"Cəmiyyətdə yazılmamış qanunlar, yazılmış qanunları üstələyir” - Psixoloq və sosioloq danışır

Xəbər verdiyimiz kimi, ötənlərdə İsmayıllı rayonunun Kürdmaşı kənd sakini 3 uşaq anası 1989-cu il təvəllüdlü Səfərova Ceyhunə Adil qızı odlu silahdan açılan atəş nəticəsində öldürülüb. Araşdırmalar zamanı məlum olub ki, gənc qadını həyat yoldaşı Cəfərov Elçin Kamil oğlu qətlə yetirib. Məlumata görə, qətl hadisəsi namus üstündə baş verib. Belə ki, gecə saatlarında evinə gələn E.Cəfərov həmkəndlisi, 1988-ci il təvəllüdlü Həsənov Məhəmmədıli Ağalar oğlunu evində, həyat yoldaşının yanında görüb. E. Cəfərov M. Həsənovu döyərək ona da ağır bədən xəsarətləri yetirib.
Son illərdə xəyanət üstündə törədilən bu cür cinayət hadisələrinin artması mətbuatda və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. İnsanlar ailələrdə xəyanət faktlarının artmasından, bu səbəbdən törədilən cinayətlərin baş alıb getməsi və ailə institutunun dağılmaq üzrə olmasından narahatlıq keçirdiklərini ifadə edirlər.
Bu barədə "Sherg.az”a danışan psixoloq Orxan Oruc deyib ki, müxtəlif cinayətlərlə bağlı mətbuatda tez-tez xəbərlər eşitsək də, xəyanət faktlarının artdığı ilə bağlı birmənalı fikir səsləndirmək düzgün deyil.
 Psixoloq hesab edir ki, xəyanət hər zaman olub və həmişə qadının xəyanəti kişilərin aqressiyası ilə nəticələnib:
"Bu, dünyadakı xalqların əksəriyyətində belədir. Sadəcə olaraq, müasir dünyada xəyanət edənlərin sayının artdığını düşünməyimizin səbəbi fərqlidir. İndi xəyanət etmək üçün vasitələr çoxalıb, bu, rahatlaşıb. Xəyanət hadisələrinin ölümlə nəticələnməsinin səbəblərinə gəlincə, cinayət kişinin həmin situasiyada verdiyi qərardır. Heç bir kişi ağlına gətirə bilməz ki, həyat yoldaşı ona xəyanət edər.
Belə xəbərlərin daha çox yayılması isə xəyanətlə üzləşən digər kişilərin də cinayətə əl atmasına rəvac verir. Çünki hadisəni eşidən kişi istər-istəməz beynində model formalaşdırır: "xəyanətlə qarşılaşan kişi xanımını öldürməlidir”. O kişini həbsxanada, polis məntəqəsində, cəmiyyətdə, demək olar, heç kim qınamayacaq. Hətta ,bəlkə də, ona xüsusi hörmətlə yanaşılacaq, polisdən, məhkəmədən rəğbət görəcək. Beləliklə, dırnaqarası ənənə yaranır ki, xəyanət edən qadın mütləq cəzalandırılmalıdır. Kişinin xəyanət edən qadını öldürməməsi cəmiyyət tərəfindən daha çox qınağa səbəb olur, nəinki qətlə yetirməsi. Bununla yazılmamış qanunlar, yazılmış qanunları üstələyir”.
Sosioloq Cavid İmamoğlu isə xəyanət faktları və bu səbəbdən baş verən cinayətlərin kompleks araşdırılmasının tərəfdarıdır. O diqqətə çatdırıb ki, baş verən hadisələri sosial problem olaraq qəbul etsək, ailədaxili xəyanətlərə gətirib çıxaran bəzi faktorların olduğunu müəyyən edə bilərik:
"Burada sosial faktorlar – ailə quran tərəflərin özlərini ifadə edə bilməmələri, başqası ilə münasibəti olduqda boşanaraq, yoluna davam etməyə cürət etməmələri, ailədəki yoxsulluq, maddi böhran, mənəviyyat faktoru və s. ola bilər. Xəyanətlərin artmasında müasir texnologiyaların, sosial şəbəkələrin çoxalmasının, əlaqə vasitələrinin asanlaşmasının təsiri də güclüdür.
Ailə quran insanlar uşaq yaşlarından elə tərbiyə almalıdırlar ki, gənclər xəyanətin mənəvi dəyərlərdən kənar, etikaya sığmayan qeyri-insani hal olduğunu anlasınlar. Təəssüf ki, Azərbaycan ailələrində böyüyən uşaqlarda qarşı cinsə, naməhrəmlərə münasibətin tərbiyə olunmasında problemlər var. Bu isə özünü evlilik prosesində göstərir. Nəticə etibarı ilə, mənəvi yetkinləşməmiş, psixoloji dözümsüz, ailə məsuliyyətini öz üzərinə götürmək qabiliyyətinə sahib olmayan şəxslərin ailə həyatında ictimai, maddi, sosial problemlər üst-üstə düşdükdə, xəyanət qaçılmaz olur”.
Bu problemin qarşısının necə alınmasına gəlincə, C. İmamoğlu qeyd edib ki, ailələrdə kişi və qadınların, qaynana və qayınataların, gənclərin, ümumiyyətlə, bütün insanların maarifləndirilməsinə ciddi ehtiyac var:
"Onlar xəyanətin nə qədər eybəcər, sədaqətin isə yüksək insani dəyər olduğunu anlamalıdırlar. Bunu təbliğ etməli, insanları sədaqətə yönləndirəcək şəkildə maarifləndirməliyik. Amma təəssüf ki, mediada, sosial şəbəkələrdə daha çox xəyanət kimi anormal faktlar qabardılır. Xoşbəxt ailələrin, sədaqət, sevgi üzərində qurulan xoşbəxt cütlüklərin münasibətləri mediada demək olar, işıqlandırılmır”.
Aysel Aslan