“Yetər ki, dəmiryolları nəqliyyatını bacarıqla idarə edənlər işin başında olsun və xidmətləri ilə bazarın tələblərinə cavab versin”
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində geniş kollegiya iclası keçirilib. Cəmiyyətin mətbuat rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, qurum sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək dəmir yolunda reallaşdırılan layihələrdən, qarşıda duran perspektiv vəzifələrdən danışıb.
Qurbanov deyib ki, hazırda dəmir yolunda bir sıra yeni layihələr icra olunmaqdadır. Bu nəhəng qurumun infrastrukturunun yeniləşdirilməsi, xidmətin səviyyəsinin daha da yüksəldiləsi istiqamətində bütün qüvvələr səfərbər olunub. Amma qurum rəhbəri bir çox problemlərin mövcud olduğunu da vurğulayıb və bəyan edib ki, bir çox məsul işçilər onlara tapşırılan işin məsuliyyətini dərk etmirlər: "Bununla əlaqədar struktur islahatlarının aparılmasına ciddi ehtiyac yaranıb”. Geniş kollegiya iclasında bir neçə idarə və stansiya rəhbəri işdə yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.
Rəhbərliyin dəyişdirilməsindən sonra "Azərbaycan Dəmir Yolları” QSC-ində aparılan islahatlardan və kadr dəyişikliyindən danışan nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib ki, istənilən dövlət idarəsində, xüsusən dəmiryolları kimi dinamik inkişaf edən bir strukturda kadr potensialına ciddi əhəmiyyət verilməlidir: "Belə qurumlarda hər zaman islahatlar aparılmalıdır. Əgər hər hansı məsələnin həllində, məhz insan amili ilə bağlı problemlər varsa, orada mütləq yüksək ixtisaslı kadrlar işləməlidir. Çünki nəqliyyat sferası elədir ki, bu sistemdə texnologiyalar daima yenilənməli, idarəetmədə çeviklik olmalı, müasir informasiya qurğularından istifadə olunmalıdır. Hərəkətin tənzimlənməsində, səmərəliliyin artırılmasında, yük və sərnişin daşımalarında, xüsusən, təhlükəsizlik məsələlərində mütləq yeniliklər həyata keçirilməlidir”. Ekspertə görə, istər sərnişin, istərsə də yükdaşımalar olsun, nəqliyyat mütləq digər nəqliyyat növləri ilə uzlaşmalıdır: "Bu sistemdə subyektlərin dəmiryol daşımalarına olan ehtiyacını ödəyə bilən, çevik qiymət tətbiq edən, idarəetmədə bütün məsələlərin öhdəsindən gələn kadrlar çalışmalıdır. Bu, həm də bir biznesdir, sahibkarlıq fəaliyyətidir. Özü də çox gəlirli bir təsərrüfat sahəsidir. Yetər ki, dəmiryolları nəqliyyatını bacarıqla idarə edənlər işin başında olsun və xidmətləri ilə bazarın tələblərinə cavab versin. Ancaq istənilən halda görülən islahatları alqışlamaq lazımdır”.
İsmayıl