Ceyhun bəy Hacıbəyli fenomeni
Bu, böyük fikir insanının 125 yaşı “tamam oldu”
Azərbaycanın ədəbi-mədəni, mətbu, ictimai-siyasi həyatında parlaq iz qoyan, lakin sovet rejiminin və bolşevik ideologiyasının mövcud olduğu illərdə irsi, şəxsiyyəti unutdurulmağa cəhd edilən yazıçı-publisist, tərcüməçi, naşir, redaktor, folklorşünas, sovetoloq, diplomat, ictimai xadim, Azərbaycanın istiqlal mücahidi, mühacirətin fəal üzvlərindən və təşkilatçılarından biri Ceyhun Hacıbəyli xalqımızın tarixində və taleyində intibah dövrü kimi dəyərləndirilən XX əsrin əvvəllərində yetişən görkəmli xadimlərlə bir sırada durur.
Ömrünün ən gözəl çağlarını Vətəndən qürbətdə keçirməyə məhkum olan və elə qürbətdə də canını tapşıran Ceyhun bəy hərtərəfli istedada, zəngin bilik və bacarığa malik insan olub. Ceyhun Hacıbəyli 1891-ci ildə fevralın 3-də Şuşa şəhərində anadan olub. Orta təhsilini Şuşa və Bakının realnı məktəblərində alıb, sonra Peterburq Universitetinə daxil olaraq hüquq fakültəsini bitirib. Daha sonra o, Parisin Sorbonna Universitetində Ali Texniki Məktəbdə oxuyub. Onun haqqında ensiklopedik məlumat çox qısadır.
C.Hacıbəylinin yaradıcılığı geniş tədqiq olunmayıb, mühacirətə qədərki əsərləri, sadəcə qəzet səhifələrində qalmaqdadı. Ceyhun Hacıbəyli Şuşada realnı məktəbdə - Haşım bəy Vəzirovun müdir olduğu ikisinifli rus-müsəlman məktəbində, Bakıda ilk, Peterburq və Parisdə ali təhsilə yiyələndikdən sonra hələ 15-16 yaşlarından başladığı mətbu fəaliyyətini daha da genişləndirib. "İttihad” (1917), eləcə də "Kaspi”nin əlavəsi kimi çıxan "İzvestiya” qəzetlərinə redaktorluq edən C.Hacıbəyli "İrşad”, "Proqres”, "Tərəqqi”, "Kaspi”, "Baku” kimi qəzetlərə məqalə, felyeton və hekayələr yazıb. C.Hacıbəyli 1907-ci ilin sonlarında "İslamiyyə” mehmanxanasında "Leyli və Məcnun” operasının tamaşasına səylə hazırlaşıb, bu işdə qardaşı Üzeyir bəyə yaxından kömək göstərib, 1908-ci il yanvar ayının 12-də, Tağıyev teatrında operanın ilk tamaşasında İbn Səlam rolunu ifa edib. Bu vaxt o, Əlibəy Hüseynzadənin müdir olduğu "Səadət” məktəbində qardaşı Üzeyir bəylə birlikdə müəllim kimi fəaliyyət göstərirdi. Elə həmin il - 1908-ci ildə ali təhsil üçün Peterburq Universitetinə, bir il sonra - 1909-cu ildə Sorbonna Universitetinə daxil olub. Yeri gəlmişkən, Ceyhun bəy Parisdən Bakı qəzetləri üçün məqalələr göndərib. Onun XX əsrin ikinci onilliyindəki Bakı fəaliyyəti daha çox mühərrirlik, maarifçilik və müəllimliklə bağlıdır. Bakıda müəllimlərin birinci qurultayının keçirilməsi və tədbirin proqramının hazırlanması məqsədilə yaradılan komissiyada o, fəal iş aparıb. C.Hacıbəyli Birinci Dünya müharibəsi ərəfəsində Bakıya pənah gətirən Qars qaçqınlarına yardım etmək məqsədilə keçirilən xeyriyyə tədbirlərində də fəal iştirak edib. 1918-ci ilin avqustunda Ceyhun Hacıbəyli Gəncəyə gəlir və yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilə sıx təmasa girib. Hökumət təmsilçisi Nəsib bəy Yusifbəyli ona və Şəfi bəy Rüstəmbəyliyə rəsmi "Azərbaycan” qəzetinin nəşrə başlamağını təklif edib. C.Hacıbəyli bu işə böyük məmnunluqla razılıq verir və az vaxtdan sonra - sentyabrın 15-də onun redaktorluğu ilə "Azərbaycan”ın ilk nömrəsi işıq üzü görür və o, ümumilikdə 443 nömrəsi çıxan qəzetin 88 nömrəsinə redaktorluq edib. Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk rəsmi gündəlik türk və rus dillərində buraxılan ictimai, siyasi və iqtisadi qəzetinə müxtəlif vaxtlarda Şəfi bəy Rüstəmbəyli, Üzeyir bəy Hacıbəyli və Xəlil İbrahim də redaktorluq ediblər. "Azərbaycan” qəzeti Azərbaycan Xalq Cümhuriyyətinin o dövrdə düşünən beyni, döyünən qəlbi, vuran nəbzi, görən gözü idi və qəzetin ən fəal əməkdaşlarından birinin - Yusif Vəzirin bütün zamanlar üçün məqbul sayılacaq " ...Bu gün basılan kitablar kəsilən pullardan qiymətlidir” kəlamı, digər nəşrlərin, o cümlədən "Azərbaycan” qəzetinin də tarixi əhəmiyyətini dəqiq və sərrast ifadə edir. "Azərbaycan” qəzeti Azərbaycan tarixinin ən parlaq dövrünü yaşadan salnamədir, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin ən etibarlı, ən obyektiv, ən mötəbər mənbəyi, məxəzidir. Bu salnaməyə, bu tarixə Məhəmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli, Yusif Vəzir Çəmənzəminli, Seyid Hüseyn, Mirzə Bala Məhəmmədzadə, Adil Xan Ziyadxanov, Fərhad Ağazadə, Əhməd Cavad, Şəfi bəy Rüstəmbəyli, Xəlil İbrahim, Cəfər Cabbarlı, Əlabbas Müznib, Hacı İbrahim Qasımov... kimi qüdrətli kəlam və qələm sahibləri ilə yanaşı, C.Hacıbəyli də imza atıb. Qəzetdə dərc etdirdiyi yazılar Ceyhun bəyin nə qədər mahir, istedadlı və uzaqgörən publisist olduğuna dəlalət edir. Qırmızı imperiya təhlükəsinin real olduğunu dərk etsə də, Bakının erməni-bolşevik quldurlarından azad olunması münasibətilə "Tarixi gün” adlı məqaləsində Ceyhun bəy yazıb: "15 Sentyabr bütün türk və islam aləminin ən səadətli və şövkətli günlərində nədd olunacağı (sayılacağı) şübhəsizdir. Haman gün türk və islam tarixinə zərin (qızılı, zərli) bir səhifə işğal edəcəkdir” ("Azərbaycan” qəzeti, №5, 3 oktyabr 1918). Tarix C.Hacıbəyli qələminin qüdrətini təsdiq edib...
1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Versal (Paris) Sülh Konfransında iştirak etmək üçün Fransaya göndərdiyi nümayəndə heyətinin tərkibində C.Hacıbəyli də olub. Nümayəndə heyətinin məsul katibi təyin olunan C.Hacıbəyli redaktoru olduğu qəzetin 1919-cu il 9 yanvar tarixli 83-cü nömrəsində "Möhtərəm oxucularımıza” adlı müraciətində yazıb: "Vətən və millət yolunda əlimdən gələn xidməti və öhdəmə düşən vəzifəmi qəzetimizin müdiri sifəti ilə ifaya məşğul ikən vətən övladlarının xahiş və əmrinə müti olaraq Cahan Sülh Konfransına göndərilməklə üzərimə daha ağır və məsuliyyətli, lakin müqəddəs bir vəzifə düşdü. Bu böyük xidməti möhtərəm yoldaşlarım ilə bərabər ifa üçün Avropaya getmək lazım olduğuna görə qəzet idarəsi işindən müvəqqəti olaraq ayrılıb əziz vətənimizin istiqlalı məsələsinin istədiyimiz yoldakı həlli-hüsn ifasından asılı olan məsul vəzifəmizin haqqında var qüvvəmizlə çalışacağımızı əlavə etməyi və möhtərəm oxucularımıza kamali-sidq və səmimiyyət ilə xudahafiz deməyi özümə fərz bildim”.
Bu məsul və şərəfli vəzifə ona 1920-ci ildə süquta uğrayan Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin son tapşırığı idi. Ceyhun bəy bir daha vətənə qayıda bilməsə də, Azərbaycana vəfat edənədək xidmət edib: son nəfəsinədək Azərbaycanla yaşayıb, onun istiqlalı uğrunda ideoloji mücadilə aparıb, ölkəmizin mədəniyyətini xaricdə təbliğ edib, onun mötəbər, xoşməramlı və fədakar təmsilçisi olub. Azərbaycan Xalq Cümhuriyyətinin dünya dövlətləri tərəfindən tanınması üçün əsl fədakarlıq nümunəsi göstərən nümayəndə heyəti 1920-ci ilin mayınadək "Azərbaycan” adlı bülleten (cəmi 12 nömrə), fransız dilində Azərbaycanın rəngli coğrafi xəritəsini, üç kitab ("Qafqaz Azərbaycan Respublikası”, "Azərbaycanın iqtisadi və maliyyə vəziyyəti”, "Azərbaycan Respublikası əhalisinin antropoloji və etnik tərkibi”) nəşr ediblər. C.Hacıbəylinin 1919-cu ilin sonunda "Revyudömond musulman” jurnalında irihəcmli "İlk müsəlman respublikası” adlı əsəri, "Letemps” qəzetinə müsahibəsi (20 noyabr 1920) böyük maraq doğurub. 1925-ci ildə C.Hacıbəylinin təşəbbüsü və tərcüməsi ilə "Arşın mal alan” operettası səhnədə oynanılıb. Bir il sonra "Revyudömond musulman” jurnalının 3-cü nömrəsində dərc etdirdiyi "Azərbaycan teatrı” adlı məqaləsində Hüseyn Cavid və Cəfər Cabbarlı yaradıcılığından bəhs edilib. Bu jurnalla sıx əməkdaşlıq edən C.Hacıbəyli həmin nəşrdə 1918-ci ildə ermənilərin Bakıda, Şamaxıda, Kürdəmirdə, Xaçmazda törətdikləri vəhşiliklər barədə irihəcmli məqalə də dərc etdirib. 1926-cı ildə Ceyhun bəyin redaktorluğu ilə mühacirətdə fransız dilində "Azərbaycan” jurnalı nəşrə başlayıb.
1925-ci ildə "Sosiete Asiatique” cəmiyyətinin "Journal Asiatque” məcmuəsində C.Hacıbəylinin "XVIII əsrin əvvəllərinin Azərbaycan tarixçisi Abbas Qulu Ağa Bakıxanov”, 1933-cü ildə həmin nəşrdə "Qarabağ dialekti və folkloru (Qafqaz Azərbaycanı)” (əsər 1934-cü ildə Parisdə kitab
halında da nəşr edilmişdir), 1930-cu ildə Londonda "Asiatic Revie” məcmuəsində "Azərbaycan mətbuat tarixi” məqalələri dərc edilib. C.Hacıbəylinin mühacirət dövrünün araşdırıcısı Mirzəbala Əmrahovun fikrincə, C.Hacıbəyli "Kavkaz” jurnalının fransız nəşrinin redaktoru olub, mühacir Qafqaz mətbuatı ilə fəal əməkdaşlıq edən, "La Revue dömonde musulman”, "Lebülletin dölomote France-Orient”, "La Revue Contemporaine”, "La Revue Politique et Parlamentarie”, "La Revuedes Jeunes”, "Le Fiqaro” və bu kimi mətbu orqanlarla birgə işləmiş, bir neçə il məşhur "La Revue de deux Mondes” fransız jurnalının əməkdaşı olub. Həmin jurnalın 1934-cü ilin ilk nömrəsində (yanvar) Ceyhun bəyin çox maraqlı "SSRİ-də ziyalılar” məqaləsi dərc edilib.
İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar mühacirlərin fəaliyyətinə bir durğunluq hakim kəsilir. Müharibə bitdikdən bir müddət sonra onların fəaliyyəti yenidən canlanır - dərnəklər fəaliyyətə başlayır, jurnallar nəşr edilir. Ankaradakı Azərbaycan Kültür və Dayanışma Dərnəyi, onun orqanı, "Azərbaycan” jurnalı və Münhendəki Azərbaycan Milli Birlik Məclisi, onun iki dildə (Azərbaycan, rus) nəşr olunan "Azərbaycan” jurnalı xüsusi fəallıq göstərir. Bu dərnəklər, ümumiyyətlə, mühacirətin Türkiyə və Avropa qanadları arasında bir sıra ciddi ixtilaflar olsa da (admiral Kerkin rəhbərlik etdiyi "Amerika Komitəsi” və rus mühacirləri ilə əməkdaşlıq məsələləri və s. kimi problemlərə görə), onların əsas ideyası, məqsədi Azərbaycanın istiqlalı məsələsi olub və hər iki düşərgə bu müqəddəs amal uğrunda mücadilə edib.
(davamı olacaq...)
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb