə görə, biznesmenin həbs olunması ilə bağlı Azərbaycan İnterpola, eyni zamanda Rusiya hökumətinə dəfələrlə müraciət edib: "Hətta bir dəfə Sterliqov Rusiya hüquq-mühafizə orqanları tərəfindən dindirildi, amma təəssüflər olsun ki, onun barəsində tədbir görülmədi. Hesab edirəm,
Azərbaycan tərəfi növbəti dəfə təxribatçı iş adamı ilə bağlı Moskva hökumətinə ciddi müraciət etməlidir. Onun həbsinə nail olmaq üçün əlimizdən gələni etməliyik”.
İsmayıl