Avtovağzaldakı vəziyyət hamının yaralı yeridir“Kassalarda bilet yoxdur, bileti sürücülər satır”
Millət vəkili Fazil Mustafa Beynəlxalq Avtovağzalda müşahidə etdikləri və başına gələnlər barədə şəxsi "Facebook” səhifəsində yazıb. "Avtovağzala göz gəzdirdim. İnanın ki, bu qədər çirkab, üfunət çox az yerdə görərsiniz. Asfalt kələ-kötür, 3-4 ay öncə, bir il öncə gördüyüm təmir hələ də davam edir. Ən əsası isə dəyişməyən bir şey var; 1 dəqiqəyə daxil olub tərk etdiyim avtovağzalda "M.Trans” MMC adlı qurum üçün yığılan 1 manat haqq öz yerindədir. Demək, heç bir xidmət göstərmədən pul yığmaq, vətəndaşı soymaq ənənəsinə ancaq bizdə rast gəlmək olar. Verdiyim pulu halal etmədən Avtovağzalı tərk etdim. Təklif edəcəyəm ki, heç olmazsa, bu Avtovağzalın adının qarşısından "Beynəlxalq” sözünü çıxarsınlar. Belə "xidmət” göstərilən Avtovağzalın nə beynələ, nə beyinə, nə də xalqa zərrəcə faydası var”.
Onsuz da çox adam Avtovağzaldan dad eləyir. Görün, iş nə yerə çatıb ki, millət vəkili əsəblərini cilovlaya bilməyib və rüsvayçı vəziyyət barədə sosial şəbəkə istifadəçiləri ilə paylaşıb.
Millət vəkilinin toxunduğu məsələ çoxumuzun yaralı yeri olduğundan diqqətimizi çəkdi. Və məsələni gündəmə gətirməyimizə səbəb oldu.
Niyə Avtovağzal insanlarımız üçün "cəhənnəm”ə çevrilib? Oradan əsəbsiz ayrılmaq olmur?
Məsələyə münasibət bildirən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov "Beynəlxalq Avtovağzal Kompleksi”nin yerləşdiyi ərazidən tutmuş, giriş-çıxışına qədər vətəndaşların daim problemlə üzləşdiyini dedi:

- Avtovağzalın tikintisində xeyli qüsurlar var. Avtovağzalın yeri də, ərazisi də, problemlidir, istifadə üçün əlverişli deyil. Birincisi, Avtovağzalın yerləşdiyi ərazi daim tıxaclıdır. Avtovağzala getməli olan adam "qara günü”nü bəri başdan qablaşdırır. "20 Yanvar” dairəsində tıxaca düşəcəyini əvvəlcədən bilən vətəndaş yarım saatlıq yola 1 saat yarım sərf edəcəyini düşünüb evdən 2 saat əvvəl çıxır. Avtovağzala getmək əsl cəhənnəm əzabıdır. Sonra da digər problemlər, əsəb sarsıntıları, psixoloji gərginliklər başlayır. Ora Avtovağzaldan çox, ticarət mərkəzinə bənzəyir. Ticarət mərkəzi tikmək pis deyil, vətəndaşlara gərəkli ola bilər. Amma hər bir işdə ticarət maraqlarının güdülməsi insanları sarsıdır. Niyə Bakıdan Tovuza gedən vətəndaş Avtovağzalın içindəki labirintlərdən, ticarət köşklərinin arası ilə keçməlidir? Təsəvvür edin ki, bu adamın əlində 10 kiloqramlıq səbət var. Deməli, bu adam 10 kiloqramlıq səbəti özüylə daşımalı, o labirintlərdən keçib avtobusunu axtarıb tapmalıdır. Millət vəkili Fazil Mustafanın qaldırdığı məsələ hamımızın yaralı yeridir. Vətəndaş yaxınını, qohumunu qarşılamağa, yaxud yola salmağa gedir, ondan pul istəyirlər. Məgər bu Avtovağzal dövlətin deyil? Avtomobilin içəri girib-çıxması üçün sürücüdən niyə pul alınmalıdır? Pul o zaman tələb olunsun ki, avtomobil orada park edilsin. Və yaxud kompleksin içərilərinə doğru irəliləmiş olsun. Giriş qapısından içəri keçməyə görə insanlardan pul alınırsa, belə çıxır ki, Avtovağzal kompleksi özəldir. Kiminsə şəxsi mülkiyyətidir. Belə düşünməkdən başqa çarəmiz qalmır. Mən bir dəfə bu məsələylə maraqlanmışdım, demişdilər ki, Avtovağzal kompleksinin yerləşdiyi ərazi Nəqliyyat Nazirliyinə icarəyə verilib. Məncə, bu məsələni ətraflı araşdırmaq lazımdır. Əgər həqiqətən belədirsə, o zaman bu, indiyədək görünməmiş bir haldır.
Ə.Hüseynov bildirdi ki, kompleksin daxilinə avtomobillərin girişinə məhdudiyyətlər qoyulmalıdır, əks halda avtomobillər avtobusların hərəkətinə mane olar. Lakin bunun da münasib üsulu var. Avtobus dayanacağına qədər müəyyən məsafədə avtomobillərin sərbəst hərəkətini təmin etmək mümkündür. Vətəndaş yaxınını, qohumunu avtovağzala gətirirsə, ondan "asfalt haqqı” alınması tamamilə absurddur. Çünki bu kompleks dövlət vəsaiti hesabına inşa olunub.
"Avtovağzalda avtobuslara bilet satışından tutmuş, avtobusların qrafikinə qədər hər bir sahədə ciddi nöqsanlar var. Kassalarda bilet yoxdu, bileti sürücülər satır. Sürücülər özlərinə sərf edən vaxtda yola çıxırlar. Giriş-çıxışa da birisini qoyublar, zənciri endirib-qaldırır, hər gələndən pul alır. Avtovağzal kompleksi rahat, səliqəli, vətəndaşlar üçün əlverişli olmalıdır. Dünya praktikasında belədir ki, ümumiyyətlə, vağzallar digər nəqliyyat vasitələrinə yaxın yerlərdə inşa edilir. Yəni, vağzalın metroya, şəhərdaxili avtobuslara keçid yolu olmalıdır. Məsələn, Bakının dəmiryol vağzalı "28 May” metrostansiyasıyla demək olar ki, iç-içədir. Bu da vətəndaşlar üçün dəmiryol vağzalına gedişi rahatlaşdırır. Çox adam dəmiryol vağzalına şəxsi avtomobili ilə getməkdənsə, metrodan istifadə etməyi üstün tutur. Ancaq Avtovağzala getmək çox çətindir. Şəhərdaxili avtobuslara minmək üçün sərnişinlər uzun yol qət etməli olurlar. Axşam, gecə saatlarında isə ictimai nəqliyyatda axsamalar başlayır. Avtobuslar Avtovağzal ərazisinə daxil olmurlar. Bilmirəm, bunu qəsdən edirlər ki, sərnişinlər məcbur qalıb, taksi xidmətindən istifadə etsin, yoxsa, avtobus sürücüləri özləri yayınır. Hər halda sərnişinlərin mənzil başına çatmaları təmin edilməlidir. Bəlkə birinin taksiyə minməyə pulu yoxdur. İctimai nəqliyyatın işi fasiləsiz olmalıdır ki, vətəndaşlar əziyyət çəkməsinlər.

Məlahət Rzayeva