Cavid Qurbanovun təklifi DƏSTƏKLƏNDİ

Sahib Məmmədov: "Mülkiyyətin tamlığı təmin olunmalıdır "


Azərbaycanda torpağın tamlığı məsələsi təmin olunmalıdır. 

Bu barədə Sherg.az-a millət vəkili Cavid Qurbanovun "tikintinin altındakı torpaq mülkiyyətinin də özəlləşdirilməsinə imkan verilsin" təklifini dəyərləndirərkən "Vətəndaşların əmək hüquqları Liqasının sədri Sahib Məmmədov bildirib.

 Onun sözlərinə görə, ölkəmizdə bir mülkiyyətçi torpağın, digər mülkiyyətçi isə tikintinin sahibidir: 

"Bu məsələ özəlləşmə zamanı müxtəlif ziddiyyətlərə yol açır. Dövlət əmlakı özəlləşdiriləndə altındakı torpaq qalır, üstündəki əmlakı özəlləşdirirsən. Bu da, çoxsaylı problemlərə yol açır. Məsələn təcrübədə o qədər şahidi olmuşuq ki, biri gəlib obyekt tikib, sonra torpaq sahibi də gəlib deyib ki, sök, bura mənimdir. Ona görə də, məsələ həll olunmalıdır. Bu mövzu çoxdan gündəmə gətirilməli idi. Millət vəkili indi deyir, amma biz QHT olaraq bi problemi 10 il öncə qaldırmışdıq. Bütün hallarda deputatın yanaşması tamamilə düzgündür. Qanunverici orqanda kimsə həmin işə problem kimi baxırsa, bu, çox yaxşı haldır. Ona görə ki, əmlak özəlləşdirilərkən onun altındakı torpaq da onunla bərabər satılmalıdır. Yəni əmlak tam olmalıdır".

Ekspert onu da əlavə edib ki, dövlət əmlakını idarə edən orqan bu uşə ciddi diqqət yetirməlidir: " Bununla bağlı layihə hazılayıb, tətbiq etməli idi".
Qeyd edək ki, millət vəkili , "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov tikintinin altındakı torpaq mülkiyyətinin də özəlləşdirilməsinə imkan verilməsini təklif edib.

Ayyət Əhməd