Çempion adam...

Bir neçə dəfə karateni atmaq istəyib, ancaq anası razı olmayıbAyxan Mamayev qazandığı 100 min manata ailəsinə ev alacaq və dostları ilə xaricə istirahətə gedəcək
İlk öncə qardaşını, daha sonra isə onu karate klubuna göndərdilər, lakin valideynləri iki idmançı yetişdirmək üçün ödəniş edə bilmirdi. Məşqçi isə hələ uşaq ikən potensial imkanlarını üzə çıxartdığı üçün onun məşqə davam etməyini valideynlərinə tövsiyə etdi. O, idman karyerasına karatenin şotokan növü ilə başladı. Daha sonra kumiteyə başlamazdan əvvəl səkkiz il kata ilə məşğul oldu. Uşaqlıqda Brus Li və keçmiş ağır çəki üzrə boksçu Mayk Tayson onun qəhrəman obrazları idi.
Haqqında reportaj hazırlayacağımız şəxs futbolu sevir və 2011-ci ildə çempion olan universitet üzrə futbol komandasının kapitanı olub. Həmçinin babasından irsən keçən idmanın güləş növü üzrə istedada malikdir. Atletimiz hər döyüşdən əvvəl dua edir və qalib gəlməyi qarşısına məqsəd qoyur. O, həmkarlarına, o cümlədən, Rəfael Ağayevə böyük hörmət bəsləyir və onunla eyni komandada məşq etdiyi üçün fəxr edir. Gənc atletimiz belə düşünür ki, məşq etməklə yanaşı, döyüş üçün psixoloji hazırlıq çox önəmlidir. O, 2014-cü ildə dizindən zədələnib və üç ay məşq edə bilməyib.
Yəqin haqqında danışdığım adamın kimliyi sizlərə çox maraqlı gəldi. Söhbət -84 kq çəkidə ilk Avropa Oyunlarında karatenin kumite növü üzrə yarışlarda ölkəmizə 5-ci qızıl medalı qazandıran əslən məhsəti türkü olmasına baxmayaraq Azərbaycanı özünə vətən hesab edən Ayxan Mamayevdən gedir. Yazılı mətbuatda eksklüziv olaraq onun yaşadığı evdən və ailəsindən geniş reportaj hazırlamaq bizə qismət oldu. Ayxanın belə bir titul aldıqdan sonra belə sadə və səmimi olacağını gözləmirdim. Çünki bəzi idmançılarımızda bunların əksini eşidib və görmüşük. Ayxanın özü kimi sadə və səmimi ailəsi var. Ailə dörd nəfərdən ibarət olsa da (atası, anası, qardaşı və özü), qardaşı Türkiyədəki işi ilə bağlı orada yaşayır. Karateçimiz ailəsi ilə birlikdə Suraxanı rayonunun Əmircan qəsəbəsində balaca iki otaqlı evdə yaşasalar da, geniş ürəyə malik, gülərüz və səmimi insanlardır.
Öncə evin böyüyü sayılan atası, inşaat mühəndisi Paşa müəllim bizimlə söhbətində bildirdi ki, Ayxanın qələbəsinə bütün qonşular və dostları ilə bərabər sevinmişik: "Oğlum onun Avropa Oyunlarındakı yarışlarına bizim gəlməyimizi istəmirdi. Karate üzrə yarışların birinci günü gəlib Firdovsinin oyununa tamaşa etdim. Sonrası ikinci gündə Ayxanın döyüşləri başlayanda televiziyadan tamaşa etdim. Mən onun qalib gələcəyinə inansam da, çox həyəcanlı idim. İnanmağımın səbəbini bilmirəm, bəlkə də məşqçi-müəllimlərin yaratdığı auradanmı irəli gəlirdi, deyə bilmərəm. Uşaqlar balaca ikən ona söz vermişdim ki, oğlum çempion olsun, sənə maşın alacam. İndi söz verdiyim kimi, Şahin müəllimə "Mersedes” markalı avtomobil alacam (gülümsəyir)”.

"O bizdən gözündəki zədəni gizlətmişdi. Bir neçə dəfə xəbərimiz olmadan əməliyyat olunub”
Ayxanın atası onun bu idman növü ilə məşğul olmasının tarixçəsini danışdı: "Özüm də gəncliyimdə idmanla məşğul olmaq istəmişəm, az müddət güləşlə məşğul olmuşam. Lakin həmişə oğullarım olarsa, idmana göndərərəm arzusu ilə yaşamışam. Ayxanın karateçi olması qardaşı Rəcəbin bu idman növünə yazılması ilə başladı. Brus Lini televiziyada gördükləri zaman Rəcəbin 8, Ayxanın isə 7 yaşı var idi. Uşaqlar karateyə getmək istədilər. Günlərin biri kirvəmiz mənə Bakıxanov qəsəbəsində karate məktəbinin fəaliyyət göstərdiyini və uşaqları ora aparmağımı məsləhət gördü. Mən uşaqların qismətdən ilk məşqçisi Şahin Xudaverdiyev (indi karate üzrə yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi) oldu. Ondan çox razıyam, nə yaxşı ki, ilk məşqçisi Ş.Xudaverdiyev oldu. Çünki onun məşqçidən əlavə bizim uşaqların, xüsusilə də Ayxanın üzərində böyük əməyi var. Ona görə ki, o zamanlar maddi imkanımız yaxşı deyildi. Bu səbəbdən yalnız Rəcəbi məşqlərə göndərdim. Ayxan isə bizimlə gedib məşqlərə baxırdı və yerində müəyyən karate hərəkətləri etməyə çalışırdı. Şahin müəllim Ayxanın belə aktivliyini görüb onu da təmənnasız olaraq məşqlərə cəlb etdi. İki uşağın yerinə birinin pulunu ödəməyə gücümüz çatırdı. 3-4 aydan sonra məşqçi uşaqlar da karateçi kimi potensialın olduğunu əsas gətirərək davam etmələrini istədi və razılaşdım. Sonradan Rəcəb Bakı şəhəri üzrə, Ayxan isə klublar arası üçüncü yerə çıxdılar”.

"Rəcəb Ayxandan da güclü idmançı idi”
Ayxanın atası digər oğlunun Ayxandan da çox güclü idmançı olduğunu deyir: "O, 14 yaşında Azərbaycan çempionu olmuşdu. Lakin 16-17 yaşlarında Rəcəb ürəyindəki problemlə bağlı karateni buraxdı”.
Paşa müəllimin sözlərinə görə, kiçik oğlu Ayxanın onun yolunu davam etməsini istəyib: "Mən Memarlıq və İnşaat Universitetinin İnşaat mühəndisliyini bitirmişəm. Onun da mühəndis olmasını istəyirdim, qismət. Buna da şükürlər olsun.
Ayxan 17 il boyunca gecə-gündüz təhsili ilə bərabər karate ilə də güclü məşğul oldu. Bakı Dövlət Universitetini bitirdi. Abel müəllimə də təşəkkürümü bildirirəm ki, oğluma xüsusi diqqət yetirib, öz dəstəyini əsirgəməyib. BDU-da oxuduğu müddətdə Abel müəllim Ayxanı yanına çağırıb nə kimi çətinliyi olduğunu da ona bildirməyini söyləyib. Bununla yanaşı, Ayxan bir dəfə dostunun ad günü adı ilə əməliyyata gedib. Bizim isə məlumatımız olmayıb. Sabahısı gün dostları onu evə gətirəndə xəbərimiz oldu. Ümumiyyətlə, Ayxan yer tutmasaydı belə, ona heç bir xoşagəlməz söz deməzdim. Elə zamanlar olub, oğlum yarışlarda heç yer tutmayıb”.
Daha sonra evin böyüyünün icazəsi (Paşa müəllim gülümsəyir) ilə anası Səfiyyə xanımın fikirlərini aldıq. Səfiyyə xanım ali təhsilini ailəsinə fəda edib. Belə ki, Səfiyyə xanım ailə qurduqdan və Rəcəb və Ayxan dünyaya gəldikdən sonra təhsilini yarımçıq qoyub. Hazırda tikiş otelyesində dərzi olaraq çalışır. Lakin onun atası uzun illər Qarabağ döyüşlərində vuruşub, hazırda Daxili İşlər Nazirliyində yüksək vəzifədə çalışır. Səfiyyə xanım idmançı anası kimi övladına hər zaman dəstək olub, Ayxanı idmandan ayırmayıb. Hətta 13-14 yaşlarına qədər Ayxan və Rəcəbi məşqlərə özü aparıb-gətirib: "Oğlumun belə bir qələbə qazanmasına çox sevinirəm. Düzdür, nəzərə gəlməsindən narahatam. Çünki bütün diqqət indi onun üzərindədir”.
Anası oğlu haqqında bizə bir neçə səmimi etiraflar da etdi: "Ayxan bir neçə dəfə karateni buraxmaq istəyəndə mən razı olmadım. O zaman atası ilə mən dedim ki, get Şahin Xudaverdiyevin və Rəhman Hətəmovun sənin üzərində çəkdiyi əziyyəti qaytar. Çünki Ayxan stimullaşdırıcı nə isə gözləyirdi, bəzi hallarda bu olmayanda küsürdü. Ancaq son illər ölkə prezidenti cənab İlham Əliyevin və ölkənin birinci xanım Mehriban Xanım Əliyevanın xüsusi diqqəti və qayğıları sayəsində idmançılarımızda bir ruh yüksəkliyi yarandı. Hətta o zaman aylıq iki şirvan məşq pulunu da verə bilmirdik. İndi Allah şükürlər, hər şey yaxşıdı”.
Anası sonradan bizə A.Mamayevin uşaqlıq şəkillərini göstərməyi də unutmur. Sanki uşaqlıq yaşlarındakı Ayxanla indiki Ayxan eyni deyil. Ona görə ki, Ayxan uşaqlıq şəkillərində çox kök olub”.
Daha sonra qapı döyülür, bir-bir Ayxanın ən yaxın dostları Rüstəm, Ceyhun və Asiman gəlir, onu bir daha təbrik edirlər. Bu əsnada bizlər də onların Ayxan haqqında söylədiklərini qeyd edirik. Rüstəm bildirir ki, AO qalibi ilə 13-14 ildir dostluq edir. Onunla məşq zalında tanış olub. Ceyhun da dostunun qalibiyyətinə çox sevinir. Ceyhunun dediyinə inansaq, dörd dost olaraq biri-birlərinin arasında heç bir zaman ciddi narazılıq yaşanmayıb. Digər dost Asiman isə hətta karateçilər olaraq uşaqlıqda küçə döyüşlərində bu idman növündən istifadə etdiklərini də söylədi. Dostlarının danışdıqlarından belə anlamaq olar ki, dostları ona özləri qədər inanırlar. Gələcəkdə övladlarına karateni öyrənmək üçün Ayxanın yanına göndərəcəklərini belə düşünürlər. Ümumilikdə Ayxanın çox aşırı sakit olmağından gileyləndi: "Elə yerlər var ki, orada reaksiyanı bildirməlisən, Ayxan isə cavab verməyib. Çox səmimi və səbrli insandır”.
Bu zaman kənardan Paşa müəllim dostlara öz tövsiyələrini verir: "Çalışın əsl dostluğu və biri-birinizə güzəştə getməyi bacarın. Əks təqdirdə, biri-birinizin yolunuzda mane olmayın. Ümumilikdə dostlarından çox razıyam”.
Söhbətimiz zamanı gənc idmançıya gözləmədiyi sualı veririk.
Karateçi və yaxud idmançı xanımla ailə həyatı qurardınızmı? Ayxan sussa da, bu dəfə cavablar valideynlərindən gəldi:
Paşa müəllim, "əlbəttə, razı olaram” - deyir, ancaq anası "qətiyyən razı olmazdım” deyə əlavə edir.
Nəhayət, Ayxandan gələcək planları barədə açıqlama aldıq: "Karyeram hələ bitməyib. Qarşıdakı məqsədim Karate Olimpiya Oyunlarına salınsa, burada da iştirak etməkdir. Yenə də dayanmdan çalışaraq məşq edəcəm. Nə qədər gücüm var, Azərbaycanımı təmsil edəcəm və bayrağını ucalara qaldıracam. Karyeramı başa vurduqdan sonra isə məşqçi kimi çalışmağı düşünürəm”.

Karateçimiz indiyənə qədər müxtəlif yarışlarda  19-dan çox medal qazanıb. 

Onun sözlərinə görə, Avropa Oyunlarının qalibi olmazdan öncə salamını almayanlar indi özləri ona salam verirlər: " Bəzilərini heç tanımıram, sosial şəbəkələr vasitəsilə dostluq göndərirlər. Bəzi qonşularımız mənimlə ünsiyyət qurmurdular. Qalib olduqdan sonra özləri gəlib məni təbrik edirlər”.

İdmançımız ona veriləcək məbləği nəyə istifadə edəcəyini də açıqlayıb: "Mənə veriləcək 100000 manatın bir hissəsinə ailəm üçün ev alacam. Ailəmə maddi dəstək olacam. Dostlarımla yarışlar başa çatdıqdan sonra Ukrayna və ya Türkiyə kimi ölkələrə istirahətə gedəcəm. Hansı ölkəyə gedəcəyimi hələ dəqiqləşdirməmişəm. Cənab Prezident İlham Əliyevə və Federasiya rəhbərliyinə, məşqçilər heyətinə, bir sözlə, hamıya, sizlərə də öz dərin təşəkkürümü bildirirəm. Cənab Prezidentin medalı boynumdan asmağını çox istərdim. Ümidvaram, növbəti yarışlarda da bu arzuma çatacam”.
Vüqar