Çat var: Heç kim istəməz “Gülüstan” sarayı təhlükəli vəziyyətə düşsün
Ancaq bunun qarşısını almağın yolları var. Onlar icra edilməlidir
Daim mötəbər dövlət tədbirlərinə, beynəlxalq səviyyəli mərasimlərə ev sahibliyi edən "Gülüstan” sarayına təhlükə yaranıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qafarov bildirib ki, "Gülüstan” sarayının həm arxa, həm də ön hissəsindəki istinad divarlarında təxminən 3-5 mm ölçüdə çatlar müşahidə olunur. Ekspedisiya rəisi həmçinin, "Əbədi məşəl” kompleksinin sağ tərəfində, Bayıl dərəsi deyilən ərazidəki istinad divarlarında da çatlar əmələ gəldiyini bildirib.
Mütəxəssis yekun rəy söyləmək üçün qarın əriməsini gözləmək lazım gəldiyini deyib. O da vurğulanıb ki, adıçəkilən ərazilərdə daim lokal sürüşmələr baş verib. Bu ərazilər sürüşməyə meylli zonalar hesab edilir.
"Gülüstan” sarayının tarixinə gəlincə, qeyd edək ki, saray 1979-1980-ci illərdə, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə böyük dövlət mərasimlərinin keçirilməsi üçün tikilmişdi.
Sarayın inşası 1980-ci ilin əvvəllərində tamamlanmışdı və aprel ayında təntənəli açılış mərasimi keçirilmişdi.
Dəqiq həndəsi siluetli, orijinal, yaxşı yadda qalan, funksionallıqla estetik təsirliliyi özündə birləşdirən bu bina o illərdə Azərbaycan SSR-in əməkdar memarı H.M.Hacıbəyovun, memar A.Y.Əmirxanovun, konstruktorlar K.A.Kərimovun və N.İ.İsmayılovun layihəsi üzrə inşa edilmişdi. Bu binanın inşaatına görə müəlliflər 1982-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdülər.
"Gülüstan” sarayı çox maraqlı kompozisiyaya malikdir. Saraya gələnlər birinci mərtəbədən açıq pillələrlə avanzalların foyelərinə qalxırlar. Bunlar böyük, işıqlı və geniş, ikirəngli düzbucaqlı 1000 nəfərlik yemək salonunun cinahlarıdır. Bu salon təkcə şəhər deyil, həm də ölkə və dünya miqyasında mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulur. Bu məqsədlə salonda antresol mərtəbələrdə yerləşən xidmət otaqları ilə plandus vasitəsilə əlaqələndirilən orijinal səhnə qurulub.
Sarayın eyvanları gəminin göyərtəsini xatırladır. Bu eyvanlardan mavi Xəzərə gözəl mənzərə açılır. Bunlar Azərbaycan milli memarlığı üçün ənənəvi olan eyvan motivləridir. Birinci mərtəbənin travertinlə üzlənmiş fasadından başqa, eyvanların fasad səthləri o zaman üçün kifayət qədər davamlı sayılan Vilnüs suvağı ilə işlənmişdi. Bunun sayəsində bina dağın yaşıl yamacı fonunda gözəl görünür. Bəzək işləri isə alman və Yuqoslaviya mütəxəssislərinin iştirakı ilə aparılmışdı.
İndi isə bu gözəl memarlıq abidəsi təhlükə ilə üz-üzədir. Onu qorumaq mümkün olacaqmı?
Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova hesab edir ki, "Gülüstan” sarayının qorunması vacibdir:
- Sürüşmə təhlükəsinin azaldılması üçün torpağın yükü azaldılmalıdır. Abşeron yarımadası gil təbəqəsinin üzərindədir. Bərk süxurlara nisbətən gil təbəqəsi daha çoxdur. Ona görə də yeraltı suların səviyyəsi qalxan kimi gil təbəqəsini yuyur və sürüşmə proseslərinin sürətlənməsi üçün zəmin yaranır. Suyun səviyyəsi qalxdıqca, yeraltı süxurlar islanır və gil təbəqəsində sürüşmə əmələ gətirir. Bayıl zonasında tikilmiş evlərin divarlarından su axır. Vaxtilə orada antikorroziya tədbirləri görülməyib. Qayaların altından su qalxır. Belə yerlər çox təhlükəlidir. Həmçinin dəniz kənarında da ağır evlər - hündürmərtəbəli binalar tikmək təhlükəlidir. Əhmədli qəsəbəsinin də bir tərəfi dənizə söykəndiyindən oranı da su yuyub aparır. Vaxtilə Bakıda 4-5 mərtəbəli binalar tikilirdi. Bu binalar məhz ərazinin geoloji quruluşuna hesablanaraq tikilib. Elə bilirsiniz, o vaxtkı
memarların biliyi yox idi, yoxsa onlar 12-16 mərtəbəli binalar tikə bilməzdilər? Binaları ona görə azmərtəbəli layihələndirirdilər ki, ağırlıq yaranmasın. Binalar yerin ağırlıqgötürmə qabiliyyətinə hesablanaraq tikilirdi. Abşeronda dənizə doğru irəlilədikcə, torpaq təbəqəsi azalır, gil təbəqəsi çoxalır. Sadəcə, təbəqə qatı hündür olduğuna görə, alt təbəqə islanır, üst təbəqəyə isə su keçmir. Amma gil təbəqəsi özü-özlüyündə yumşaqdır. Allah eləməsin, orada bir fəlakət baş versə, hər şey yerlə-yeksan olacaq. Ona görə də tikinti aparılarkən bu xüsusiyyətlər nəzərdən qaçmamalıdır. Torpağı həddindən artıq yükləmək olmaz. Sürüşmə proseslərinin qarşısını almaq üçün torpağa dayaqlar vurulmalıdır. Dayaqlar bərk süxurlara - qayalıqlara qədər gedib çıxmalıdır. Bu yolla sürüşmə təhlükəsini önləmək mümkündür.
Z.Budaqova qeyd etdi ki, Bayıl, Zığ, Əhmədli, Masazır əraziləri sürüşməyə meylli zonalardır. Bayıl yamacında dəfələrlə sürüşmə baş verib, lakin bundan dərs çıxarılmayıb:
- Yadınızdadır, 2000-ci ildə Bayıl yamacında böyük sürüşmə baş verdi. "LUKoyl” yanacaq doldurma məntəqəsinin yerləşdiyi ərazi necə qabardı. Bundan sonra bir müddət Bayıl yamacına toxunmadılar. Bildirildi ki, burada böyük tikinti işləri aparmaq təhlükəlidir. Nəhəng ölçüdə sürüşmə əmələ gələr, böyük çatlar yaranar. Bir müddət sakitlik oldu, amma sonra yenə, keçmişi unudub tikintilərə başladılar. Görün, Bayıl yamacında, Batamdarda nə qədər nəhəng tikintilər aparılıb. Badamdarda sürüşmə əmələ gəldi, yol bağlandı. Yenə ibrət almadılar. Biz həmişə demişik ki, Bayıl yamacı, "Əbədi məşəl” kompleksi, Teleqüllə, Şəhidlər Xiyabanı sürüşməyə meylli zonalardır. Həmin ərazilərdə mümkün qədər çox ağac əkilməlidir ki, sürüşmənin qarşısını alsın. O ərazilərdə nəinki nəhəng binalar, heç ağır tonnajlı texnikanın işləməsinə də icazə verilməməlidir. Amma hər dəfə də əksini görürük. Nəticə də göz qabağındadır. Torpaq sürüşməsinin qarşısını alacaq tədbirlər əvəzinə, əksinə, prosesi sürətləndirə bilən işlər aparılır. Əlbəttə, "Gülüstan” sarayı gözəl memarlıq abidəsidir. Bakının simvollarından biridir. Heç kim istəməz ki, belə gözəl saray təhlükəli vəziyyətə düşsün. Ancaq bunun qarşısını almağın yolları var. Onlar icra edilməlidir.
Məlahət Rzayeva