Çarəsiz analar...

Aliment verməyən atalar məsuliyyətə cəlb olunmalıdır



Uzun müddətdir məsələnin diqqət mərkəzində olmasına rəğmən hələ də aliment öhdəlikdən yayınmağa çalışanlar var. Hətta aliment verməmək üçün müxtəlif yollara əl atan əksər kişilər bir vaxtlar evliykən hüquqlarını pozduqları qadınların haqlarını boşanandan sonra da tapdamaqda davam edirlər. Xüsusən də, ölkədə alimentlə bağlı məhkəmə qərarlarının icrasında çox ciddi problemlərə rast gəlinir.

"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, ölkədə boşanan qadınların təxminən 65-70 faizi aliment ala bilmir: "Bəzən icraçılar bu məsələdə passiv olurlar, çox vaxt kişilər bundan yayınaraq ölkəni tərk edirlər və yaxud da çox cüzi əməkhaqqı ilə bağlı arayış təqdim edirlər. Yəni kişilər aliment verməmək üçün hər yola əl atırlar”.

Mehriban xanım deyib ki, işsiz ata Məşğulluq Mərkəzindən həqiqətən işsiz olduğunu təsdiq edən arayış təqdim etməli və idarədə qeydiyyata düşməlidir. Belə olan halda ödəmə müddəti uzadıla bilər: "Amma bu da müəyyən vaxtadək mümkündür. Əgər ata təyin olunmuş məbləğdə alimenti ödəmirsə, 2 dəfə xəbərdarlıqdan sonra məsuliyyətə cəlb olunur. Ata hələ işə düzəlmədiyini əsas gətirib, aliment ödəməkdən imtina da edə bilər. Bu zaman məcburi işə cəlbetmə reallaşa bilər. Amma bu da istismar xarakteri daşıdığından buna gedilmir. Məsələ burasındadır ki, insan yaşayırsa, deməli, haradansa gəliri var. Kimsə ona əl tutur, kömək edir, ailədə yaşayırsa, ailənin digər üzvlərinin gəliri var və s. Prosesi məhkəmə qərarlarının icrasına məsul olanlar daim diqqətdə saxlamalıdır. Atanın gəlir mənbəyi müəyyən edilməli və o, aliment ödəməyə məcbur edilməlidir. Bu isə çox zaman baş vermir və zərərçəkən də ana və körpə olur. Aliment ödənməsi problemində ən yaxşı üsul Aliment Fondunun yaradılması olardı. Bir ara bu məsələ gündəmə gəldi, amma nədənsə, sonra arxa plana keçdi. Aliment Fondunun yaradılması o baxımdan müsbət olardı ki, alimentdən yayınma halları olanda dövlət işə qarışacaq. Aliment ödənmədikcə, borclar yığılıb qalır. Bu zaman hökumət strukturları fəaliyyətə keçir. "Qaçaq ata”nı axtarıb-tapırlar və ondan dövlətə olan borcların ödənilməsi tələb edilir”.

M.Zeynalova alimentin ödənilməməsi ilə bağlı onlara da kifayət qədər müraciət daxil olduğunu bildirib: "Təbii ki, bizə də kifayət qədər müraciətlər olunur. Baxmayaraq ki, bu məsələ ilə də bağlı cinayət təqibi nəzərdə tutulur. Əslində, insanlar bəzi hallarda alimenti ödəməyi qadına görə etmək istəmir. "Mən pulumu o qadına vermərəm” kimi fikirlərlə öz əməllərini əsaslandırırlar. Bu, kökündən yanlış fikirdir. Aliment uşaq üçün ayrılmış vəsaitdir. Bəzən həmin vəsait heç də uşağın tam ehtiyaclarını ödəməyə çatmır. Odur ki, belə qisas vasitəsindən istifadə edən atalar ilk növbədə uşaqlarından qisas almış olur. Alimentdən yayınmaq üçün hətta yaşayış yerini dəyişən, miqrasiya edib ölkədən gedənlər var. Düzdür, bəzən qadınlar tərəfindən də alimentdən imtina halları olur. Lakin bu fikir də yanlışdır. Çünki bu vəsait qadın üçün yox, uşağın normal inkişafı üçün ayrılıb. Qadın uşağının inkişafında yaranacaq çətinlikləri süni şəkildə artırmamalıdır”.

Hüquqşünas Ələsgər Məmmədli isə hesab edir ki, bu problemin kökü icra sistemindəki korrupsiya ilə bağlıdır: "Kimsə əvvəldən hansısa icra üçün təklif və ya söz vermirsə, onun qərarı icra olunmur. İkinci bir məsələ, məhkəmə qərarları dövlət adına çıxarılır. Əgər dövlət adına çıxarılan qərarlar icra olunmursa, konstitusiyanın pozulması deməkdir və məhkəmə qərarlarına olan etibar, inamın itirilməsinə səbəb olur. Konkret olaraq, məhkəmələr verdiyi qərarların icrasının arxasında durmur. Burda Ədliyyə Nazirliyinin də üzərinə çox ciddi vəzifə düşür. Nazirlik faktiki olaraq bu məsələlərdə problem yaradan tərəfdir. Çünki istər məhkəmə qərarlarının icrasına, istərsə də məhkəmənin hüquqi sisteminə nəzarət nazirliyin tabeliyindədir. Bu baxımdan düşünürəm ki, Azərbaycanda ədliyyə sistemində yeni islahatlar olmalı, məhkəmə qərarlarının icrası ilə bağlı məsələyə nəzarət edən qurumlarda korrupsiya halları aradan qaldırılmalı və ya "ASAN xidmət” kimi bir sistemə keçirilməlidir. Əks halda, dövlətə olan etibar, inam itəcək, insanlar bu və ya digər formada artıq məhkəmədən kənar yollar axtarmağa başlayacaqlar.

Məhkəmə qərarları verildikdən və ya qüvvəyə mindikdən sonra iki ay ərzində icra olunmalıdır. Əgər qərar icra olunmursa, o zaman icraçılar bununla bağlı akt tərtib edib həmin şəxsə müəyyən xəbərdarlıq etməlidir. Və bu da icra olunmazsa, məhkəmə qərarının icrasından imtinaya görə şəxs barəsində cinayət işi qaldırılmalıdır. Bu da çox nadir hallarda baş verən metoddur. Axıra qədər məhkəmə qərarlarının icrası yerinə yetirilmir, bu funksiya normal işləmir”.

Konkret olaraq, alimentlə bağlı qərarların icrasında yaşanan problemlərə gəldikdə isə ekspert deyib ki, elə Azərbaycanda ən çox yayılan problem alimentlərin icrası ilə bağlıdır: "Boşanmış, uşağına aliment kəsilən analar onlara təyin olunan pulu vaxtında ala və ya ya qarşı tərəfi tapa bilmir. Bildiyim qədər ombudsman institutunda bununla bağlı müəyyən qanun qəbul edilməsi üçün bir sıra təkliflər olunub. Lakin həmin təkliflərlə bağlı heç bir addım atılmır”.

Şəymən