“Cəmiyyət bizdən doğru və təsirli söz gözləyir”
Qafar Əliyev: “Gənc jurnalistlərin ixtisaslaşmasının vacibliyini diqqətə çatdırıb”
"Gənc Politoloqlar Mərkəzi”nin Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Gənc Jurnalistlərin ictimai-siyasi mövzular üzrə ixtisaslaşması” adlı layihənin növbəti seminarı keçirilib. Seminarda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev Azərbaycan mətbuatında ictimai-siyasi mövzularda yazan jurnalistlərin, o cümlədən gənc jurnalistlərin ixtisaslaşmasının vacibliyini diqqətə çatdırıb.
O bildirib ki, gələcəyin qurucuları olan gənclər və həmin gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, cəmiyyətdə baş verən ictimai-siyasi proseslərin mahiyyətinin xalqa çatdırılması işində gənc jurnalistlərin peşə hazırlığı və ixtisaslarının artırılması mühüm əhəmiyyət kəsb edir: "Praktika göstərir ki, bəzən vətənpərvər, dövlətimizə və xalqımıza sədaqətli olan, bu istiqamətdə KİV-lərdə fəaliyyət göstərən jurnalistlərin siyasi bilik və bacarığının, peşə hazırlığının kifayət qədər olmaması səbəbindən lazımi səviyyədə fəaliyyət göstərə bilmirlər. Ona görə də bu mövzuda mütəmadi olaraq gənc jurnalistlərin ixtisasının artırılmasına ciddi ehtiyac duyulur. Düşünürəm ki, keçirilən seminarlar bu istiqamətdə gənclərimizə öz müsbət töhfəsini verəcək”. Ölkədə aparılan islahatlara toxunan Q.Əliyev Azərbaycan dövlətini bir ağaca bənzədib və deyib ki, ağacın quru budaqlarını kəsmək lazımdır: "Ağacın yaşıl budaqlarını saxlamaqla, bütövlükdə ağacı qoruyub saxlamalıyıq. Biz istəyirik ki, islahatlar davam etsin və dövlətə bənzətdiyimiz bu ağac yenidən bəhrəsini versin, xalqımızın güzəranı daha da yaxşılaşsın. İnanın ki, bunun üçün sosial-iqtisadi bazamız var. Milli manatımız devalvasiyaya uğrasa da, bizim valyuta ehtiyatımız, iqtisadi potensialımız kifayət qədərdir”. PA rəsmisi qeyd edib ki, ulu öndər Heydər Əliyevin və daha sonra Prezident İlham Əliyevin rəhbərliyi dövrlərində Azərbaycan dövlətinin təməli möhkəm qoyulub: "Yəni bu ağacın kökü elə dərinliklərə gedib ki, nə qədər quru budaqlarını kəssən də, ölməyəcək, əksinə, daha da çiçəklənəcək və böyüyəcək. Bununla da dövlətçiliyimiz möhkəmlənəcək. İslahat dedikdə də biz əsasən bunu başa düşürük”.
Q.Əliyev son hadisələrə görə bəzi dövlət orqanlarını da günahlandırıb: "Son hadisələrin gedişi zamanı bəzi dövlət orqanlarının fəaliyyətində ciddi nöqsanlar üzə çıxıb. İstər maliyyə, bank, istərsə də digər sahələrdə gözlə görülə bilən nöqsanlar var. Belə halları təkcə müxalifət mətbuatı deyil, iqtidar mətbuatı da tənqid etməlidir. Yəni, ağacın qurumuş budaqlarının hansı sahələrə aid olduğunu qorxmadan, cəsarətlə açıb göstərməliyik. Biz müxalifət mətbuatının bu istiqamətdə təşəbbüsü ələ almasına imkan verməməliyik. Cəmiyyət də bizdən doğru və təsirli söz gözləyir. Çünki bilirsiniz ki, xalq da bundan narahatdır. Xalq bu nöqsanları və onların həlli üçün atılan addımları iqtidaryönlü qəzetlərin səhifəsindən oxuyanda, sanki daxilən rahatlıq tapır və problemin həll olunacağına əmin olurlar. Lakin müxalifətin radikal qanadına mənsub olan bir sıra mətbuat orqanlar və şəxslər cəmiyyətimizə bu ağacın kökündən çıxarılaraq çölə atılmasını təklif edirlər. Hansı ki, bu təklif Azərbaycan cəmiyyəti üçün təhlükəli və heç bir halda qəbulolunmazdır. Müxalifətin radikal qanadının bu təklifi Azərbaycan cəmiyyətini arzuolunmaz vəziyyətə apara bilər. Çünki Azərbaycan cəmiyyəti üçün radikal və inqilabi dəyişikliklər qəbuledilməzdir. Biz jurnalistlər də bu ideyaların cəmiyyətə nə qədər təhlükəli olduğunu daim çatdırmalıyıq”.
"SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev də çıxış edərək bildirib ki, milli mətbuatımızın tarixi 140 il öncəyə söykənsə də, Azərbaycanda müstəqil jurnalistika və eyni zamanda siyasi jurnalistikanın formalaşması prosesi müasir dövrə təsadüf edir: "Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra müstəqil jurnalistikada siyasi jurnalistika prosesi başladı. Xarici ölkələrə nəzər salsaq görərik ki, MDB dövlətləri siyasi jurnalistikanı daha çox qəbul edir, nəinki Avropa dövlətləri. Avropada, ümumiyyətlə siyasi jurnalistika anlayışı mübahisəli məsələ olaraq qalır. Onların iddiasına görə jurnalistikada tərəf, hər hansı bir mövqe olmamalı, jurnalist gördüyünü olduğu kimi tam şəkildə cəmiyyətə çatdırmalıdır. Amma müasir dünya, müasir tələb bunu demir. Belə ki, əgər çoxpartiyalı sistemin mövcud olduğu dövrdə yaşayırıqsa, sözsüz ki, iqtidar-müxalifət jurnalistikası var, olacaqdır. Bu, bizim istəyimizdən asılı deyil. Bu gün Azərbaycanda demokratik informasiya cəmiyyəti bizə imkan verir ki, iqtidar və yaxud da müxalifət jurnalisti kimi cəmiyyətə təqdim olunaq. İstər iqtidar jurnalisti olsun, istərsə də müxalifət jurnalisti dövlətçilik prinsiplərində, dövlətçilik mövqeyində Azərbaycan vətəndaşı nümunəsi sərgilənməlidir. Cənab Prezident İlham Əliyev mətbuat nümayəndələri ilə görüşündə daim mətbuatı ictimai nəzarət mexanizminin formalaşmasında dövlətə yardımçı olmağa çağırıb. Eyni zamanda, mövqeyindən asılı olmayaraq dövlətçilik, ümumxalq məsələlərində birgə fəaliyyət göstərməyi ölkə Prezidenti bizlərə daim tövsiyə edir. Mətbuat da ümumxalq məsələlərində doğru münasibəti sərgiləməyə borcludur”. "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu da çıxışında bildirib ki, bir yandan Qərb siyasi jurnalistika anlayışını qəbul etmək istəmir, digər bir yandan isə özlərini təkzib edir: "O mənada ki, jurnalistikanı dördüncü hakimiyyət adlandıran məhz Qərbdir. Bu, MDB, postsovet məkanının siyasi media fəlsəfəsi kimi ortaya çıxmayıb, elə Qərbin özündən gəlib. Əgər jurnalistikanı hakimiyyət kimi səciyyələndirə biliriksə, bu zaman hakimiyyət özü başdan ayağa siyasi institutlaşmadır. Jurnalistika siyasiləşməmiş ola bilər, bir halda ki, yalnız bir funksiya həyata keçirmiş olsun - xəbərləşmə və xəbər ötürmə funksiyasını. Bu gün kim deyə bilər ki, dünyada jurnalistika yalnız xəbər ötürmə funksiyasından çıxış edir. Bu olduqca absurddur. Jurnalistika siyasilərin tribunası olmaqla bərabər, həm də özünün siyasi dəsti-xəttini göstərmiş olur. Deyə bilərəm ki, heç bir mətbu orqan bir siyasətçinin, şərhçinin fikirlərini olduğu kimi cəmiyyətə çatdırmır. Mütləq orada özünün şərhini əlavə edir. Bir halda biz siyasətçinin natural çıxışı ilə tanış ola bilirik, o da hansısa rəsmi agentlikdə siyasətçinin fikirlərini öz dilindən eşidirik. Bundan
kənarda isə jurnalistin özünün əlavəsi olur ki, bunun özü də bir siyasətdir. Müasir jurnalistikanın bütün imkanlarını, potensialını nəzərə alıb cənab Prezident haqlı olaraq jurnalistikanı dördüncü deyil, ikinci hakimiyyət adlandırıb: "İndiki mərhələdə bu fikirlər jurnalistikanın mahiyyətini açan ən gözəl fikirlərdir”.
İsmayıl