Cəlil Cavanşir onu təhdid edənlərin ünvanını müəyyənləşdirib

Yazar işin izinə düşdüyünə görə ətraflı məlumat vermək istəmir

 
Yazar Cəlil Cavanşir təhdid olunur. Bu barədə şair özünün sosial şəbəkədəki hesabında məlumat yayıb: "Əslində bu barədə yazmaq istəmirdim, sadəcə məsələ kifayət qədər ciddi olduğu üçün narahatlığımı sizinlə də bölüşmək istəyirəm. Xüsusilə bu ərəfədə həyatımla bağlı nələrinsə ictimailəşməsi ürəyimcə deyil. Təxminən 15 gündür ki, sosial şəbəkələrdən, konkret instaqram və feysbukdan təhqir, təhdid və şantaj mesajları alıram. Əsasən gecə saatlarında gizli nömrədən zənglər gəlir. 

Zəng edənlər bəzən kişi, bəzən qadın olur. Asta səslə danışırlar. Adətən ya birbaşa söyürlər, ya da tanıdığım şəxslərlə, doğmalarımla bağlı iyrənc ifadələr işlədirlər. Sosial şəbəkələrdə adətən profilimi ələ keçirmək cəhdləri hiss edirəm. Göndərilən spamlar gah səs yazısı, gah da hansısa link olur”. Məsələ ilə bağlı ətraflı məlumat almaq üçün bir daha yazarla əlaqə saxladıq. 

"Şərq”ə açıqlama verən C.Cavanşir heç kəsdən şübhələnmədiyini deyib. Heç kəslə problemi olmadığını vurğulayan yazar bu təhdidlərin hansısa yazısı ilə bağlı olmasını da zənn etmir: 

"Mən sadəcə, maarifçiliklə bağlı yazıram. Ümumi cəhaləti, saxtakar din xadimlərini tənqid etmişəm. Son vaxtlar isə ümumiyyətlə, az yazıram. 3-4 ay əvvələ qədər vəhhabiləri, Suriyaya döyüşməyə gedənləri, bölgələrdə üz-gözündən zəhrimar yağan qısabalaq, saqqallıları tənqid edirdim. O zamanlar mənə qarşı çox nadir hallarda təhdidlər gələrdi”. Hazırda nə baş verdiyini tam olaraq anlamadığını vurğulayan C.Cavanşir artıq sosial şəbəkələrdə onu narahat edən adamların araşdırıldığını deyib: "Bu sahəni yaxşı bilən dostlarımız 6 İP ünvanı vasitəsi ilə, həmin şəxslərin yaşadığı ünvanları da araşdırdıq. Polisə də məlumat verilib. Amma ətraflı açıqlama vermək istəməzdim. Mən də, bütün dostlarım da səbrlə araşdırmalarımızı davam etdiririk”. 

Şəymən