“Cərimə problemdən çıxış yolu deyil”

“Dərsdən yayınma müşahidə olunursa, bunun səbəbkarı uşaqlar deyil, məktəbdir”



Azərbaycanda orta məktəb dərslərindən yayınan şagirdlərin valideynləri cərimələnəcəklər. Bu məsələ İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişikliklər layihəsində nəzərdə tutulur.

Məcəlləyə təklif olunan dəyişiklik dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu ilə Dini qurumlar və ictimai birliklər komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb. Yeniliyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən 1 ay ərzində 7 gündən çox buraxılmasına görə 100 manat miqdarında cərimə tətbiq edilir.

Dəyişikliyə münasibət bildirən təhsil eksperti Şahlar Əsgərov "Şərq”ə söyləyib ki, ilk növbədə şagirdlərin dərsdən yayınma səbəbləri araşdırılmalıdır: "Dərsdən yayınma müşahidə olunursa, bunun səbəbkarı uşaqlar deyil, məktəbdir. Məktəbdə şagirdlərə qarşı elə münasibət olmalı, elə formada dərs keçilməlidir ki, uşaqlar böyük həvəslə gəlsinlər”.

Ekspertin sözlərinə görə, cərimə uşaqların təhsilə cəlb olunmasından çox, onların dərsdən yayınmalarına səbəb ola bilər: "Nəzərə alsaq ki, şagirdlər heç yerdə işləmirlər, o halda, onlar bu cəriməni necə ödəməlidirlər? Məlum məsələdir ki, həmin cəriməni ödəmək valideynin üzərinə
düşəcək. O zaman bu, şagirdlərin deyil, valideynlərin cərimələnməsi olacaq. Bunun müxtəlif fəsadları ola bilər. Düşünürəm ki, cərimə problemdən çıxış yolu deyil”.

Ayyət Əhməd